Tarixin fəlsəfəsi

III
Ingiltərə başda olmaqla, o çağkı üstün dövlətlərin bölgədə yürütdüyü siyasət Türk gücünü sarsıdıb aradan qaldırmağa yönəlmişdi. Ortada Azərbaycanı bir neçə yerə, Türkiyəni beş-altı dövlətə bölmək planı vardı. Bu planı gerçəkləşdirmək üçün yenə Ingiltərə başda olmaqla beş Avropa dövləti birlikdə Türkiyəni tutmaq planlarına baş vurmuşdu. Tanrının Türkiyəyə, Türklüyə göndərdiyi Atataürk adlı tanrısal yardımı ilə o planlar alt-üst oldu. Türkiyəni tutmaq, bölgədə Türk gücünü sarsıtmaq planlarının başında duranlardan biri – Çörçill – 60 minlik Avropa ordusunun Türkiyədə əzilib yenilməsindən sonra demişdi: “Biz Türkiyəni az bir sürədə tutmağı planlaşdırmışdıq, ancaq bizim planlarımızda Atatürk faktoru yox idi”.
O çağlar Ingiltərənin gücü neftlə dolu Mosul-Kərkük yörələrini Türkiyədən qoparıb ayırmağa yetdi. Bununla da Türkiyəyə olduqca böyük zərbə vuruldu. Ingilislər “Türk ağalığından qurtarmaq” çağırışları ilə ərəbləri Türklərə qarşı qaldırdılar. Sonra da neft qaynağları ilə dolu Ərəb ölkələrini, demək olar, bütünlüklə ələ keçirdilər. Mosul-Kərkük yörələrini Iraqa qatan ingilislər neftlə birgə bütün Iraqın yiyəsinə çevrildilər. Ingiltərə özümlü bir bağlaşma ilə Iraq neftinə 99 illik yiyəlik hüququ qazandı.
O çağlar (20-ci yüzilin ilk onilliklərində) bölgədə başqa Türk gücü Qacarlar dövləti olaraq tanınan Iran idi. Türk ölkəsi – Türk dövləti olaraq da Iran yuxarıda sözü gedən Türk gücünü sarsıtma planının üç obyektindən (Azərbaycan, Türkiyə, Iran) biri olaraq çoxdan gözaltı edilmişdi. Ingiltərə gerçək gücünə, potensial olanağına, çağın qoşullarına uyğun olaraq, Azərbaycanla Türkiyədə Türk gücünü istədiyi, planlaşdırdığı kimi olmasa da, çox sarsıtmışdı. Qalmışdı Iran. Ingiltərə Quzey Azərbaycanla Türkiyədə gerçəkləşdirdiyi taktikanı bir az dəyişdi. Burada daha incə taktikayla ingilissayağı gediş edildi. Ingiltərə Iranda min illik Türk hakimiyətini devirib, buradakı çoxsaylı agentlərindən birini – Rza xanı şahlığa gətirməklə fars hakimiyəti qurdu. Bundan sonra bölgədə Türklüyə düşmən fars dövlətinin formalaşdırılmasına başlandı. Ingilis planlarına uyğun olaraq, Türkləri kiçiltmə, farsları şişirtmə; dil, uyqarlıq, tarix faktoru içində olmaqla Türk varlığını danma, farslara hər baxımdan hegemonluq qazandırma Iranın dövlət siyasətinə çevrildi. Elə bu antiTürk siyasətləri axarında da Ingiltərə Iranı böyük neft-qaz qaynaqları ilə birlikdə bütünlüklə ələ keçirdi. Türklüyü hər baxımdan dışlama siyasətinin başlıca fəlsəfəsi də bu idi – Türklüyün yenilməsi ilə Iran yenilirdi!
Bölgəmiz yüz il qabaqkına oxşar dəyişiklik sürəci içindədir. Ötən dönəmlərdə bir neçə yol Azərbaycanın birləşib bütövləşməyi az qala kiçicik texniki işlərdən asılı oldu. Ancaq birləşmə baş tutmadı. Üstün güclərin geopolitik planları-istəkləri ilə bizim istəklərimiz üst-üstə düşmədiyindən belə oldu. Indi bölgəmizdə baş verən dəyişiklik sürəcinin başında yeni dünyanın supergücü olaraq tanınan ABŞ durur. Bölgəmizlə bağlı yüz il qabaqkı Ingiltərə düzənində Türklüyə yer yox idi. ABŞ-ın bölgəmizlə bağlı Yeni Dünya Düzəni planlarında, bəlli olduğu kimi, Türkiyə başda olmaqla Türklüyə önəmli yer ayrılıb. Bir sıra faktlardan göründüyü kimi, ABŞ bölgədə, ən azı, indilikdə, indiki dönəmdə Türk faktorunun yenilməsini deyil, yüksəlməsini əlverişli sayır. Sonuncu dənizə doğru çox böyük bir sürəcin ortasında olan ABŞ-ın Doğu ilə Batı arasında uzanıb gedən TÜRK ZOLAĞINDAN yararlanmaq istəyi açıq görünür. Min illərin Türk ölkəsi olan Iran bu zolaq içində ayrıca önəm daşıyır.
Dünya Türklərinin başı olaraq tanınan Azərbaycan Türklüyü soyuq baş, isti əllə özünə əlverişli olanla supergücə əlverişli olanı uzlaşdırmaqla min illik ölkəsinə-dövlətinə yiyələnib, TÜRK ZOLAĞI boyunca tarixi missiyasını yerinə yetirməyə yüklənməlidir!