…Üç saat kecikmiş qoşunlar və 23 illik Sumqayıt ağrıları
Fevral hadisələrindən bir neçə gün sonra Azərbaycan komsomolunun birinci katibi Sahib Ələkbərov Sumqayıta gəlir. Zavodların birində görüş zamanı hadisəni “quldur və narkoman” olan gənclərin törətdiyini söyləyir. Zaldakı qadınlardan biri ondan soruşur: “O ”narkoman və quldur” dediyiniz yeniyetmə və gənclər sizin, pioner, komsomol sıralarında tərbiyə almayıblarmı?”
***
Moskva, 1988-ci il, 31 oktyabr…
Şahid M.Məmmədov mühakimə olunanlardan Cəfərovu tanıyır. Onunla bir məktəbdə oxuyub. O deyir: “Mən dostum Kərimovla avtovağzala gələndə orada çoxlu əsgər vardı. Onlar geri çəkilirdilər. Əsgərlər arasında yaralananlar vardı. Burada əlində meqafon olan oğlan harasa getməyə çağırırdı. Sonradan kütlə 41-ci məhəlləyə yönəldi. Mən 41-ci məhəllədə Yavər Cəfərovu gördüm. Giriş qapısından çıxan ermənini görüncə, Cəfərov onun qoluna balta ilə zərbə endirdi. Bildiklərim budur”.
Azərbaycan dilini bilən ermənilər zalda səs-küy salırlar. Onlardan bir neçəsi yenə Nəcəfovun düzgün tərcümə etmədiyini hakimin nəzərinə çatdırır.
Şahid suallara “bilmirəm”, “görmədim” cavabını verir. Vəkil Şapoşnikova onun ilkin istintaqa verdiyi ifadəsini oxuyur: “Əlində meqafon olan adam erməniləri öldürməyə çağırırdı”.
Mühakimə olunan Cəfərov şahidi tanımadığını, ilk dəfə üzləşmədə gördüyünü deyir. “Şahid yalan danışır”, – deyə Cəfərov bildirir.
Sədrlik edən Cəfərovun yadına üzləşmə zamanı dediyini salır:
– Siz şahid Məmmədovun ilkin istintaqda dediklərini təsdiq etmişdiniz. Niyə?
Cəfərov:
– Bəli, mən onun dediklərini təsdiq etmişəm, amma bunlar yalandır. Məni belə ifadə verməyə məcbur ediblər.
Vəkil Yaşinin sualına cavab verən şahid birdən Əhmədovun üzünə baxır. O, Əhmədovu tanıdığını deyir. Ermənilər bu azərbaycanlının “qəhrəmanlığına” əl çalırlar.
Adam bir əlində meqafon tutub, o biri əlilə adam döyə bilərmi?
Sumqayıt hadisələri zamanı həbs edilən Əzimov ifadə verir. O, mühakimə olunanları həbsxanadan tanıyır. Izah edir ki, meqafonla danışan Əhmədov idi. Əhmədov erməniləri öldürməyə deyil, Sumqayıtdan qovmağa çağırırdı: “Mən onu bir dəfə 41-ci məhəllədə gördüm, sonra həbsxanada tanış oldum. Bundan başqa heç nə bilmirəm”.
Prokurorun sualına cavab verən şahid bildirir ki, o, Cəfərovu 41-ci məhəlləfdə görüb: “O əsgər formasında idi”.
Əhmədov haqqında ilkin istintaqa verdiyi ifadəni təsdiq etmir, Əzimov bunu sərxoş olması, müstəntiqin təzyiqi ilə yazmasıyla izah edir.
Prokuror şahidin ilkin istintaqa vediyi ifadəsini oxuyur:
– Əlində meqafon olan oğlan 41-ci məhəlləyə getməi təklif etdi. Hamı onun ardınca qaçdı. Mən 41-ci məhəllədə girişdən çıxan erməni qadını bir dəstə adamın necə döydüyünü gördüm. Əhmədov da onların arasında idi. Əhmədov bir əlində meqafon tutmuşdu, digər əli ilə qadını döyürdü.
Şahid ilkin istintaqa verdiyi ifadəsini şərh etmək istəmir. “Sözüm yoxdur”, – deyir…
Hakim fasilə elan edir.
Növbəti gün səhər saat 10:23-də məhkəmə iclası başlayır.
Əzimov ifadə verməkdə davam edir. Vəkil Şapoşnikovanın sualına cavab verən şahid bildirir ki, binanın giriş qapısından çıxan erməninin üstünə odu Ilqar Kərimov və tanımadığı bir oğlan atıb. Ilkin istintaqda isə Əzimov bildirmişdi ki, erməni qadını Ilqar Kərimov və Əhməd Əhmədov döyürdülər. Məhkəmə iclasında isə şahid deyir ki, Əhməd Əhmədov heç kimi döyməyib.
Vəkil Şapaşnikova ondan soruşur:
– Siz ilkin istintaqa düzgün ifadə vermisiniz?
Əzimov:
– Bilmirəm…
Əzimov daha sonra deyir: “Tanış olmadığım uşaqlarla evlərin birində konyak içirdik. Evin sahibi olan azərbaycanlı dedi ki, yaxşı eləyib erməniləri öldürürsünüz!”
