“Daxildə qorxudur, xaricdə isə yalvarırlar”

«Hakimiyyət Qərbin əleyhinə getməyin nə qədər təhlükəli olduğunun fərqindədir»

Bir tərəfdən Qərblə döyüşən Azərbaycan hakimiyyəti, o biri tərəfdən öz lobbiçilərini dünyanın aparıcı dövlətlərinə göndərərək dəstək xahişində bulunur. Paralel olaraq da dünyanın nüfuzlu xadimlərini Azərbaycana dəvət etməklə özünə dəstəkçilər qazanmağa çalışır.
Bir müddət əvvəl Mişel Obama Administrasiyasının rəhbərini Azərbaycana dəvət edən hakimiyyət, indi də Israilin baş naziri Ehud Baraka dəvət göndərib. Barak ölkəmizə Diasporla Iş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun təşkilatçılığı ilə mayın 6-8-də Bakıda keçiriləcək Cənubi Qafqaz Forumunda iştirak etmək üçün Azərbaycanda səfərdə olacaq.
Siyasi şərhçi Zəfər Quliyevin fikrincə, Azərbaycan hakimiyyətinin Qərbə, onun nüfuzlu qurumları əleyhinə apardığı kampaniya daxili auditoriyaya hesablanıb. Hakimiyyət bununla heç kimin təzyiqlərindən qorxmadığını və mövqeyindən geri çəkilmədiyini nümayiş etdirməyə çalışır. Əslində isə hakimiyyət Qərbin, eləcə də ABŞ-ın əleyhinə getməyin nə qədər təhlükəli olduğunun fərqindədir: “ABŞ-dan, Avropa Birliyindən basqılar olanda hakimiyyət güzgüyə baxmaq əvəzinə, bütün tənqidlərin arxasında yeganə şey görür – bizim gözəl hakimiyyəti devirmək istəyirlər, Azərbaycana qarşı düşmən mövqedə olanlar var və düşmənə qarşı axıra qədər sərt olmaq lazımdır. Lakin hakimiyyət o qədər də gözübağlı deyil və paralel siyasət yürüdür. Başa düşür ki, Amerika kimi nəhəng ölkə ilə axıra qədər sərt dildə danışmaq hakimiyyətin özü üçün çox təhlükəlidir. Bu, tamamilə əks-effekt verə bilər. Daxili auditoriyaya özlərini sərt göstərirlər ki, görürsünüz, biz heç kimin qabağından geri çəkilmirik. ABŞ-a, Avropaya, eyni zamanda Rusiyaya ünvanlanan mesajlar isə tamamilə başqa dildə olur. Bu zaman yalvar-yaxara üstünlük verilir, cürbəcür təkliflər edilir, bazarlaşmaya dəvət olunur. Deyirlər ki, nə lazımdır sizin üçün edərik, başqa bir qüvvə axtarmayın, biz həmişə sizə xidmət etmişik, bundan sonra da etməyə hazırıq. Təki, bizə toxunmayın. Lakin hakimiyyətin ən böyük qüsuru odur ki, öz siyasətində heç nəyi dəyişmir. Ona görə Qərbdən gələn bu tənqidlər və basqılar azalmayacaq”.”
Z.Quliyev Azərbaycan hakimiyyətindən fərqli təfəkkür, fərqli davranış modeli gözləməyin yersiz olduğunu deyir: “Sovet dönəmində olduğu kimi, hər yerdə – daxildə və xaricdə düşmən axtarırlar. Ramiz Mehdiyev modernləşmə, demokratikləşmə və Azərbaycanın bu istiqamətdə öz yolunun olduğu ilə bağlı məqalələr yazır. Bu məqalələrdə hər şey qarışıq verilib. Lakin orada bəzi gözəl fikirlər də yer alıb ki, bunlar hakimiyyətin apardığı real siyasətlə uzlaşmır. Real siyasət ölkəni tamamilə təcrid etməyə yönəlib. Ölkəyə gəlmək, getmək get-gedə məhdudlaşır. Ölkənin öz içində hərəkət məhdudlaşır. Siyasətçilər öz ölkələrində rahat hərəkət edə bilmirlər. Hansı rayona getmək olar, hansına olmaz, harada yığıncaq keçirmək olar, harada olmaz – bunların hamısını hakimiyyət müəyyən edir. Bu da, olduqca ziyanlı və təhlükəli yoldur”.