“Korrupsiyaya bulaşmışlar bu xalqa rəhbərlik edə bilməz”

Əli Kərimli: “Dünya Əliyevlərə orta əsrlərdən qalma muzey eksponatı kimi baxır”

Azərbaycan prezidenti İlham Əliyev və ailəsinə məxsus, offşor zonalarda qeydiyyatdan keçmiş şirkətlər barədə Beynəlxalq Araşdırmaçı Jurnalistlər Konsorsiumunun son araşdırması dünya mediasında bomba kimi partlayıb. Təşkilatın araşdırmasını Britaniyanın “The Guardian” qəzeti, Almaniyanın “Der Spiegel” jurnalı ilə yanaşı, dünyanın bir sıra nüfuzlu media orqanları tirajlayıb. 13 ən populyar dildə yayımlanan “Euronews” təşkilatın üzə çıxardığı faktlarla bağlı süjeti bir neçə dəfə efirə verib.
Hüfuzlu dünya KİV-lərinin xəbəri sensassiya kimi təqdim etdiyi bir vaxtda Azərbaycan tərəfi Əliyevlərin
milyardlara sahib olmasında qeyri-adi heç nə görmür. Prezidentin mətbuat katibi hesab edir ki, hər bir Azərbaycan vətəndaşı kimi, dövlət başçısının ailə üzvləri də bizneslə məşğul ola bilərlər. Buna, onların yaşı da, digər kriteriyalar da imkan verir.
Mətbuat katibinin iddia etdiyi kimi, prezident ailəsinin nəhəng biznes layihələrinə rəhbərlik etməsində qeyri-adi heç nə yoxdursa, niyə dünya mətbuatı bunu sensassiya kimi təqdim edir?

“Bu hakimiyyətin xalqın ayağında buxova çevrildiyini artıq bütün dünya görür”

AXCP sədri Əli Kərimlinin sözlərinə görə, bu hakimiyyətin oğru, korrupsioner olduğu Azərbaycan xalqına çoxdan məlum idi. Sadəcə son illər beynəlxalq təşkilatların araşdırmaları bu irimiqyaslı korrupsiya əməllərini ifşa etdi: “Məlum oldu ki, ölkədə ən uğurlu biznes sahələrinin hamısı birbaşa dövlət başçısı İlham Əliyevin ailə üzvlərinə aiddir. Uzun illər ayrı-ayrı biznesmenlərin, oliqarxların əmlakı kimi təqdim edilən uğurlu biznes layihələrinin də arxasından hakim ailə çıxır. İndi dünya mətbuatı bu materialları çox böyük maraqla çap edir. Çünki bu gün dünyada mövcud olan qaydalara görə, dövlət başçılarının, baş nazirlərin, digər rəsmilərin korrupsiya əməlləri ilə məşğul olması, ölkənin ən zəngin insanı olması qəbuledilən hal deyil. Baş verənlər açıq-aşkar qanun pozuntusudur və dövlət səviyyəsində cinayətlərdən xəbər verir. Bütün bu biznes şirkətlərinin, çoxmilyardlı layihələrin hamısı İlham Əliyevin prezident olduğu dövrdə həyata keçirilib. Ondan əvvəl İlham Əliyev millət vəkili və Dövlət Heft Şirkətinin vitse-prezidenti kimi fəaliyyət göstərib, dövlət qulluğunda olub. Bütün bu fəaliyyəti ərzində özünün və ailəsinin bizneslə məşğul olmaq imkanları olmayıb. Ona görə də dünya mətbuatı, beynəlxalq təşkilatlar açıq-aşkar görürlər ki, bu nəhəng layihələrin arxasında korrupsiya əməlləri dayanır.
Xüsusən də, “Azərsun Holding”in və bu şirkətə bağlı olan biznes layihələrinin adının çəkildiyi son araşdırmadan aydın görünür ki, həmin şirkətin əsas donoru dövlət büdcəsi olub. Dövlət büdcəsindən məhz bu şirkətlərə milyardlarla sifariş verilib. Burada qanun pozuntuları, korrupsiya göz qabağındadır. Dünya əxlaqı, dünya hüquq qaydaları belə şeyləri qəbul etmir. Bu gün dünyada Azərbaycan rəhbərliyinə orta əsrlərdən qalma muzey eksponatı kimi baxırlar. Onlar hələ də təsəvvür edə bilmirlər ki, ilin-günün bu vaxtında – internetin, sosial şəbəkələrin inkişaf etdiyi bir vaxtda necə olur ki, ölkənin rəhbərliyi bu qədər irimiqyaslı korrupsiyaya bulaşır. Üstəlik də buna görə heç bir məsuliyyət daşımır, bunların hamısını öz xalqından gizlədir. Bütün bu məlumatlar dövlət rəhbərinin iradəsindən kənar ortaya çıxıb. Məlumatların hamısı xalqdan və dövlətdən gizlədilib. Çünki İlham Əliyev də, həyat yoldaşı da dəfələrlə seçkili vəzifələrə namizəd olublar və onlar bu mülkiyyətləri barədə ictimaiyyətə heç bir bəyannamə təqdim etməyiblər. Baxmayaraq ki, buna borclu idilər”.
Ə.Kərimli deyir ki, Azərbaycan hakimiyyətinin mənəvi, siyasi, əxlaqi baxımdan çağla ayaqlaşmadığını, Azərbaycan xalqının ayağında buxova çevrildiyini artıq bütün dünya görür: “Dünya bu cür idarəetməni qəbul etmir və öz imkanı daxilində Azərbaycan xalqına kömək edir ki, insanlar ona rəhbərlik edənlərin əsl mahiyyətini görsün, onların nə dərəcədə, hansı miqyasda oğru olduqlarını bilsin.
Hesab edirəm ki, Azərbaycan xalqı bütün bunlardan nəticə çıxaracaq. Azərbaycan xalqının haqqı var ki, özünə layiqli insanlardan ibarət rəhbərlik seçsin. Korrupsiyaya bulaşmış insanlar bu xalqa rəhbərlik etməməlidirlər”.

