abs-azerbaycan2

ABŞ-la Azərbaycan arasında diplomatik qalmaqal

abs-azerbaycan2Qaralovdan NDI-ya korrupsiya ittihamı, səfirliyin cavabı və “Kerrinin zəngi”

Baş prokuror Zakir Qaralov ABŞ Milli Demokratiya İnstitutunun (MDİ) Azərbaycandakı nümayəndəliyinin fəaliyyəti ilə bağlı Birləşmiş Ştatların Azərbaycandakı səfiri Riçard Morninqstara müraciət edib. Bu barədə mətbuata Xarici İşlər Nazirliyindəki mənbədən məlumat daxil olub.

Hakimiyyətdən MDİ-yə 1 milyonluq korrupsiya ittihamı

Müraciətdə deyilir ki, mətbuatda nümayəndəliyin işində mövcud olan nöqsanlarla bağlı dərc olunmuş məqalələr cəmiyyətdə böyük ictimai rezonans doğurub. Prokurorluq orqanlarının apardığı araşdırmalar nəticəsində MDİ-nin ölkəmizdəki nümayəndəliyi tərəfindən fəaliyyətinin həyata keçirilməsi zamanı “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” və “Qrant haqqında” Azərbaycan Respublikasının qanunlarının, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.12.2009-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Qeyri-hökumət təşkilatlarının illik maliyyə hesablarının forması, məzmunu və təqdim edilməsi Qaydası”nın tələbləri pozulmaqla, 23.07.2012-ci il tarixə kimi Bakı, Gəncə, Tovuz, Şirvan, Yevlax, Şəki, Xaçmaz və Cəlilabad şəhərlərində ofis və regional məlumat mərkəzlərinin müvafiq qaydada qeydiyyata alınmadan və akkreditə olunmadan fəaliyyət göstərərək qrantlar payladığı, hesabat dövr başa çatdıqdan sonra illik maliyyə hesabatlarının müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsi kimi qanunsuzluq hallarına yol verilıb. Nümayəndəliyin rəhbəri Alekseys Qriqoryevsin Beynəlxalq Bankda açılmış hesabından 02.03.2010-cu il tarixdən 13.12.2012-ci il tarixə kimi olan dövr ərzində 1.007.990.44 ABŞ dolları məbləğində pul vəsaitinin istifadə olunma təyinatı barədə məlumatlar verilmədən məxaric olunduğu müəyyən edilib. Məlumata görə, Milli Demokratiya İnstitutu pulları nağd şəkildə paylayıb”.

Dünən Milli Demokratiya İnstitutunun Azərbaycan nümayəndəliyinin rəhbəri Aleks Qriqoryevs Zakir Qaralovun məlum müraciətinə münasibət bildirib. Qriqoryevs “Qafqazinfo”ya açıqlamasında deyib ki, bu məsələ birbaşa ona aid olmadığı üçün rəy vermək istəmir: “Bu məsələ bütövlükdə şəxsən mənimlə deyil, Azərbaycan və MDİ, həmçinin ABŞ-la bağlı olduğu üçün biz rəsmi cavab hazırlayırıq”.

ABŞ səfirliyi MDİ-yə qarşı ittihama cavab verdi

ABŞ səfirliyi isə Milli Demokratiya İnstitutunun və onun Bakıdakı təmsilçisi Aleks Qriqoryevsin ünvanına səslənən ittihamları rədd edib. Səfirliyin mətbuat xidmətindən “Turan” agentliyinin sualına cavab olaraq bildiriblər ki, baş prokurorun məktubu səfirliyə daxil olub və MDİ-yə ötürülüb. İttihamların mahiyyətinə gəlincə, ABŞ səfirliyi bəyan edir: “Biz təkrar edirik ki, MDİ və onun direktoru  Azərbaycan cəmiyyətinin və demokratik inkişafın dəstəklənməsi naminə çalışır”.

Kerridən Məmmədyarova “MDİ zəngi”

Dünən xəbər yayıldı ki, ABŞ-ın dövlət katibi Con Kerri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarova zəng edib. Bu xəbər diplomatik mənbələrdən APA-ya daxil olub. Məlum olub ki, tərəflər qarşılıqlı maraq doğuran məsələləri, o cümlədən Milli Demokratiya İnstitutunun Azərbaycandakı fəaliyyəti, ATƏT-in Bakı Ofisinin statusu məsələsini müzakirə ediblər. ABŞ-ın Azərbaycandakı səfirliyindən isə APA-ya bu telefon danışığından xəbərsiz olduqlarını deyiblər.

