Yavaşlaya-yavaşlaya Vircin adalarına da gedib çıxdılar…

Müasir Türkiyə türkcəsi dilimizə nə qədər yaxın olsa da, bəzi sözlər və ifadələr qarşılıqlı anlaşılmazlığa, bəzən isə pərtliyə gətirib çıxarır. Biz onlara daha yaxşı anlasınlar deyə, yaxud da qardaş türklər bizə xoş olsun deyə, bir az “dərinə” gedəndə belə hallar yaşanır. Xoş niyyətlə deyilən ifadə bəzən qəzəbləndirir, yaxud da əksinə, incikliyi bildirən ifadəni isə, məmnunluqla (!) qarşılayırıq. Məsələn, biz gündəlik həyatda, mediada “yaraq” sözündən bol-bol istifadə edirik, məsələn, “erməni yaraqlıları”, filankəsin yaraqdaşları (silahdaşları) və s. Silah sözünün sinonimini qardaş türklərin, xüsusilə xanımlarının yanında işlətmək bağışlanılmaz qəbahətdir. Eləcə də “beçə” posmodernistlərimizin və “aşna” müğənnilərimizin tez-tez işlətdiyi “sevişmək” ifadəsi də “yaraq”dan geri qalmır. Bəri başdan deyim ki, hər iki ifadə türklərdə qeyri-ictimai ifadə sayılır, o səbəbdən sadəcə silah və sevmək daha məqsədəuyğundur.
Yavaş-yavaş gələk məhşur “yavaşlayın” ifadəsinə… Bəri başdan deyim ki, bu da sırf türk ifadəsidir, ikibaşlı-filan da deyil, əksər hallarda sırf “sürəti azaldın” anlamına gəlir. Yadınızdadırsa, Ilham Əliyev çıxışlarının birində xarici həmkarlarının ona “çox sürətlə gedirsiniz, bir az yavaşlayın” deməsini xüsusi bir qürur hissi ilə bəyan etmişdi…
Çox güman ki, prezidentə deyilən bu ifadə ya Rəcəb Tayyib Ərdoğana məxsusdur, ya da Abdulla Gülə. Nə isə, keçək mətləbə…
Məsələ burasındadır ki, bu söz nə iqtisadi, nə də siyasi termindir, Türkiyədə buna uyarı, bizim dildə desək, son xəbərdarlıq deyirlər. Yəni vətəndaşları irəlidə baş verə biləcək qəzadan hali etmək üçün işlədilir. Qırmızı hərflərlə “Yavaşlayın” yazılmış yol nişanları irəlidəki sürət qatarların keçidinə, qəflətən şüşə kimi asfalt yolun qurtarmasına, kəskin viraja, uçuruma işarədir. Yəni bir “Qurdlar vadisi pusu”dakı məhşur “demədi demə, Ibrahim” məsəli…
Azərbaycan prezidentinin və ona yaxın iri məmurların xaricdəki offşor zonalardakı milyardlıq şirkətləri haqda məlumatlar davamlı olaraq dünya mediasının manşetlərini bəzədikcə, “yavaşlama” nəsihətinin əsl mahiyyəti də üzə çıxır.
Bəli, məlum oldu ki, Atlantik okeanının bu kiçik cənnətində, yəni Virciniya adalarında da bizim möhtərəmin milyardlarla sərvəti var…
Şirkətlərin idarə edilməsi isə “Azərsun” şirkətinin prezidenti Abdülbari Gözəlin qardaşı Həsən Gözələ tapşırılıb. Mənim bu mövzuyla əlaqədar “dərinə” getmək niyyətim yoxdur, çünki bu istər dünya mətbuatında, istərsə də yerli mətbuatda geniş işıqlandırılıb. Sadəcə bir neçə maraqlı məqamı oxucularla bölüşmək istəyirəm.
Prezidentin mətbuat xidməti ilk dəfə təcili reaksiya verdi. Yəni dedilər ki, bu şirkətlər göstərildiyi kimi, prezident və onun ailəsinə məxsusdur. Bu çox ciddi hadisədir, mən deyərdim ki, korrupsiyanın etirafıdır. Rejim artıq xaricdəki sərvətləri haqda narahat olmağa başlayıb, onu itirəcəyindən çox qorxur. Çünki məbləğ çox başgicəlləndiricidir və bir ailənin bu qədər sərvəti leqal iş dünyasında qazanması üçün əsrlər belə bəs etməz. Bax prezidentə edilən əsrarəngiz “yavaşlayın” təklifinin sirri də elə burdan qaynaqlanır.
“Azərsun” sözçüsü isə, Virciniya açıqlaması ilə həftəyə damğasını vurdu. Məsələnin mahiyyətindən qətiyyən heç nə anlamayan “qardaş” prezident sözçüsünü də yalançı çıxardı: “Mən təəssüf edirəm ki, Mətbuat Şurasının reket jurnalistikaya qarşı mübarizə aparmağına baxmayaraq, onların səlahiyyətləri Azərbaycandan kənarda tanınmır. Kaş ki, dünyada buna oxşar belə bir qurum olardı və beynəlxalq reket jurnalistlərin fəaliyyətinə qiymət verərdi” (xalis YAP arzusu!!!).
“Qardaş”ın məntiqindən belə çıxır ki, mən ona “niyə ”Azərsun” şirkətinin istehsal etdiyi günəbaxan yağlarından… günəbaxan iyi gəlmir” sualı ilə müraciət etsəm, avtomatik Amaşovun siyahısına düşəcəm…
…Hərdən adamın ABŞ prezidenti Obamaya ürəyi yanır. Dünyanın fövqəldövlətinə başçılıq edəsən, illər öncə kreditlə aldığın 35 min dollarlıq “Kraysler”ə görə səni məhşər ayağına çəkələr ki, “o vaxt benzin çox yeyən maşını niyə almışdın?”. Maşını satandan sonra onu alan adam səndən əl çəkməyə ki, reytinqin nə vaxt qalxacaq ki, bu maşını yaxşı qiymətə satıb, qabağa düşüm…
Hələ bu harasıdır, mətbuatda diktatorların sərvəti haqqında oxuyan qızlarının “Ata bəs deyirdin, dünyanın ən böyüyü mənəm” sualını da bura əlavə etsək, Obamaya adamın lap yazığı gəlir…
Mətbuat Şuran və “Azərsun”un sözçüsü kimi kadrın yoxdursa, günah özündədir, Barak…