Biz əxlaqsızıq

YAP GT-nin sədri Seymur Orucov SƏS Tv-yə müsahibəsində NIDA Vətəndaş Hərəkatında əxlaqsız insanların toplaşdığını deyib: “Emin Milli sən kimsən axı? Kim var sənin arxanda? Nidaçılardırmı sənin arxanda olan insanlar? Onlar həbslərinə siyasi don geydirməyə çalışırlar. Amma reallıq var. Evlərindən narkotika, partlayıcı məddələr çıxır. Bunun qarşısı alınmalıdır”.
Əxlaq… Evin yıxılsın, əxlaq! Necə yıxılıb. Gör kimlər əxlaqdan danışır. Dünənəcən YAP-ın çiçəyi Gülər Əhmədova da eyni şeydən danışırdı. Indi elə öz partiyadaşları, vəkildaşları onu əxlaqsız, YAP-a ləkə sayır. Onlar partiya və hökumətin içində olanda əxlaqlı olurlar, hamıya əxlaq dərsi keçirlər, elə ki, qələmləri sındırıldı, bir anda 180 dərəcə dəyişib olurlar – “sız”.
Nə isə, əxlaq o günə qalıb ki, onu indi itə atırsan, it yaxın durmur. Mənim diqqətimi çəkən başqa məqamdı. Qafqazinfo saytında “Azərbaycan” nikli birinin bu xəbərə yazdığı şərhi oxuyaq, sonra dediyim məqamdan bəhs edək və əslində elə bu şərhdə o məqam da yer alıb:
“Özünü böyük hesab edən Seymur Orucova. Azərbaycanın hər bir vətəndaşının arxasında Azərbaycanın Konstitusiyası, Azərbaycan dövləti durmalıdır. (…) Düz deyirsən, bizim (Azərbaycanın sadə vətəndaşlarının) arxasında siz heç kimi görmürsüz. (…) Amma unutma. Sizin arxanızda Səttar Mehbalıyev kimi dayı, Şəmsəddin Hacıyev kimi qayınata dura bilər. Amma bizim arxamızda ALLAH var”.
Məsələ də bundadı – Azərbaycanın hər bir vətəndaşının arxasında Azərbaycan Konstitusiyası və dövləti durmalıdır. Ancaq o dövlət varmı? O dövlət özü nə gündədi! Bəs onun arxasında duran kimsə varmı? Var! Onun arxasında gənc yapistin əxlaqsız dediyi minlərlə insan və gənc durur. O dövlətə görə o “əxlaqsız”lar hər şeylərindən keçirlər. Döyülürlər, işgəncə görürlər, əxlaqsız adlandırılırlar, şərlənirlər, evlərindən sizin allahsız şəkildə dediyiniz kimi desək, silah-sursat, narkotik çıxır, həbs edilirlər.
Bu silah-sursat Əli Kərimlinin pencəyinin cibindən çıxan həmin ağır silahlardı, bu narkotik Mirzə Sakitin cibindən çıxan narkotikdi. Bunlar bizə yaxşı tanışdı. O silah paslanmır, o narkotik keyfiyyətini itirmir və bu günə kimi neçə adamın cibinə dürtülüb, cibindən çıxarılıb, bunu da adı kimi dəqiq bilməyən bir kimsə yoxdu. Və bunu sizin qədər heç kim daha dəqiq, daha doğru bilmir. Sadəcə, bu doğruları dilə gətirə bilmək üçün insan öz nəfsini yenə bilməlidi. Lakin siz onu necə yenə bilərsiz ki, həyatınızın mənası o nəfsdi! Əxlaq dediyiniz dövləti talayıb 5-6 ailənin mülkiyyətinə keçirməkdisə;
Hər gün qeyri-döyüş şəraitində bir əsgərin axırına çıxıb valideynlərinin üstünə eybəcər hala düşmüş cəsədlərini göndərməkdisə;
Vətəndaşların evini başına uçurmaqdısa;
Dövləti məhv edib, onun vətəndaşlarını yetim, arxasız qoymaqdısa;
Bütləri Allahdan yuxarı qoyub sitayiş etməkdisə;
Mənsəbə, vara-dövlətə görə vicdanını həmişəlik susdurmaqdısa, yaltaqlığı, qorxaqlığı mənəviyyata çevirib insanların ahından ləzzət almaqdısa… və s. və i.a-dırsa…
Bəli, nidaçılar, sizin qara əməllərinizə susmayan hər kəs əxlaqsızdı! Bunu da unutmayın: Azərbaycanın sabahı o əxlaqsızların əlində olacaq. O zaman hər kəsin, dünyanın harasında olur-olsun, kasıb olsun, varlı olsun, dizinə baş qoya biləcəyi, kürəyini kürəyinə söykəyə biləcəyi, “atam-anam-sevgilim” deyə biləcəyi bir Dövləti olacaq. Qanunlardan sizə aman olsa, o zaman o Dövlət sizə də qucaq açacaq, arxayın olun. Bizim əxlaqımız budur!