Bu vətənə necə qıydılar?

İlham Əliyevin Xorvatiyaya səfərindən sonra bu ölkənin hökumətini yerli insan haqları təşkilatları topa tutmuşdular, “siz bir korrupsiya rejiminin başçısı ilə necə bir masa arxasına otura bilirsiniz?!” deyə.
Və dünən Xorvatiyanın baş naziri bu tənqidlərə cavab verdi. Azərbaycanın demokratik ölkə olmadığını açıq dillə etiraf etdi, ardınca da Əliyevin əlini sıxmalarının səbəbini açıqladı: “Biz yeni dəmiryol vaqonları, gəmilər satmaq niyyətindəyik”.
Azacıq ağlı başında, vicdanı yerində olan adam üçün Xorvatiya baş nazirinin sözləri dəhşətli dərəcədə düşündürücüdür. Hər nə olur olsun, adamın qüruruna toxunur, adamın içini göynədir.
Niyə də toxunmasın? Niyə də göynətməsin?
Gəldiyimiz nöqtəyə baxın:
Sənin ölkəni dünyada imkanlı müştəri kimi görürlər. Sənin ölkənə pulu çox olan alıcı kimi baxırlar. Sənin ölkənin dəyəri başqalarının gözündə sadəcə, maddiyyata bağlıdır.
Bu gün sənin ölkənin başındakı adamın əlini ona görə sıxmağı özünə rəva görürlər ki, onun çoxlu pulu var, ona nələrisə satıb öz büdcəni doldurmaq mümkündür.
Vəssalam. Azərbaycan başqaları üçün bundan artıq heç nə ifadə etmir. Onun başqalarının gözündə dəyəri – neft pullarının dəyəri qədərdir.
Heç kimin ağlına Azərbaycan deyilincə müsəlman və türk dünyasının ilk demokratik respublikası…
Şərqin ilk teatrını…
Ilk parlamentini…
Ilk operasını yaratmış ölkə gəlmir.
Heç kim Azərbaycan deyilincə, indi dünyanın ən demokratik sayılan ölkələrində belə yasaqkən qadınlara seçib-seçilmək haqqı tanıyan…
Bir əsrdə iki dəfə xarici müstəmləkəyə savaş açıb, istibdad kəfənini yırtan, istiqlal bayrağını açan bir ölkədən bəhs etmir.
Dünya üçün Azərbaycanın tək dəyəri çoxlu pullarının olmasındadır. Hansı ki, o pullar belə bu rejimin alın tərinin, mərifətinin, qabiliyyətinin məhsulu-filan deyil. Təbiətin bu ölkəyə lütf etdiyi neftin hesabınadır.
Adam bilmir nə desin.
Heyf o kişilərin zəhmətinə…
Axundovların, Üzeyir bəylərin, Mirzə Cəlillərin, Rəsulzadələrin əməyinə yazıq!
Gecələrini gündüzlərinə qatıb bu məmləkətin çağdaş, modern, mədəni, azad bir dünya ölkəsinə çevrilməsi üçün çəkdikləri məşəqqətlərə, tökdükləri qan-tərə yazıq!
Bir ovuc adamın bitib-tükənməyən sərvət, hakimiyyət ehtirası sayəsində qazandığımız bütün mütərəqqi uğurlar anlamını itirdi, heç kim üçün dəyər daşımamağa başladı.
Açın baxın Xorvatiya tarixinə. Sonra dönün bizim son 150 illik keçmişimizə baxın. Artığımız var ki, əskiyimiz yoxdur.
Amma indi hətta onlar üçün də dəyərimiz pulla ölçülür, neftlə müəyyənləşir.
Nə günlərə saldılar bu ölkəni, necə urvatsız elədilər.
Yazıqlar olsun!
“Azərsu”nun açıqlamasının açıqlaması
Bilirsiniz, Masazır qəsəbəsində torpaq sürüşməsi başlayıb, səbəb kimi də ərazidəki evlərin kanalizasiya suları göstərilir.
Dünən bununla bağlı “Azərsu”dan münasibət öyrəniblər, qurumun rəsmisi deyib: “Masazırda hazırkı sürüşmə zonasında evlər tikiləndə ”Azərsu” Səhmdar Cəmiyyətindən razılıq alınmayıb”.
Məntiqi görürsünüzmü? Ortada insanların həyatına bir təhlükə var, bir dövlət qurumu isə nə vaxtsa onlardan “həri” alınmamasının davasını edir. Belə çıxır ki, allah eləməmiş, sabah sizin təcili tibbi yardıma işiniz düşür, ordan isə sizə cavab verirlər ki, pardon, əlimizdən bir şey gəlmir, çünki yaşadığınız ünvanı seçərkən bizdən razılıq almamısınız.
Ya da iraq-iraq, qulaqlara qurğuşun, eviniz çıtır-çıtır yanır, yanğınsöndürən çağırırsınız, cavab verirlər ki, biz ora gələ bilmərik, evinizi orda tikəndə bizəmi soruşmusunuz?
Bürokratiya da bir yerə qədər, cənablar! Ortada insanların taleyi, onların can və mal güvənliyi varkən hər dövlət qurumunun bir bəhanə arxasında gizlənməsi asandır, mərifət vətəndaşını zamanında o təhlükədən sığortalamaqdır. Dövlət qurumu deyilən zadlar da zatən bunun üçün var!
Əslində isə mən “Azərsu”nun açıqlamasında bir bəhanədən çox, bir inciklik, bir küskünlük sezdim.
Məncə, o açıqlamanın əsl açıqlaması belədir: “Həmin evləri tikənlər zəhmət çəkib vaxtında bizi dədə-baba qaydası ilə ”görsəydilər”, ağzımıza bal çəksəydilər, başlarına da bunlar gəlməzdi. Kanalizasiya suyu da boş şeydir, torpaq sürüşməsi də. Onları bizim ahımız tutub”.