“İctimaiyyəti İlham Əliyevin istefasını tələb etməyə çağıracağıq”

Müsavat Partiyasının sədri İsa Qəmbər hesab edir ki, bu, Əliyev rejiminin korrupsiyası haqda ilk informasiya deyil. Bundan əvvəl də Əliyevlər ailəsinin Dubaydakı villaları haqda məqalə dərc olunmuşdu: “Bununla bağlı Müsavat Partiyası dövlət başçısından hesabat da tələb etmişdi. İndi yeni məqalə bu məsələləri yenidən aktuallaşdırır. Əliyev rejimi demokratiya sahəsində beynəlxalq standartlara əməl etmir, beynəlxalq təşkilatlar qarşısındakı öhdəliklərini yerinə yetirmir. Bunun nəticəsi olaraq Azərbaycanda etiraz hərəkatı güclənir, demokratik qüvvələr möhkəmlənir. Biz bir daha demokratik ictimaiyyəti İlham Əliyevin istefasını tələb etməyə çağıracağıq”.

“Qeyri-adi heç nə yoxdursa, niyə dünya buna bu qədər yer ayırır?”

ADP sədri Sərdar Cəlaloğlu deyir ki, ailənin biznes fəaliyyəti ilə məşğul olmasında qeyri-adi heç nə olmaya bilər. Amma söhbət, həmin biznesin mənbəyi ilə bağlı şübhələrdən gedir: “Əgər qeyri-adi heç nə yoxdursa, niyə dünya mətbuatı buna bu qədər yer ayırır? Bu adi, qanunauyğun bir fəaliyyət olsaydı, beynəlxalq ictimaiyyət buna bu qədər önəm verməzdi. Azərbaycan prezidentinin bu cür nəhəng şirkətlərə sahib olması sözsüz ki, şübhələr doğurur.
Üstəlik nəzərə almaq lazımdır ki, Azərbaycan dünyada ən korrupsioner ölkələrdən biri kimi tanınır. Hesab edirəm ki, Prezident Administrasiyasının rəhbərliyi bu qədər vəsaitin necə ərsəyə gəldiyi barədə izahat verməlidir”.

“İlham Əliyev susacaqsa, demək, araşdırmadakı faktlar həqiqətdir”

“El” Hərəkatının rəhbəri Eldar Namazov isə hesab edir ki, məlum araşdırmadakı faktlarla bağlı şəxsən prezident İlham Əliyev özü izahat verməlidir: “Bunu, həm Azərbaycan qanunları, həm həm də elementar siyasi etika tələb edir. Belə araşdırmalardan sonra İlham Əliyev susacaqsa, demək, oradakı faktlar həqiqətdir. Belə bir məsəl də var ki, susmaq razılıq əlamətidir. O ki qaldı, prezidentin mətbuat katibinin bəyanatına, təbii ki, onun fikirləri gülünc və əsassızdır. Vəzifə sahiblərinin biznesə müdaxilə ilə bağlı öz məsuliyyətləri var. Onların maliyyə hesabatları, bəyannamələri açıqlanmalıdır. Bu istiqamətdə qanunsuzluğa yol verdikləri təqdirdə isə cinayət məsuliyyətinə cəlb edilməlidirlər”.
Qeyd edək ki, sözügedən araşdırmada konkret sənədlərlə İlham Əliyev və ailə üzvlərinin azı dörd offşor şirkətdə (Arbor İnvestments, LaBelleza Holdings, Harvard Management, Rosamund İnternational) pay sahibi olduğu bildirilir. Virciniya adalarında yaradılmış bu şirkətlərdən üçünün prezidentin qızları Arzu və Leylanın adına yaradıldığı, bu şirkətlərin direktorunun isə “Azersun Holding”in rəhbəri Həsən Gözəl olduğu iddia edilir.