***
Zərərçəkən tərəfin vəkili Ruştuni şahiddən soruşur:
– 41-ci məhəllədə talançılıq edən, insanları öldürənlər arasında daha kimlər vardı?
Sədrlik edən bu sualın məsələyə dəxli olmadığını bildirir. Vəkil Ruştuni bu məsələ ilə bağlı SSRI prokurorluğuna sorğu göndərdiklərini, 41-ci məhəllədə törədilən cinayətlə bağlı digər işin olmadığını deyir.
Əhmədovun vəkili Yaşin Əzimovdan soruşur:
– Ilkin istintaq zamanı sizə təzyiqlər olurdumu?
Şahid:
– Bəli, olurdu. Məni iki azərbaycanlı, iki rus müstəntiq dindirirdi. Onlar məni döyür, söyürdülər, məcbur edirdilər ki, mən kimisə öldürdüyümü boynuma alım. Axırda da protokolu oxumadan qol çəkdirirdilər.
Prokuror şahid Əzimovun ilkin istintaqda döyüldüyü barədə heç bir şikayətinin olmadığını deyir.
Zərərçəkən Aruşunyan:
-…Siz 41-ci məhəllədə bu qədər erməni yaşadığını hardan bilirdiniz, heç biriniz orda yaşamırdınız…
Şahid “bilmirəm” cavabını verir.
“Siz ananızla hansı dildə danışırsınız?”
Şahid D.Zərbəliyev mühakimə olunanlardan heç kimi tanımır.
Şahid ilkin istintaqa verdiyi ifadəsini təsdiqləyir. Atasının Sumqayıt milis idarəsində işlədiyini bildirir. Vəkil Şapoşnikova:
– Niyə xidmətdə olan atanıza zəng etmədiniz, niyə məhəllənizdə baş verənlər barədə ona məlumat vermədiniz?
Şahid:
– Niyə zəng etməliydim ki, milisdə hamının bu talanlardan xəbəri vardı!
Şahid Həsən Məmmədovun 16 yaşı var. Haqqında həbs-qətimkan tədbiri seçilib. O deyir:
– Mühakimə olunanlardan bəlkə də heç kimi tanımıram, ola bilsin tanıyıram, ancaq unutmuşam.
Sədrlik edən:
– Bu hadisələr haqqında bütün bildiklərinizi danışın…
Şahid:
– Hə, nə deyim? Fevralın 29-da mən erməni evinə girdim. Olan budur.
Hakim:
– Hə, bunu bildik, daha sonra nələr oldu? Danışın…
Şahid:
– Nə danışım? Mənə tərcüməçi lazımdır!
Hakim tərcüməçi çağırmağa razı olur.
Prokuror müdaxilə edir:
– Sizin ananızın milliyyəti nədir?
Şahid:
– Rus!..
Prokuror:
– Onunla evdə hansı dildə danışırsınız?
Şahid:
– Rus dilində…
Tərcüməçi dəvət edilmir. Şahid qəti şəkildə ifadə verməkdən imtina edir. Hakim və prokuror onu yalan ifadə verməyin məsuliyyətilə hədələyir.
Prokuror onun ilkin istintaqa verdiyi ifadəsini oxuyur. Şahid Məmmədov belə ifadə vermədiyini, imzanın onun olmadığını bildirir. Xeyli fikirləşən şahid deyir:
– Bəlkə də mən belə ifadə vermişəm. Bu ifadəm düzdür!
Prokuror:
– Giriş qapısından çıxan kişini kim vurub?
Şahid:
– Armatur çubuğu ilə mən vurdum. Bir dəfə belinə, iki dəfə başına!.. Bundan sonra o yıxıldı. Məndən sonra başqaları da vurdular.
Fasilədən sonra H.Məmmədov deyir:
– Biz evləri dağıtmağa getdik. Hamı gedirdi, mən də onlara qoşuldum.
Vəkil Ruştuni:
– Nəyə görə? Onlar sizə nə pislik etmişdilər?
Hakimin mürgü vurduğu zaldakıların diqqətini çəkir. Göz acısını alma mərasimi 7 dəqiqəyə qədər çəkir.
Şahid deyir:
– Bundan sonra erməninin başına üç dəfə Aleksandr Qraç zərbə endirdi. Onun ayaması “Hitler” idi. Indi də tutmayıblar, azadlıqda gəzir.
Zərərçəkən Ira Melkumyan:
– Şahid mənim ərimi öldürənlərin adını çəkdi. Niyə onlar həbs edilməyiblər?
Hakim zərərçəkəndən bu sualı kimə verdiyini soruşur. O, “mən bu sualı həm sizə, həm də şahidə verirəm” cavabını verir.
Hakim:
– Sizin məhkəməyə sual vermək hüququnuz yoxdur. Şahidə sualınız varsa, buyurun!
Şahid:
– Məmmədov və Fətəliyev həbs edilib. Ermənini oddan çıxmağa qoymayan Aleksandr Qraç azadlıqdadır. Mən Qraç haqında sözlərimi ilkin istintaqa verdiyim ifadələrdə də demişəm…
ardı var
Surxay Hüseynli,
Azər Hüseynbala



