Siyasi mühacirlərimiz aksiyalara başlayır

Aprelin 22 və 23-də Demokratik Azərbaycan Hərəkatının təşkilatçılığı ilə iqtidara qarşı aclıq aksiyası, mitinq və forum təşkil olunacaq

Son günlər Azərbaycanda baş verən həbslər və demokratik qüvvələrə qarşı təzyiqlərin artması Avropa, Amerika və dünyanın digər ölkələrində yaşayan azərbaycanlı siyasi mühacirləri, hərbçiləri, jurnalistləri, ziyalıları, sadə azərbaycanlıları bir arada birləşdirən Demokratik Azərbaycan Hərəkatını bir sıra mühüm addımlar atmağa vadar etmişdir. Bununla bağlı DAH Əlaqələndirmə Şurasından aldığımız məlumatda qeyd olunur ki, qurum Azərbaycanda baş verən özbaşınalıqlara etirazını kütləvi şəkildə bildirmək üçün 22-23 aprel tarixində Avropa Şurası Parlament Assambleyasının Strasburqdakı ofisi qarşısında aclıq aksiyası, mitinq və forum keçirmək qərarı verib. DAH rəhbərliyinin verdiyi qərara əsasən Strasburq aksiyasıyla bağlı Təşkilat Komitəsi yaradılıb. Qurumun üzvləri TŞ-ya üzv olublar. Hər bir ölkə üzrə nümayəndəliklərə konkret vəzifələr həvalə edilib, aksiyaya ciddi şəkildə hazırlığa başlanılmışdır.
Bununla bağlı DAH katibliyinin media və ictimaiyyətlə əlaqələr üzrə səlahiyyətlisi Fikrət Hüseynli bildirdi ki, aksiya aprel ayının 22-si və 23-ü keçiriləcəkdir. 22 apreldə səhər saatlarından başlayaraq aclıq aksiyası baş tutacaq, 23 apreldə isə öncə mitinq, sonra isə forum olacaqdır. Forumda bir sıra Avropa dövlətlərindən deputatların və ictimai xadimlərin iştirakı gözlənilir. Aksiyaya, mitinqə və foruma daha çox insanı dəvət etmək üçün Təşkilat Komitəsi fasiləsiz fəaliyyətə keçmək barədə qərar verib. Bununla yanaşı, Strasburqda Azərbaycan hakimiyyətinə qarşı keçiriləcək aksiyaya hazırlıqla bağlı DAH Avropada Azərbaycanla əlaqəli fəaliyyət göstərən bütün siyasi və diaspora qurumlarıyla əməkdaşlıq edəcəkdir. Fikrət Hüseynli bildirdi ki, bu prosesdə iştirak etmək istəyən istənilən şəxs və ya qurum DAH-a müraciət edə, həmçinin www.dah24.eu saytına daxil olaraq bu barədə öz fikirlərini qurumun e-mailinə yaza bilər.