İranın təhlükəsizlik qüvvələri müxalifət liderlərindən olan sabiq prezidentliyə namizəd Mehdi Kərrubinin oğlu Əli Kərrubi və onun həyat yoldaşını həbs edib.
Reuters-in yaydığı xəbərə görə, gecə saatlarında Əli Kərrubinin evinə soxulan təhlükəsizlik qüvvələrinin əməkdaşları onunla yanaşı, xanımı Nafisə Pənahini də həbs edib. Məlumata görə, qadın sonradan azadlığa buraxılsa da, müxalifət liderinin oğlu hələ də həbsdədir.
***
21.02.2011
Kərrubinin evinə bomba atıblar
İran müxalifətinin liderlərindən olan Mehdi Kərrubinin evinə hücum olub. “Media forum” saytının məlumatına görə, hakimiyyət tərəfdarı olan 30 nəfərə yaxın şəxs fevralın 20-dən 21-nə keçən gecə Mehdi Kərrubinin evi qarşısında toplaşaraq onun əleyhinə, İranın dini rəhbəri ayətullah Əli Xamneyinin lehinə şüarlar səsləndiriblər.
Mehdi Kərrubinin mənzili gecə-gündüz ETTELAAT-ın mülki geyimli əməkdaşlarının nəzarətində saxlansa da, dəstə üzvləri tam sərbəst şəkildə əvvəlcə şüşələri qırıb, sonra isə evə bir neçə səsli bomba atıblar. Qonşular və məhəllə əhalisi küçəyə çıxaraq dəstəyə etiraz bildirib.
Hücumçu dəstə adından oxunan qətnamədə bildirilir ki, Mehdi Kərrubinin və xanımının başını kəsib şəhərdəki dirəklərə taxmaq üçün səbirsizliklə ölkə rəhbəri Əli Xamneyinin göstərişini gözləyirlər.