ABŞ səfirliyi: Con Kerri Məmmədyarova zəng etməyib
 
Az sonra isə səfirlik “Turan” agentliyinə açıqlama verərək ABŞ dövlət katibi Con Kerrinin Azərbaycan XİN rəhbərinə telefon zəngi barədə məlumatların həqiqətə uyğun olmadığını bəyan edib: “Dövlət Departamenti və Con Kerrinin şəxsi ofisi zəng haqqında məlumatları təkzib edir”, deyə səfirliyin mətbuat xidmətindən bildiriblər.
Axşama doğru Azərbaycan XİN-in mətbuat xidməti də təkzib yayaraq, ABŞ dövlət katibliyindən zəng olunmadığını bəyan ediblər.

“Bu şayiələr hakimiyyət tərəfindən yayılır”

Adının açıqlanmasını istəməyən keçmiş deputatlardan biri Turan-a bildirib ki, bu şayiələr, çox güman ki, hakimiyyət tərəfindən yayılır: “Rəsmi Bakı işi elə təqdim etməyə çalışır ki, guya ABŞ Bakıdan ATƏT və MDİ ofislərini bağlamamağı çox xahiş edir. Bakı isə “alicənablıq” göstərərək tərəfdaşının maraqlarını nəzərə alır və ona güzəşt edir. Lakin bütün bunlar axmaqca görünür və olsa-olsa yalnız Az.TV tamaşaçılarına təsir göstərə bilər”.

“Səfirlik bizim məlumatı təkzib etməyib”

“APA Holdinq”in prezidenti Vüsalə Mahirqızı isə “Azadlıq”a açıqlamasında ABŞ səfirliyinin onların yaydığı məlumatı təkzib etmədiyini bildirib: “Məlumatda deyilir ki, ABŞ Dövlət Departamentinin nümayəndələri ilə cənab Məmməyarov arasında bu həftə danışıq olmayıb. APA isə məlumatın heç yerində danışığın bu həftə olduğunu qeyd etməyib. Yəni ABŞ səfirliyi bizim məlumatımızı təkzib etməyib”.
Xatırladaq ki, bəzi KİV-lərin yaydığı məlumata görə, MDİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Aleks Qriqoryevs öz hesabından 1 milyon dollara yaxın vəsait götürüb və pulların hara xərcləndiyi barədə hesabat verməyib. MDİ isə bu ittihamlarla razılaşmayaraq Azərbaycanda fəaliyyətini şəffaf və açıq şəkildə həyata keçirdiyini bəyan edib.
Azərbaycan Xarici İşlər Nazirliyi ATƏT-ə müraciət edərək, ATƏT-in Bakı ofisinin statusunu layihə-koordinator səviyyəsinə endirmək istədiyini bildirib. Bununla bağlı müzakirələr davam edir.
Yaranmış vəziyyətlə bağlı bir neçə versiya mövcuddur. Birincisi, ehtimal olunur ki, rəsmi Bakı özünün yaratdığı çətin vəziyyətdən çıxmaqdan ötrü belə bir dezinformasiyaya ehtiyac duyub. Bu dezinformasiyanın məqsədi belə bir təəssürat yaratmaqdır ki, guya ABŞ MDİ-nin və ATƏT-in Bakıdakı faəliyyətinə maneə törətməmək üçün Azərbaycan hakimiyyətinə minnətçi düşür. Bunun müqabilində də rəsmi Bakı bu təşkilatlara olan münasibətini yumuşaldır. Digər versiya bundan ibarətdir ki, Azərbaycanda hansısa hakimiyyət qanadı belə bir informasiyanı yaymaqla Vaşinqtonla Bakı arasında münasibətlərin son dərəcə kəskin olduğunu ifadə etmək istəyir. Son zamanlar Azərbaycanın rəsmi siyasi dairələri belə təəssürat yaratmaq istəyirlər ki, Qərb strukturları ilə heç bir problem yaşamırlar. Bu məlumat isə hətta dünyanın əksər ölkələrində fəaliyyət göstərən beynəlxalq təşkilatların Bakıda ofis fəaliyyətini davam etdirməsi üçün ABŞ-ın ikinci şəxsinin müdaxiləsinin vacibliyini ortaya qoyur. Beləliklə hər iki halda Qərb və Azərbaycan strukturları arasında münasibətlərin gərgin olduğuna işarə edilir. Məlumatın ABŞ səfirliyi tərəfindən təkzib edilməsi isə Vaşinqtonun ümumiyyətlə bu cür prosesləri və oyunları ciddiyə almadığının görsənişidir.

Azadlıq