Təhsil Nazirliyində “dərslik dramı”

Artıq məsələyə Satınalmalar üzrə Dövlət Agentliyi də qarışıb

Müəllif Hüquqları Agentliyinin beşdən çox plagiat dərslik aşkar etdiyi və bununla bağlı məlumatları Təhsil Nazirliyinə göndərdiyi barədə ötən sayımızda məlumat vermişdik. Agentliyin hüquq şöbəsinin müdiri Xudayat Həsənlinin sözlərinə görə, dərsliklərə Təhsil Nazirliyi tərəfindən qrif verildiyi üçün məsələnin araşdırılması və tədbir görülməsi də nazirliyin səlahiyyətinə daxildir. Ən maraqlısı isə odur ki, Xudayat Həsənli bu kitablara çox titullu adamların rəy verdiyini və bu şəxslərin faktiki olaraq plagiatçılığı rəsmiləşdirdiyini bəyan edib.
Təhsil eksperti Əlövsət Osmanlının sözlərinə görə, bu, həmin şəxslərin dərsliklərin içindən xəbərsiz olduğunu göstərir: “Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının monitorinq qrupu xeyli sayda dərsliyi tədrisə yararsız elan etdi. Müəllif Hüquqları Agentliyinin rəsmisi isə bəzi dərsliklərdə plagiat olduğu, bu dərsliklərin ayrı-ayrı mənbələrdən köçürüldüyünü açıqladı. Hətta bildirdi ki, həmin dərsliklərə respublikamızın tanınmış alimləri xeyir-dua veriblər. Belə çıxır, bu adamlar həmin dərsliklərin içərisindən xəbərsiz olublar. Bu plagiat dərsliklərin hamısının qrif məsələsinə Təhsil Nazirliyinin dərslik və nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazlı baxır. Ayrı-ayrı dövlət qurumları dərsliklərlə bağlı hər şeyi açıb-tökürlər, amma Təhslil Nazirliyində heç bir tərpəniş yoxdur. Sanki bu yazılanların, deyilənlərin, ortaya qoyulan faktların nə Misir Mərdanova, nə Faiq Şahbazlıya, nə də ki Dərslikləri Qiymətləndirmə Şurasının sədri Elmina Kazımzadəyə aidiyyəti var. Narahat olmaq əvəzinə, tənqidçilərin hərəsini bir yolla susdurmağa çalışırlar. Hər halda, zərərin istənilən yerindən qayıtmaqda fayda var. Ümid edirəm ki, yaxın vaxtlarda dərslik nəşri işində lazımi qayda-qanun yaradılacaq və nəhayət bu strateji sahə ölkəni başına götürmüş dərslik dəllallarının qurduğu ”hörümçək toru”ndan xilas ediləcək”.  
Ə.Osmanlı onu da xatırladıb ki, Satınalmalar üzrə Dövlət Agentliyi ötən il Təhsil Nazirliyində keçirilən dərslik tenderi ilə bağlı məlumatları Baş Prokurorluğa göndərib. Agentliyə ötən il daxil olmuş şikayətlərdən biri Təhsil Nazirliyi tərəfindən I və V sinif dərsliklərinin hazırlanması, çapı və satın alınması üzrə keçirilən ikimərhələli tenderdə yol verilmiş nöqsanlar barədə olub.
Agentlik qanunvericiliyi rəhbər tutaraq sözügedən tenderə xitam verilməsi barədə Təhsil Nazirliyinə məktub göndərib. Eyni zamanda, Baş Prokurorluğa məlumat verib. Hazırda prokurorluqda məsələ ilə əlaqədar istintaq aparılır. Ə.Osmanlı isə bu faktın ötən ildən bəlli olduğunu deyir: “Təhsil ekspertləri illərdir ki, dərslik tenderlərinin keçirilməsi zamanı yol verilən nöqsanlarla bağlı tənqidi-analitik yazılar dərc etdirir, həyəcan təbili çalır, bu durumun dərslik nəşri işinə böyük zərbə vurduğunu konkret faktlarla sübut edirdilər. Amma tədbir görülmürdü ki, görülmürdü. Faiq Şahbazlı başda olmaqla Misir Mərdanovun komandası bundan sui-istifadə edib strateji sahə olan dərslik nəşri məsələsini istədikləri tərəfə çevirirdilər. Mətbuatda heç bir yazısı çıxmayan dostları, tanışları, yaxınları bir neçə ilin içərisində birdən-birə dərslik müəllifi olurdu. Elə bilirsiniz, haqqında söhbət gedən əlaqələrə görə Faiq Şahbazlının tender komissiyasının sədri ola bilməyəcəyindən nazir Mərdanovun xəbəri olmayıb? Çox yaxşı xəbəri olub! Sadəcə ona belə sərf edirdi. Nəticəsi də göz qabağındadır”.