Başım dumanlıdı, Heydər, Şuşanın dağları kimi

Rüstəm Behrudi

Yenə bahar gəldi, payıza çox qalıb hələ. Tövbə eləməyə,
iman gətirməyə vaxt var hələ, əfəndilər. Bu məmləkət allahlarla doludu və allahlar olan yerdə allahın olmadığını siz də bilirsiniz, mən də.
Hərdən özümdən soruşuram. Burdayammı, deyilmiyəm? Axı kiməm, nəyəm mən?
Yosunmuyam, balıqmıyam? Mələkmiyəm, şeytanmıyam? Daşmıyam, ağacmıyam? Yox! Mən dənizəm, tanrıyam, təbiətin özüyəm.
Bəlkə itəm, bəlkə də bir quş. Yox! Mən bunların hər ikisi – qanadlı bir köpəyəm. Sən, ey qanadları qana batmış şair, sən-qələmi kül üstündə oynayan yazıçı.
Qanadlı bir köpək olmaq qorxulu bir şeydi. Eşidirsinizmi məni?!
 Bütün günahların səbəbini zamanın üstünə atan qanadlı bir köpək olmağın qorxusu var içimdə:
Bax, qorxu bu milləti,
Bitirdi yavaş-yavaş.
Ölməlidi bu qorxu,
Bitməlidi bu savaş.

BAŞIM HAVALANIB DAHA

1988-92-ci illərdə Ağdam, Qubadlı, Goranboy uğrunda döyüşlərdə qəhrəmanlıq göstərmiş Şuşanın müdafiəsində namərdcəsinə öldürülən Heydər Həmidovun xatirəsinə
                                    
Bakı! Bağrın niyə çatlamır,
Sənnən yol öldü Şuşaya.
Dilimdə sözlər buz bağlayıb,
Qalıb üşüyə-üşüyə.

Başım havalanıb daha,
Dəliyəm, dəlinin oğlu.
Əlinin oğlu, hardasan,
Hardasan, Vəlinin oğlu?

Əlinin oğlu, hardasan,
Hardasan, Vəlinin oğlu,
Əynindəki qanlı köynək,
Kimindi, dəlinin oğlu?

Kimindi dəlinin oğlu,
Əynində can verir hələ,
Şuşada aldığın yara,
Bakıda qan verir hələ.

Əfv et, dərdin oğlu Heydər,
Sən dəlinin adı mənim.
Öldürdülər səni yüz yol,
Xəbərim olmadı mənim.

Bu il də yenə qar yağdı,
Açmamış, göz görə-görə,
Behrudda qoşa şəhidin
Qəbrində bitən güllərə.

Şuşa öldü, de hardasan,
Şuşanın ahının oğlu?
Hardasan Aqil Abbasın,
Ağdamlı Şahinin oğlu.

Dumana döndüm, içimdə,
Güman yaşada-yaşada.
Səsim niyə çatmır, Tanrım,
Məcidin oğlu Rəşada?

Qar yağdı Xarı bülbülə,
Xar oldu bəxt də, yazı da.
Çat verib bir məzar Şərurda,
Biri də Qarayazıda.

Dərdə bax, qalıb ortada,
Ahın, dərdin, qəmin oğlu.
Sənindi bu savaş, sənindi,
Behrudi Rüstəmin oğlu.

Bir çiçək üstə ölürəm,
Yolun azmış arı kimi.
Başım dumanlıdı, Heydər,
Şuşanın dağları kimi.

CƏHƏNNƏMDƏN QALXAN DUMAN

Tanrım! Yaratdığın cəhənnəmdən qalxan duman səni görməyə qoymadı. Kimdi günahkar?

Allahım, kimdi günahkar;
Bəndən günahdan doymadı?!
Cəhənnəmdən qalxan duman,
Səni görməyə qoymadı.

Tanrım, söndür cəhənnəmi,
Aydınlat hər şeyi, Tanrım!
Yerdəsən yeri, göydəsən,
Aydınlat göyü, Tanrım.

Barışdır mənnən şeytanı,
Bax, gör kim kimdən böyükdü.
Barışdır, qoy görüm sevgin
Nifrətdən, kindən böyükdü.

Gecənin oğludu gündüz,
Qəhqəhə dərdin-ahın.
Səndən özgə kim sorar
Savabımdan günahı.

Tanrım, gözəldi çarmıxda
Isa tək bir an yaşamaq.
Bir axar su tək sənnən də
Heç nə ummadan yaşamaq.

