AXCP sədrinin müavini Vaşinqton görüşləri haqda “BBC Azərbaycanca”ya danışıb
Birləşmiş Ştatlar paytaxtında səfərdə olan Azərbaycan Xalq Cəhbəsi Partiyasının sədr müavini Fuad Qəhrəmanlı yerli siyasi və ictimai xadimlərlə ölkədə seçkiöncəsi proseslər, insan haqlarının vəziyyəti, müxalifətin durumu və təhlükəsizlik mövzularını müzakirə edib.
Bu, sədri ölkədən çıxması faktiki əngəllənən aparıcı müxalifət partiyasının 2002-ci ildən bu yana Vasşinqtonla ilk birbaşa təmasıdır.
“Məqsədimiz Azərbaycandakı real durumu Amerika administrasiyasının diqqətinə çatdırmaq, təkliflərimizi vermək idi,” cənab Qəhrəmanlı ABŞ paytaxtında BBC-Azərbaycancaya verdiyi müsahibədə deyib.
Səfəri gedişində, partiya rəsmisi Dövlət Katibinin iki müavini və Müdafiə Departamentinin nümayəndələri tərəfindən qəbul edilib, həmçinin insan haqları üzrə “Freedom House” təşkilatının rəhbərliyi və bugünlər Bakı haqqında tez-tez bəhs edilən Milli Demokratiya İnstitutunun nümayəndələri ilə danışıqlar aparıb.
Onun təbirincə, Azərbaycana münasibətdə “təhlükəsizliyə demokratiyadan daha artıq üstünlük verildiyi təəssüratı yaradan siyasətin” yanlış olduğu Vaşinqtonda “etiraf edilir”.
“Demokratiya təhlükəsizliyin təminatında açar elementdir… Onu təhlükəsizliyə qurban vermək, ikincini həll etmir, vəziyyəti daha da mürəkkəbləşdirir”, deyib AXCP sədrinin müavini.
![]()


