AXCP sədrinin müavini ABŞ səfərindən qayıtdı

“Bu görüşlərin konkret nəticələrinə ümid edə bilərik”

AXCP sədrinin siyasi məsələlər üzrə müavini Fuad Qəhrəmanlı ABŞ səfərindən qayıdıb. O, “Azadlıq”a açıqlamasında səfərin nəticələrini yüksək qiymətləndirib. Bildirib ki, bu səfərlə Azərbaycan müxalifəti son 10 ildə ABŞ-da ilk belə yüksək səviyyədə qəbul olunurdu.
“Bu, son 10 ildə Azərbaycan müxalifətnin ABŞ-da ilk dəfə yüksək səviyyədə qəbulu idi. Həm dövlət katibinin müavinləri, həm Petanqon rəsmiləri, həm Konqresdəki, həm də Milli Demokratiya İnstitutu və Freedom House-dakı görüşlərimiz çox səmərəli və real nəticələrlə başa çatdı. Burada dövlət katibinin müavinləri ilə görüşü xüsusi qed etmək istəyirəm.
Bu təmaslarda Xalq Cəbhəsinin və onunla eyni mövqeyi paylaşan demokratik qüvvələrin ölkədəki mövcud vəziyyət, demokratik proseslərin inkişaf perspektivləri, qarşıdan gələn prezident seçkiləri, o cümlədən müxalifətin bu seçkilərdə vahid namizədlə iştirakı, ABŞ-ın Azərbaycandakı maraqlı və əlbəttə ki, Qarabağ münaqişəsi ilə bağlı mövqe və baxışlarını, təkliflərini diqqətə çatdırdıq.
Qarşılıqlı olaraq gəldiyimiz qənaət bundan ibarətdir ki, Azərbaycanın demokratikləşməsi təkcə ölkə müxalifətinin idealist arzusu deyil, həm iqtisadi, həm siyasi, həm də təhlükəsizlik maraqlarının təmin olunmasında praqmatik seçimdir. Məncə, bu görüşlərin konkret nəticələrinə ümid edə bilərik.
Şübhəsiz ki, görüşlərimizin belə yüksək səviyyədə baş tutması həm də AXCP və onun lidri Əli Kərimliyə münasibəti ifadə edir”, – deyə Fuad Qəhrəmanlı bildirib.