“Qarşıdan gələn seçkidə namizədliyimi irəli sürmək niyyətim yoxdur”
Qırğızıstanın keçid dövrü prezidenti Poza Otunbayeva 2011-ci ilin payızında bu ölkədə keçiriləcək prezident seçkisində namizədliyini irəli sürməyəcəyini bildirib.
Bunu Otunbayeva fevralın 21-də Qırğızıstanın Narın vilayətinə səfəri zamanı ağsaqqallarla görüşündə deyib. Otunbayeva dövlət başçısının səlahiyyətlərinin artırılması ilə bağlı ona verilən təkliflərə görə minnətdarlıq edərək bildirib: “Biz hamımız qanun qarşısında bərabərik və mənim qarşıdan gələn prezident seçkisində namizədliyimi irəli sürmək niyyətim yoxdur. Biz 27 iyun referendumunda qərara aldığımız kimi, hakimiyyəti qanun çərçivəsində, dinc şəkildə ötürməliyik”.
Roza Otunbayeva Qırğızıstana 2010-cu ilin aprelindən – prezident Kurmanbek Bakiyevin hakimiyyəti xalq hərəkatı nəticəsində devriləndən rəhbərlik edir.