(ikinci yazı)
Dünən Zaur Qurbanlı da saxlanıldı və NIDA-nın həbs olunan üzvlərinin sayı 7-yə çatdı. Mən dərhal Cabbar Savalanlının həbsini xatırladım. Yeni gəncliyə həmlə dalğası o günlərdə başlamışdı. Amma nə baş verdi, gəncliyin qarşısı alındımı? Prosesləri dəyişdirmək mümkün oldumu? Əlbəttə, yox!
Həbslərin sayı 7-dən 700-ə qalxsa belə, bu dalğanın qarşısını almaq mümkün olmayacaq. Çox sadə bir səbəbi var bunun. Artıq Əliyevlər hakimiyyəti, onu təmsil edənlər, onların söykəndiyi dəyərlər, onların idarəçiliyi keçmiş sayılır. Bu rejim təkcə batan gəmi deyil, o, çox pis və utanılacaq keçmişdir, insanlar da bu keçmişə bulaşmaq istəmirlər. Ən əsası odur ki, doğrudan da xalq bu keçmişlə qalmaq istəmir, bunların pulu-malı da artıq çox az adamı maraqlandırır, onların zoru da getdikcə daha az adamı qorxudur. Indi baş verənlərin isə sadə bir adı var: keçmişin adamları gələcəyin adamlarını həbs edirlər. Keçmiş isə gələcəyin qarşısını ala bilməz…
Açıq görünən bir həqiqət var. Bu həbslər cəmiyyəti qorxutmur. Gəncliyi çəkindirmir, onların proseslərə gəlişinin və azadlıq tələblərini bəyan etməsinin qarşısını almır. Əksinə, iqtidarın gəncliyə total hücumu onların özünəinamını artırır. Onlar özlərində güc hiss edir, yaşadıqları mübarizə onlar üçün həm də fərdi özünütəsdiq prosesinə, fəxr etdikləri taleyə çevrilir. Təbii ki, əngəllərdir bunlar, lakin həlledici əngəl ola bilmir. Həm də bununla təkcə həbslər adiləşmir cəmiyyətdə, təntənə hissi yaranır gəncliyin qəlbində.
Təxminən bir neçə yüz nəfərlik bir təşkilatın varlığı milyardları olan 20 illik bir rejimi təşvişə salıb. Hər şeyə gedirlər ki, bu təşkilatı dağıtsınlar. Axı nəyi dağıdacaqsınız? Bunun nizamlı strukturu, ölkəboyu şaxələnən təşkilat quruluşu-zadı yoxdur. Ofisi, qərargahı da həmçinin. Bu, prosesdir. Təkrar deməyə ehtiyac var bunu. NIDA-nı bir qurum olaraq çökdürə bilsələr də, NIDA-çılığı bu ölkədə çökdürmək mümkün olmayacaq. NIDA artıq böyük bir missiyanı həyata keçirib – bu təşkilat gəncliyin inamını özünə qaytarmaqda misilsiz rol oynadı. Göstərdi ki, hətta heç bir qüvvədən dəstək almadan da gənclər təşkilatlana və öz haqları uğrunda mübarizə apara bilərlər. NIDA-çılıq artıq NIDA ilə məhdudlaşmayan geridönməz, qarşısıalınmaz bir tendensiyadır.
Internet qlobal hörümçək toru olduğu kimi, bu proses də qlobal bir tordur. Biri xaricdə, bir Qubada, digəri Bakıda, başqa birisinin isə yeri-yurdu bilinmir. Həm də təkcə NIDA deyil meydanda, bunun başqa təşkilatları var, təşkilatlarda olmayanları var. Tutursunuz, artırlar. Onlar sanki əsl bahardır və kimsədən soruşmadan gəlir bu bahar. Qışın sonunun nə qədər sərt keçməsi isə onun qarşısını ala bilmir. Ala da bilməyəcək.
Dünən həbs olunan Zaur Qurbanlının anası məhkəmənin qarşısında ağlaya-ağlaya bilirsinizmi nə deyib? Ağlayıb, amma yalvarmayıb. Əksinə, deyib ki, oğlu ilə, oğlunun dostları ilə FƏXR edir. Görürsünüz ki, proseslər çox ağır cəza olan həbsin, yəni analarda göz yaşları axıdan bir cəzanın fəxrə çevrilməsi ilə gedir…
Hələ Emin Milli və Adnan Hacızadə həbs ediləndə mən illərdir tanıdığım və hörmət bəslədiyim Hikmət Hacızadəyə yaxınlaşıb dedim: “Bəy, sizə yalnız bir şeyi deyə bilərəm. Iki oğlum var, kaş onlar da böyüyəndə Adnan və Emin kimi mənəviyyat yolunda olsunlar. Oğul sarıdan xoşbəxtsiniz”.
Oğullarımızla fəxr etməkdəyik və onlarla bir yerdəyik!