Mələklər səni görəcək,
Bir gün içimi yaranda.
Məni araçı qıl Tanrım,
Şeytanla sənin aranda.

Barışdır yeri göy ilə,
Bir mənə, bir şeytana bax.
Barışdır hər şeyi, görüm –
Necədi düşmənsiz yaşamaq.

Heç nə sürməz sonsuzadək,
Barışdır xeyri şər ilə.
Tanrım, özün də dön barış,
Yaratdığın bəşər ilə.

Allahım, kimdi günahkar,
Bəndən günahdan doymadı.
Cəhənnəmdən qalxan duman
Səni görməyə qoymadı.

AND OLSUN
                                                           And əslində bir şeyi qəlbinlə təsdiqləməkdi, iman gətirmək kimi şeydi əslində.

And olsun
Gecənin gündüzlə
görüşdüyü ana,

And olsun
Tanrının Iblisə qiyamət gününədək
verdiyi amana!

And olsun
Göy üzünü dirək kimi saxlayan
yeriyən dağlara,

And olsun
Şuşada minarəsi yıxılmış
Sahibsiz Allah evinin
Düşən daşlarının
Sinəsindəki dağlara!
(Şuşa! Zorlanmış bacı,
Təhqir olunmuş ana,)

And olsun
Yeddi oğul böyüdüb
ortada qalan
ana tabutuna.
Zalım dost!
Bu gecə könlümdən nə keçir?!
Yenilmək qorxusu…
Kül olmaq, qarışmaq
Tanrının atəşgahdakı oduna. And olsun!
And olsun!
Masmavi göy üzü altında
Qıpqırmızı qanımla suvardığım
Yamyaşıl məmləkətin adına
Zalım dost! Qoy deyim,
Qorxduğum gün də gəldi;
– Iblis kimi təkbaşına
Qiyaməti gözləmək
Mələklərin xorunda
Allaha dua oxumaqdan gözəldi.
Tanrım! Hamı səndən qaçır
Hamı yenilir daha.
Bəlkə bu gün ya sabah
Məni də yendirəcəksən
andımdakı günaha.
And olsun! Turan adlı bir elə
Daha məmləkətdə kimsə yox,
Yoxdu nöqtə və nida…
Deyim – “salam” qalıram,
Deyim – “sağ ol” əlvida.
Məmləkətim!
Tabım yoxdu daha
Dərdinə, əzabına, acına.
And olsun, yoxdu daha
Min ildi üz tutub gəldiyim
dar ağacına.

And olsun!
Gücsüz, yorğun Allaha.
Tabım yoxdu daha.
Əvvəl nədi, axır nə
Lənət olsun bu günə
Bir süngünün üstünə
Yüyürüb ölməliyəm.
And olsun!
Bir süngünün üstünə
Yüyürüb ölməliyəm.

MƏZARLIQDA BITƏN YOVŞAN

Çox qəribədi… Gördüyüm bütün kənd məzarlıqlarında yovşan bitir. Və bütün məzarlıqlardan yovşan qoxusu gəlir. Yovşan ətri hər yerdə hüzn, kədər və ayrılıq əlamətidir.

Ətrin öldürdü məni,
Bağrım oldu yenə şan-şan.
Gördüm ki, boş bir məzara,
Yenə məndən danışırsan,
Məzarlıqda bitən yovşan.

Əlim qoynumda gəlmişəm,
Əfv et, hönkürüb ağlasam;
Öz qəbrim üstə qoyacam,
Sənnən bir dəstə bağlasam,
Məzarlıqda bitən yovşan.

Sən arxasız, mən kimsəsiz,
Sənnən axır göz yaşlarım;
Burda daşlar daş deyil ki,
Bacılarım, qardaşlarım,
Məzarlıqda bitən yovşan.

Bu son bahar da ölmədim,
Ölmədim, yaz, yaz günaha.
Mən öz tabutundan tutub,
Dönən bir ölüyəm daha
Məzarlıqda bitən yovşan.

Məni dərd deyil, adamlar,
Adamlar öldürdü; Sən, sən…
Baş daşıma qoyulacaq
Çiçəklərdən də gözəlsən,
Məzarlıqda bitən yovşan.

Vədə tamamdı, dönəcəm,
Gəlim qarışım tüstünə.
Gələcəm dua oxuyaq,
Ölən bir şairin üstünə,
Məzarlıqda bitən yovşan.

Ətrin öldürdü məni,
Bağrım oldu yenə şan-şan.
Gördüm ki, boş bir məzara,
Yenə məndən danışırsan,
Məzarlıqda bitən yovşan.

