Yazıq prezident…

Başında çox ucuz materialdan tikilmiş “norka” tipli qəhvəyi papaq vardı. Üzünü tərk etməyən günahkar və utancaq təbəssümdən ağzının sol yanında iki qızıl diş görsənirdi. Bəlkə mənim kimi o da keramikaya gücü çatmadığından titan koronka qoydurmuşdu? Ancaq yox, onunku xalis qızıl idi, yəqin əski çağlarda kolxozdan aldığı əməkgününə forslanıb qızıl diş qoydurmuşdu. O zamanlar forslanmağın iki-üç yolundan biriydi – sağlam dişə qızıl köynək geydirərdilər ki, güləndə görünsün. Kasıb itinin adını Gümüş qoyduğu kimi.
Yeri dəqiq seçmişdi. Cəfər Cabbarlı. “Nizami” metrosuna düşən küçə. Daim tıxac. Avtomobillər bir ayaq-bir ayaq gedir, tez-tez durub nəfəs dərir, elə bu vaxt da o, maşınlara yanaşıb üzündə həmin kədərli təbəssüm qızara-qızara deyir: “Yardım edin…”.
Zamanında yoxsulluqdan çox acılar, çox çilələr çəkmiş dostumun çox da bahalı maşınındaydıq. Dostum dərhal acıqlandı: “Niyə?”. Adamın üzündəki gülüş itmədi, bəlkə bir az da artdı, bir az da qırmızıya boyandı və sanki sualdan bir az çaşdı; əslində sual onun kimi mənə də çatmamışdı. Dostum, “niyə də, niyə,- deyirəm”, soruşdu, artıq tər tökən həmin gülüşdən sinirlənib, səsini bir az da qaldırdı: “Ay bədbəxt müsəlman, deyirəm ki, niyə yardım istəyirsən, səbəbini de”.
Onun görkəmində dilənçiliyə uyğun heç nə yox idi. Rayondan Bakıya iş dalınca baş alıb gələndə nə qədər səliqəli geyinmək mümkünsə elə geyinmişdi. Bölgələrdə bu geyimə “toy paltarı” deyirlər. Icra Hakimiyyətinə-filana şikayətə gedəndə də bu paltarı geyinirlər, Bakıya, tikintiyə iş tapmaq ümidiylə gələndə də, xərçəng mücdəsini almaq üçün yola düşdükləri Bakı, ya Iran xəstəxanalarına da… Bir də son kərə əməliyyat otağına, qəssabxanaya gedəndə əyinlərindən çıxarılır. Bir də geyməmək şərtilə… Yox, o, dilənçi, ya sərxoşluğa mübtəla olmuş biri deyildi. Azı iki qızıl dişi vardı. Yazıq üzündə qan həniri hiss olunurdu. Görünür, cəhənnəmin dibindən də olsa, arvadı bir şey tapıb ağzına dürtür, evin tək dirəyini həyatda saxlamaq istəyir.
Bir yandan da bahalı maşının vahiməsi basmışdı yazığı. Məsələn, mən bahalı dükanlara girməyə qorxuram. Elə bilirəm, dərhal deyəcəklər: “Sənin nə itin azıb burda?!!”. Hə, elə maşın gördünmü, deyirsən yəqin ki, onlardandı. Adamı öldürüb qanını batıranlardan. Üstəgəl dostumun əsəbi sualı. Ağalar acıqlı və səbirsiz olurlar axı. Onları əsəbiləşdirmək olmaz. Nə biləsən, bəlkə də mülki geyimdə polis, ya da MTN işçisidi. Bəlkə də Korrupsiyaya qarşı mübarizə idarəsindən. Korrupsiya üstündə basar, əlli-ayaqlı gedərsən. O gün bir rəis köməkçisinin qapısının üstündə gördüyüm bildiriş kimi: “Əsəbiləşdirmək qadağandır!!!”.
Ümidini üzmüş şəkildə dedi: “Beş aydı ”stroykada” işləyirəm, cibimdə olan da getdi, axır “prorab” dedi ki, cəhənnəm olun, pul yoxdu…”. Gözüm dostumun kreditə aldığı maşının barında toplanmış qəpiklərə sataşdı. Cibində olmayanda olmur da, neynəyəsən. Oğru kimi əlimi bara uzatdım, hardasa 70 qəpiyi barmaqlarıma yapışdırıb dostuma ötürdüm, o da qəpiklərə çəpəki bir nəzər salıb, yəqin ki, saydı, tərəddüd içində adama uzatdı. Bilmirəm azlığına görə utanırdı, ya çox deyə pis oldu. Düşünürdüm ki, bu sorğu-sualdan sonra adam qüruruna dostumun əlini geri qaytaracaq, ancaq qaytarmadı. Ağaların əlini geri qaytarmaq olmaz! Öz cibimdə siçan oynaya-oynaya mən o 70 qəpiyə görə ölüb yerə girdim. Utanmır, 70 minlik maşında oturub 70 qəpik verir…
Geri dönəndə avtobusdaydım. Iki ağbirçək qadın çox səmimi söhbət eləyirdi: “Az, prezident təkdi də yazıq, atası yox, qardaşı yox, nazirlər bir yana çəkir, uşaqları bir yana. Binəva bilmir neynəsin. Adamın yazığı gəlir…”.