Öz evindən oğurluq edən adamlar

Həbsdəykən eşitmişdim, yanılıramsa hüquqşünaslar düzəltsin səhvimi. Orda deyirlər ki, təzə-təzə oğurluğa başlayanların ilk “işi” qohumları, yaxınları ilə bağlı olur. Yəni adamlar ilk dəfə əmilərindən, bibilərindən, dayılarından, uzağı qonşularından oğurlayırlar. 
Indi diqqət: Bəlli olduğu kimi mərhum Heydər Əliyev hakimiyyətə gəldiyi 1969-dan oğurluqla, dövlət büdcəsini, xalqın sərvətini talamaqla məşğul olub. Dövlət büdcəsi nədir? Xalqın cibi! Dövlət adlı Evin vəsaiti!
Prezident də guya xalqın yiyəsidir. Eləysə bu nə sirrdir, dostlar; əliyevlər 40 ildir oğurluğa qurşanıb, amma yenə “ailədən” – öz xalqından oğurlayırlar! Niyə bunlar heç olmaya oğurluq sahəsində inkişaf edib bizdən yox, yadellilərdən oğurlamağa başlamadılar?
Bunları Əliyevlərin işfa olunan daha bir oğurluğundan ilhamlanaraq yazdım.
Deyirdilər, insanı oğurluğa təhrik edən səbəb kasıblıqdır. Bəs dünyanın zənginləri sırasında yer alan bu zümrə niyə oğurluqla məşğuldur?
Evsizlərə xoş xəbər var
Öyrəndiyimə görə, ən sərfəli kreditlə ev təklifini “Akkord” şirkəti edir. Dünən getdim onların ofisinə. Şərtləri verdilər, oxudum, bu, sanki özümə kəsilən ölüm hökmünü oxumaq idi. Oxudum və anladım ki, mənim və minlərlə mənim kimi olanlar bu ölkədə ev almaq üçün mütləq bir dolaşıq yoldan keçməlidir: məsələn, bu oğurluq ola bilər, dələduzluq ola bilər, kiminsə evin yıxma, narkoticarət və s.
Bilirsiniz, bir quş da özünə yuva tikə bilir. Biz isə analoqsuz siyasət nəticəsində bunu bacarmırıq. Quşdan da aciz ediblər bizi.
Özünə ev ala bilməyən gəncliyin Qarabağı alacağına inanmayın!
Bakı göydələnləri arasında pərişan gəzərkən hələ ki adının açıqlanmasını istəməyən alim dostumun bir qeydi ilə tanış oldum və xeyli toxdadım. Siz də o qeydlərlə tanış olun, sabaha inamınız yüksəlsin.
Diqqətlə oxuyun, xoş xəbər var. Nəhayət, məzlumların çöhrəsinin açılacağı gün yetişir.
“Son bir ildə Azərbaycanda daşınmaz əmlakın qiyməti 13 faiz qalxıb. Görünür, dəyişiklik hiss eləyən məmur təbəqəsi əllərindəki pulları daşınmaz əmlaka yönəldirlər. Orta məmur təbəqəsi istənilən inqilabdan sonra toxunulmaz qalır, uzaqbaşı vəzifələrini itirirlər.
Düzdür, bir müddət sonra hakimiyyətin dəyişib-dəyişməməsindən asılı olmayaraq Azərbaycanda daşınmaz əmlakın dəyər-dəyməzinə satılması prosesi başlanacaq. Ola bilsin bu proses iki mərhələdə keçəcək: hazırkı hakimiyyətin dəyişməsiylə bağlı olan birinci mərhələ və neft bumunun bitməsi ilə bağlı olan ikinci (dağıdıcı) mərhələ.
Istənilən halda bizi qarşıda gözəl günlər gözləyir”.
Cənab Kobia niyə narahatdır?
Avropa Ittifaqının Bakıdakı nümayəndəliyinin rəhbəri Roland Kobia dünən sensasion açıqlama verərək deyib: “Son həbslərdən narahatıq”.
Ümumiyyətlə, bu cənab və onun kolleqaları bizim camaatı yola vermək üçün bu “narahatıq” sözünü eninə-uzununa yaman istismar edirlər. Qabaq “Azərbaycan demokratiyaya doğru bir addım atdı” fikrini tədavülə buraxıb o fikri istismar edirdilər. Indi də narahatlığı.
Cənab Kobia narahatlıqlarının nədə ifadə olunduğunu deməyib. Ona görə biz indi ehtimallara söykənib onun narahatlığını incələməliyik. Məncə, həbsdən sonra Kobia bəy hər gün səhər stresdən 2 yox, 4 qaşıq Xəzər kürüsü udmağa başlayıb. Bu da növbəti narahatlıq yaradır, çünki gözlənir ki, o, artıq çəki alacaq! Bu isə doğrudan narahatlıq doğuran amildir!