“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı hakimiyyətin hədəfində idi, şəxsən Ramiz Mehdiyev ondan yanıqlıydı, yanğısını söndürmək üçün hansı yol olur-olsun istifadə edəcəkdi, uzun çək-çevirdən sonra barmağını Gülər Əhmədovanın üstünə qoydu. Məsələ ondadı ki, Gülər olmasa, başqa biri seçiləcəkdi bu iş üçün, fərq etməzdi, sadəcə, həmin çağda buna ən uyğun gələni o qadın oldu. Gülər bir ailənin səadətinin üstündən öz naz-nemətinə görə xəttə çəkdi. Ancaq Isa Məsihin dediyi kimi: “Mühakimə etməyin, sizi də mühakimə etməsinlər”. Yüz minə qarşılıq iki milyonluq mühakimə! Bu da sənə inanmadığın ədalət, mizan-tərəzi!
Bu “iki” nədirsə, son çağlar Azərbaycanın taleyi bu rəqəmin başında fırlanır. Elşad Abdullayevin üzə çıxardığı videoda məhz Əvəz Zeynallının həbsi ilə bağlı adı keçən şəxslərin ismi hallandı. Adı keçənlərdən biri içəridədi, birini o dünyaya göndəriblər, qalanları da içlərində sonsuz təlatümlər keçirirlər.
Indi yeni 2 milyon söhbəti çıxıb ortaya. Keçmiş vicdan məhbusu Eynulla Fətullayev haqqin.az saytında dərc etdiyi yazıda Amerikanın Milli Demokratiya Institutunu Azərbaycanda “Facebook inqilabı” planı hazırlamaqda ittiham edərək qurumun rəhbəri Aleks Qriqoryevsin belə bir “inqilabı” maliyyələşdirmək məqsədilə bank hesablarından 2 milyon dollar çəkdiyini iddia edəndən sonra (“Amerikanın Səsi”) yenə də baş rolda yer alan Mehdiyev həmin məqaləyə istinad edərək NDI-nin Azərbaycanda inqilab hazırladığına dair iddiaların təsdiqləndiyi təqdirdə bu təşkilatla əməkdaşlığın dayandırlacağını deyib və bundan sonra Azərbaycanın aktiv, intellektual gənclərinə qarşı hakimiyyətin total irticası işə düşüb. Gəncləri bir-bir dənləməyə başlayıblar. Dialektikaya dayansaq, anlamaq çətin deyil ki, bu həbslərin hakimiyyətə heç bir xeyri dəyməyəcək. Sözü gedən yalançı inqilab məsələsi gerçək olsa belə, bu həbslərlə onun qarşısını almaq mümkün deyil. Inqilabın qarşısını yalnız və yalnız demokratik islahatlarla almaq olar ki, onun da göstəricisi gənclərin saxta və iyrənc ittihamlarla həbsi və qisasçılıq deyil.
Beləliklə, bu qondarma ittihamı Eynulla Fətullayev ortaya atıb. Ancaq iş ondadır ki, Fətullayev olmasa belə, həmin informasiya başqasına ötürüləcək və eyni proses gedəcəkdi. Sadəcə, bu dəfə Gülər Əhmədova rolu nə üçünsə onun boyuna biçilib. Zor-xoş, bu işə o cəlb edilib. Yenə də Isa Məsihdən sitat gətirmək istəyirəm. Satıldığı gün deyir ki, üzülməyin, olacaqlar onsuz da olacaq, ancaq vay bu işlər üçün vasitə seçilənlərin halına.
Fətullayevin yaydığı informasiya yalan da, gerçək də olsa, kimsəyə sirr deyil ki, belə bir məlumat yalnız xüsusi orqanların əlində ola bilər. Ümumi desək, dövləti yürüdənlərin əlində. Bir jurnalistin belə bir məlumatı əldə etməsi də yalnız onların vasitəsilə mümkün ola bilər, onlar bu cür dezoları sızdırmağın min bir yolunu bilirlər. Əsas məqsəddi. Məqsəd isə göz önündədi. Bəzən jurnalistlər hər hansı yolla əllərinə düşən informasiyanı yaymaqda sırf xəbərçilik və tiraj baxımından maraqlı olurlar, bəzən peşə xüsusiyyəti buna haqq da qazandırır. Ancaq elə informasiyalar var ki, jurnalist, hansısa KIV rəhbəri bunu dərhal duymalı, içindəki səslər ona bu informasiyanın ümumi iş üçün nə qədər zərərli olmasını pıçıldamalı və “dur” deməlidir. Demirsə, deməli, o şəxsin içindəki səs yalnız buz-bulanıq küydən ibarətdir və ya o, öz iradəsinə tabe deyil. Vicdan məhbusu olmaq asandı, çətini vicdan jurnalisti olmaqdı.
Indi həmin məqaləyə görə Fətullayev vicdan məhbusu olduğu çağlarda onu, daha doğrusu, müqəddəs prinsipləri müdafiə edən gənclər sanki dəhşətli dövlət çevrilişi və ya sui-qəsd hazırlayan örgüt üzvləri kimi bir-bir içəri atılırlar. Məni isə onların deyil, yalnız Fətullayevin taleyi narahat edir. Onlara nə var ki, əvvəl-axır azad olacaqlar…

Fətullayevin taleyi
•
•