BU NƏ CÜR MƏMLƏKƏTDI
                                                                  Insan haraya gedir-getsin məmləkətini ürəyində daşıyır.

Bu nə cür məmləkətdi,
Bəndəsi haqq istəmir.
Torpaq da bizdən bezib,
Vətən olmaq istəmir.

Ulaşmır daha qurdlar,
Öldü, bitdi umudlar.
Bu boşalan buludlar,
Təzədən dolmaq istəmir.

Üst-başım tilit qandı,
Dur sönən şamı yandır.
Niyə zülmət – bu andır,
Sabah olmaq istəmir.

Zorlanıb ana-bacı,
Ölüm, qandı əlacı.
Kim alacaq bu öcü,
Qardaş almaq istəmir.

Yenilib bac gəzirəm,
Dərvişəm, ac gəzirəm.
Əlimdə tac gəzirəm,
Kim şah olmaq istəmir?

Ruhumu bilə-bilə,
Yolladım şeytan ilə.
Bu yerdə Allah belə
Allah olmaq istəmir.
INCIL VƏ QURAN
Bu nə cür məmləkətdi,
Nə söz desəm qan çıxır.
Iblisin də cibindən
Incilnən Quran çıxır.

Uçub, dağılmır nədən,
Bu məmləkət, xanədan.
Hakimi meyxanədən,
Şairi qandan çıxır.

Qan ağlayır, qızıl qan,
Yolunda qoyduğum can.
Bəs niyə Azərbaycan
Sahibin yandan çıxır.

Yarımadım niyə mən,
Nə imandan, nə dindən.
Turan ölür yerindən,
Təbrizdə Iran çıxır.

Məmləkətim axı sən,
Nə cürə viranəsən?
Bəlkə də divanəsən
Taxtına duran çıxır.

Kəndiri boynuma tax,
Bu iş sonda olacaq.
Bu boyda məddah, yaltaq,
Bilmirəm hardan çıxır.

Bu nə cür məmləkətdi,
Nə söz desəm qan çıxır.
Iblisin də cibindən
Incilnən Quran çıxır.

NƏ YAXŞI KI ALLAH VAR

Hərdən mənə elə gəlir ki, insanın bütün canatmaları Iblis istəyindən başqa bir şey deyil. Və hər şey boş və  mənasızdır… Və bir də bu yaşımda anladım ki, çox ucada olanlar aşağıda olanları görmürlər. Allah istisnadı…

Söz Tanrı fərmanıdı,
Hər bir sözdə min ah var.
Hər yan zülmət içində,
Nə yaxşı ki, sabah var.

Tanrısı, Allahı yox,
Millətə bax, xalqa bax.
Taxtı viran olacaq,
Gör nə qədər Allah var.

Bir dağam – qurdu ölən,
Bir eləm – yurdu ölən.
Bilir ki, məni bilən, –
Iman adlı silah var.

Sən bilirsən, yol gedən,
Bədəni bu can nədən.
Qurtarmır bəhanədən
Sonda nə qul, nə şah var.

Sonda birsə haqq-hesab,
Nəyə lazım dörd kitab?
Hər günahda bir savab,
Hər savabda günah var.

Alçaldıb dizi-dizi,
Sürüyür şeytan bizi…
Nə yaxşı ki, göy üzü,
Nə yaxşı ki, Allah var.

VƏ MƏN HAMIDAN FƏRQLI OLARAQ…

Çox şeylər bilirəm
Bu yer üzündə;
Bilirəm cənnətdə
Buğdanı hansı mələk
Göstərib Həvvaya.
Və hansı mələk
Küləksiz sovurub-sovub;
Bilirəm Adəm
Nə cür cənnətdən çıxıb,
Allah Iblisi dərgahından
Nə sayaq qovub.
Bilirəm niyə Iblisi öldürməyib, əfv eləyib Adəmi.
Və bilirəm sonradan
Nəfsinə qul eyləyib adamı.
Çox şeylər bilirəm,
Ancaq sirrini açmadan Allahın
Yaşayıram bildiklərimi unuda-unuda
Bilirəm Iblisin gizlində Allahın
Dostu olduğunu da.

P.S. Bu gün ilk dəfə olaraq 25 ildən sonra Yazıçılar Birliyinə-Natəvan kulubuna getdim. Dostum Sabir Rüstəmxanlının kitabının təqdimatı idi. Natəvan kulubu o qədər işıqlı idi ki.