Biz hansı sistemin idarəçiliyində yaşadığımızı gözəl bilirik. Avtoritar sistemlərdə ədalətsizlik, rüşvət, şər-böhtan insanların cinsinə, dini görüşünə görə tətbiq edilmir.
Əgər ölkədə korrupsiya dövlət siyasətidirsə, deməli, hər bir insan bu sistemdən “pay”ını ala bilər.
Ancaq bizim ölkədə bəzi adamlar peyda olub ki, dindar kəsimi müdafiə etməyi, dindarların həbsini ictimailəşdirməyi yanlış sayır.
Hətta adını yazıçı qoyub, ölkədən qaçmış birisi də “Nardarandakı həbsləri alqışlamaq lazımdır” deyir. Mənim üçün radikal dindar yox, bu cür “intellektual”lar daha təhlükəlidir.
Axı bu dindarlar kimdir?
Sənin atan, mənim qardaşım, onun oğlu…
Insan dindardırsa, Allah əmrlərin yerinə yetirirsə, niyə təhlükəli olmalıdır?
20 ildir bu ölkəni dinsizlər idarə edir. Bəs niyə ədalət bərqərar olmur?
Allaha səcdə edən dindar təhlükəlidir, yoxsa pula səcdə edən məmur?
Bu ölkədə indiyə qədər hansı dindar demokratiyaya gedən yolun qarşısına sədd çəkib?
Mən bu cür təxribatçı fikirləri ortaya atan adamların qorxaqlığını hiss edirəm.
Ən böyük təhlükə mövcud sistem olduğu halda, hansısa dindarı müzakirəyə çıxarmaq hakimiyyətə nəfəs verməkdən başqa bir şey deyil.
Necə olur ki, qaniçən bir rejimi tənqid etmək lazım olanda girməyə deşik axtaranlar, dindən söhbət düşəndə pələngə çevrilirlər.
Həbsxanalarda dindar insanlar var ki, dəmir barmaqlıqlar arasında da rejimi ifşa etməklə məşğuldu. Özünü intellektual adlandıranları isə nə meydanda, nə də kəskin tənqiddə görə bilirik.
Bizim demokratik, modern adlandırdığımız Avropada, Amerikada dindən imtinamı ediblər. Bu ölkələrin rəhbərləri hər həftə kilsəyə dua etməyə getmirlərmi?
Hansısa axundun cibindən narkotik çıxmasının da, hansısa dindarın evində şərab olmasının da dinə aidiyyəti yoxdur. Ölkədə kifayət qədər yazar var ki, rejimə məddahlıq etməklə məşğuldu. Indi buna görə ədəbiyyatı “yaltaqlıq elmi” adlandırmaq düzgündürmü?
Bu ölkədə din qorxusu, dindar təxribatı deyilən bir şey yoxdur.
Haqsız yerə həbs olunan hər kəs müdafiə olunmalıdır.
Din, azadlıq uğrunda mübarizə aparmağa maneçilik törətmir. Bunun əksini iddia edənlər isə, ümumiyyətlə, dindən xəbərsiz olanlardı.
Bu gün ölkədə siyasətlə məşğul olan kifayət qədər insan var ki, ibadət əhlidir. Və bütün həyatlarını zülmlə mübarizəyə həsr ediblər.
Bəzi “ağıllıların” oturub-durub din təhlükəsindən danışmasını başa düşə bilmirəm.
Guya bu ölkədə avtoritar sistemin qurulmasını dindarlar həyata keçirib.
Əsl təhlükədən danışın, 20 ildir bizi ağuşuna almış təhlükədən.
Deyəcəyim budur ki, təhlükə gələn yeri gizlədib, təhlükəsiz yerdən qorxmayın.
Dindarların səhvi
Yuxarıda yazdıqlarımla yanaşı, dindar kəsimi tənqid etmək üçün də səbəblərim var. Bizim ölkədə dindar kəsimin böyük əksəriyyəti, namazla, orucla vəzifəsini bitmiş sayır. Əgər bu kifayət etsəydi, Imam Hüseyn 72 nəfərlə 30 minlik ordunun qarşısına çıxıb şəhid olmazdı. Axı din “Allah səbr edənlərlədi” ayəsinin arxasında gizlənmək üçün deyil. Əksinə, dində səbr gərəkməyən yerdə səbr etməyin özü günahdı. Tutalım sabah hicab məsələsi həll olundu. Dindarın hüququ təkcə hicablamı pozulur? Bəs haqsız yerə zindana atılanlar, ölkənin talanan sərvəti, vətəndaşların evinin başına uçurulması dindarın etiraz etməsi üçün səbəb deyilmi?
Hər bir dindar Allah sevgisin, behişt nemətini dadmaq istəyir.
Ancaq hər bir dindar bilməlidir ki, bu dünyada zülmə qarşı savaşmaqla, o dünyanın cənnətinə iddia etmək olar.
Biz hamımız bu ölkədə yaşayırıq, hamımız eyni məhrumiyyətləri dadırıq. Ona görə də xilasımız birgə mübarizədən keçir.
Hər kəsin dini baxışına, əqidəsinə hörmətlə yanaşmaq lazımdır.

Təhlükəsiz yerin qorxusu
•