Futbolun qaydasıdır: hakimin final fiti səslənir və qaliblər qələbəni qeyd, məlğublar məğlubiyyəti analiz edirlər.
Bizdə isə ayrı-ayrı xalq etirazları final fiti ilə öz yerini səssizliyə buraxır. Hadisə bitdiyi anda, gündəm də dəyişir.
Hardasa sükutun sındığına sevinirik, amma ondan sonra da bir səssizlik başlayır, məsələn, etiraz edənlərin total həbsi zamanı. Fikir vermisinizsə, onlar hadisənin gedişində yox, məhz ara sakitləşəndən, “bu da belə!” deyib əksəriyyətin diqqəti başqa səmtə yönələndən sonra həbs edilirlər.
Heç kim də düşünmür: niyə?
***
Indi çoxluğun diqqəti Bakıdakı siyasi həbslərə, gənc aktivistlərin total şərlənməsi kampaniyasına yönəlib, amma biz bölgələrdəki etirazlara görə haqsız yerə həbs olunanları da unutmamalıyıq. Hətta onlara daha çox diqqət lazımdır. Illərdir ictimai-siyasi mübarizənin önündə olanlar üçün repressiyalar gözləniləndir, onlar buna çoxdan hazırdılar, belələri həbslərə mübarizənin bir mərhələsi kimi baxır.
Amma sadə vətəndaşların, ortaya yeni çıxan və arxasında heç bir təşkilati, media gücü olmayan adamların repressiya maşınının ağzına verilməsi, bununsa başqaları tərəfindən susqunluqla, yaxud laqeydliklə qarşılanması yolverilməzdir. Bu, rejimə toplumun etiraz duyğularını və gücünü yox etmək üçün əla şərait yaradır.
Digər yandan isə unutmayaq ki, bəlli bir ictimai-siyasi şüur qazanmış adamlardan fərqli olaraq, kütlə və onun nümayəndələri öz qərarlarını çox bəsit formada verir. Həm ümumi biganəlikdən tez sarsılır, inciyir, həm də “başqaları həbs edildi, kimin vecinə oldu ki, mən də özümü işə salım…” düşüncəsinə qapılır. Ona görə də siyasi partiyaların, ictimai təşkilatların yadına etiraz bəyanatları vermək, müdafiə çağırışları yaymaq yalnız öz üzvlərinin, ya da hansısa tanınmış fəalın həbsi zamanı düşməməlidir. Eyni həssaslıq bölgələrdəki aksiyalar, paytaxtda fərqli sosial qruplar tərəfindən təşkil edilən etirazlar zamanı da göstərilməlidir. Onların da məhkəmələrinin önünə gedilməlidir. Əldə-ovucda qalan qəzet və saytların üzü onların da vəkillərinə, doğmalarına açıq olmalı, onların da həbsdəki vəziyyəti ilə hər gün maraqlanılmalı, onlar da passionar təbəqənin həssaslığını və doğmalığını daim üzərlərində hiss etməlidilər.
Unudulmamalıdır ki, yalnız aktivistlərin deyil, sadə etirazçıların həbsi də bizim üçün sınaqdır. Bununla həm cəmiyyətin, həm də onun fəal kəsiminin vicdanı test edilir. Görəndə ki, belələrinin həbslə, repressiya ilə susdurulmasına, qorxudulmasına gərəkən təpki yoxdur, sahiblənmə duyğusu azdır və ya heç mövcud deyil, onda həm rejimin əl-qolu açılır, həm də prosesin yarımçıq qalması qaçılmaza çevrilir.
Quba üsyanında, yaxud Ismayıllı qiyamında həbs edilənlərin aqibəti barədə çoxluq nə bilir? “Binə” aksiyasında tutulanların aqibəti necə oldu? Cavab yoxdur. Hər şeyə hadisələrin ilk günlərində onların alqışlanması ilə nöqtə qoyuldu, “artıq xalqın oyandığı, belə yaşamaq istəmədiyi və sistemə yumruq silkələməyə başladığı” ilə bağlı pafosla bitdi. Geriyə isə kütləvi unutqanlıq və biganəlikdən başqa bir şey qalmadı.
Belə davam etdiyi müddətdə lokal etirazların xalq hərəkatına çevriləcəyini proqnozlaşdırmaq çox gülüncdür. Hər kəs yalnız öz başının çarəsinə baxacaq, öz canının hayına qalacaqsa, nəyə ümid etmək olar axı?!
***
Mən bu sətirləri yazarkən daha üç həbs xəbəri gəldi – Qəbələdə etiraz edən üç fəhlə hələlik 4-6 sutkalıq həbsə məhkum edildi.
Görünür, rejim daha uzunmüddətli həbslərə risk etmədi, bunun orada “odun üstünə tökülən benzin” effekti verəcəyindən qorxdu.
Mən bu sətirləri gec saatlarda yazıram, amma “o anadək ortada Bakıdan hansı təpki var idi” deyə soruşursunuzsa, cavab verim: dərin bir səssizlik. Reaksiyasızlıq.
***
Bəzən bölgələrdəki etirazların tezliklə yatırılmasını onların konkret, dəqiq tələblər, arxasında təşkilati güc olmadan, ideoloji, strateji və taktiki hədəflərsiz keçirilməsilə izah edirlər.
Razıyam, amma bir şərtlə ki, bu səbəblərə mütləq bunları da də əlavə edək:
Kütləvi unutqanlıq və laqeydlik.
Hadisənin bitdiyi anda efyoriyanın da, həyəcanın da, sahiblənmə duyğusunun da bitməsi.

Sükutun sınmasından sonrakı səssizlik
•
•