ACP lideri ilə Müsavat yetkilisi bir-birlərini sərt ittiham etdi
“Yeni Müsavat” qəzetinin tribunasından heç vaxt məna kəsb edən söz deməyi bacarmayan şəxslərin tribuna kimi istifadə etməsi çox da yaxşı hal deyildir. Həyatında şüar deməkdən başqa heç vaxt heç bir iş görməyən şəxslərin ömrünü təmasda olduğu insanların yaxşı yaşamasına sərf etmişlər barədə tükürpədici haray qoparmasının kimə xeyri olacağı məlum deyildir”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri eks spiker Rəsul Quliyev facebook səhifəsində yazıb. Rəsul Quliyev ad çəkməsə də, hədəfi Müsavatın Icra Aparatının rəhbəri Arif Hacılı olub. Çünki Arif Hacılı son açıqlamasında Rəsul Quliyev haqda sərt ifadələr işlədib. O, deyib ki, zaman-zaman Rəsul Quliyev kimilər Azərbaycan cəmiyyətini üz-üzə qoyaraq, öz şəxsi maraqlarını həyata keçirməyə çalışırlar. Indi də Rəsul Quliyev böhtançı, şantajçı açıqlamalarla Müsavat Partiyasına və Azərbaycan cəmiyyətinə qarşı yönəlmiş fikirlər səsləndirir.
Rəsul Quliyev cavabında daha sonra yazıb: “Mən yazımda naxçıvanlı ermənistanlı qarşıdurma yaratmaq cəhdini ağılsız hərəkət kimi pisləmişəm. Cavab verən niyə bu məsələnin onlara aid olduğunu qəbul edib ağzına gələni havaya səpələyir. Niyə başqa partiyadan olanlar bu ittihama görə narahat olmur.
Mən hələ ahıl olmayan vaxtlarda bu tip insanlara yuxarıdan aşağı baxırdım, indi də davam edirəm. Mən həmin 1992-93-cü illərdə də bu tipli adamların xalqın başına gətirəcəyi bəlaları görürdüm, danışırdım və onlar da heç vaxt cəsarətləri tapıb cavab vermirdilər. ABŞ-da görüşəndə də onları kifayət qədər tənqid etməyimə baxmayaraq heç vaxt cavab verən görməmişəm. Həmişə arxadan zərbə vurmağa öyrənmiş bu insanlar heç vaxt düzələ bilməzlər. Məni ahıl, özünü gənc sayan bu insanlar fikrimcə gənc doğulublar, elə gənc də bu dünyanı tərk edəcəklər, heç vaxt qocalmayacaqlar. Anadan olduqları rayonlarda insanların real yaşayış şəraitindən xəbəri olmayan, insanların real gəliri və xərclərinin balansını qura bilməyən, özlərini Azərbaycanın lideri görmək arzularına nə adı verə bilərsiniz”.
Arif Hacılının Rəsul Quliyevə cavabı gecikməyib. O, facebook səhifəsində yazıb: “Rəsul Quliyev mənə yuxarıdan aşağı baxdığını deyib. Qeyri -adi bir şey deyil. O Heydər Əliyev dühasını anlamadığı üçün bütöv bir xalqa yuxarıdan aşağı baxan,”bədbaxt xalq” deyən birisidir. Bircə mürşüdü Əliyevə aşağıdan -yuxarı baxıb, amma heç onun təklifi ilə də indi rəhbərlik etmək iddiasına düşdüyü Azərbaycanın müstəqilliyinə səs vermədi”.
Arif Hacılı sonda bildirib ki, Rəsul Quliyev ondan yalnız pulunun və iddialarının çoxluğu ilə üstün ola bilər.


