Qriqori Melexov “Sakit Don”un əsas qəhrəmanlarından biridir. O, qırmızılardan da, ağlardan da sayı itəcək qədər qan tökən bir adamdı. Başına gəlməyən müsibət yoxdur. Çəkilməyən müsibətlər yaşayan bu adam bir gün çox ağır sınaq qarşısında qalır.
Qırmızı inqilab qalib gəlir. Qriqori bu inqilab naminə hətta öz qaynını güllələyir və məsul bir vəzifə tutur.
Bir gün dövlət quruculuğundan yorğun evə gələn Qriqori arvadını qaşqabaqlı görür.
Nolub? Bəlli olur ki, evdə neçə gündür duz yoxmuş. Duz!
Qan-qada, güllə, mərmi qarşısında sipər olan qəhrəman duzsuzluq qarşısında acizlik yaşayır.
Elə 4 cildlik qalın romanda məni ən çox təsirləndirən səhnələrdən biri bu idi.
Desəm ki, o gün Qazax səfərimdə bu səhnəni canlı gördüm, inanarsınız?
Qazaxın erməni ilə burun-buruna dayanan kəndlərindən birindəydim – Aşağı Əskiparada.
Azərbaycan kəndləri onsuz da səfalət içində təbii şəkildə batır. Indi siz bunun üzərinə gəlin güllə məsafəsində düşmənin dayanmasını. Hər an açıla bilən silah həyəcanını. Mərmidən darmadağın olan mənzərəni.
Belə bir şəraitdə qazaxlıları görmək çox ağır idi. Burda sanki hər şey insanın qəsdinə durub. Ev heyvanları belə orda kədərli görünürdü. Bunları keçin, hadisə qabaqdadır.
Mən ora jurnalist kimi getmişdim. Hər evdə, hər adam şikayətçi idi. Insanlar bilirdi ki, onların problemlərinin heç 1 faizini həll etmək gücündə deyiləm. Ancaq bu adamları o qədər binəsib, yiyəsiz qoyublar, o adamları o qədər özləri ilə tənha buraxıblar ki, onlar sadəcə dərdlərini danışmağa birini gəzirlər.
Mən bir müharibə veteranı ilə söhbət etdim və “Sakit Don” orda gözümdə canlandı.
Adam müharibənin od-alovundan çıxıb. Indi iki qızı var. Balaca məktəblilərdir. Evləri uçduğundan və təmir üçün pul olmadığından onlar ailəlikcə atılmış bir evə sığınıblar. Buna dözürlər. Dözülməz müharibə kimi qorxulu prosesdə iştirak edən bir igidin məişət qayğıları içində qıvrılmasıdır. Güllədən yayınıb, məişətdə yaralanmasıdır. O mənə dedi: “Qızımın gözü xəstədir. 6 aydan bir Bakıya özəl xəstəxanaya aparmalıyam. Indi 9-cu aydır. Apara bilmirəm. Necə aparım, nəylə aparım? Bəzən elə olur, evə gəlirəm, uşaq deyir ki ”ata, bəs filan şeyi almamısan”, almadığım üçün utanıb geri qayıdıram, onlar yatanda gəlirəm”.
Bir kənd uşağının atasından istədiyi nə ola bilər ki? Uzağı bir “gəlincik”, “kinder-sürpriz”-filan.
Bir döyüşçüsünü, bir valideyni bu qədər aciz qoyacaq qədər analoqsuz ölkədir Azərbaycan. Duzsuz, dadsız qoydular bu ölkəni!
Narkoşər
Sumqayıtda cavan bir cəbhəçiyə – Daşqına verilən narkotik ittihamı bizə gülməli gəlir. Bəli, biz – yəni ağlı başında olanlar – vicdanı kirlənməyənlər bilir və deyirlər ki, bu böhtandır, şərdir. Bəs, niyə hökumət bu qədər tupoyluq edir; elə hey narkotik, narkotik!..
Əslində qəvi düşmən tupoy deyil, hiyləgərdir. O, təbliğatın yaramaz gücünə bələddir. Bilir ki, bir yalan nə qədər tez-tez tədavülə buraxılsa, insanların şübhəyə düşməsi o qədər asan olacaq. Yəni adamlar fikirləşəcək, bu tutulan müxalifətçinin biri narkoşərin qurbanıdır, ikincisi də, beşincisi də… bəs o birilər? Və bu halda yersiz “od olmasa tüstü çıxmaz” məsəli dövrəyə girəcək.
Bu yaramaz təbliğatın yeriməməsi üçün düşünməliyik.
Al, nənəcan, bu da sənə MTN günü…
ANS ötən gün MTN-in yaranması günüylə bağlı süjetdə deyir ki, uğurlu Çaykənd, Şaumyan kənd rayonunun azad edilməsində MTN əməkdaşlarının böyük xidmətləri olmuşdur.
MTN zabiti olan Ilham Ismayılın Facebook səhifəsində verdiyi replika yerindəydi:
Adı çəkilən əməliyyatların rəhbəri general Vaqif Hüseynova qondarma cinayət işi qaldırılıb, Azərbaycana gələ bilmir, o bölgənin kuratoru, döyüşlərin iştirakçısı, Çaykəndə, Buzluğa ilk daxil olan Ilham Ismayılın isə təqaüdünü vermirlər. “Al, nənəcan, bu da sənə MTN günü”.

Güllədən güclü
•