Nemət Pənahlı anasına görə müraciət etdi

Nemət Pənahlının anası Sara Pənahlının səhhəti ağırlaşıb. Məlumatı “Media forum” saytına məhbus siyasətçinin həyat yoldaşı Həcər Pənahlı verib.

Həcər Pənahlı qeyd edib ki, aprelin 3-də 17 saylı Cəzaçəkmə Müəssisəsində yoldaşı ilə  görüşüb: “Nemətin səhətti yaxşı deyil. Şəkəri qalxıb-enir, bu da onu üzür. Ancaq Neməti daha çox anasının durumu narahat edir. Qayınanam Sara Pənahlının səhhəti çox ağırdır. O, Respublika Klinik Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Nemət anasını yoluxmaq istəyir. Mənə dedi ki, media vasitəsilə Penitensiar Xidmət rəhbərliyinə müraciətimi çatdır, anamla görüşə şərait yaratsınlar”.

Milli azadlıq hərəkatının öncül simalarından olan Nemət Pənahlı 2011-ci il yanvarın 8-də tutulub, xuliqanlıq və qəsdən sağlamlığa az ağır zərər vurma ittihamı ilə 6 il müddətinə azadlıqdan məhrum edilib.

Bu il fevralın 25-də Xəzər Rayon Məhkəməsi 17 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi Arif Mirzəyevin Nemət Pənahlı barədə təqdimatına baxıb. Təqdimatda Nemət Pənahlının daxili nizam-intizamı dəfələrlə pozduğu iddia olunub. Hakim Əkrəm Qəhrəmanov Nemət Pənahlının həbsxana rejiminə köçürülməsinə qərar verib. Bu qərardan Bakı Apellyasiya Məhkəməsinə şikayət olunub.