Bu ölkədə tiryək, heroin, nəşə təkcə narkotik maddə deyil, həm də rejimin dostudu.
Bu elə bir dostdur ki, rejim bu dostu müxalifətin sayəsində qazanıb. Necə deyərlər, hakimiyyət və narkotika müxalifətə qarşı birləşib.
Bizim toylarımızdan, yaslarımızdan plov əksik olmadığı kimi, müxalifətçilərin həbsi zamanı da narkotika əksik olmur.
Bir sözlə, narkotika rejimin “aş mərasimi”di.
Cəbhəçi gənc Cabbar Savalanlının, “NIDA”çı gənclərin, son günlər digər cəbhəçi Daşqın Məlikovun həbsi də narkotikanın “müşayiət”ilə baş tutub.
Daşqın Məlikov “astma” xəstəsidi. Hətta siqaret çəkmək də ona qadağandı.
Görününr, bu ölkədə yaltaq, məddah olmağı bacarmayanların, narkoman olmaq şansı böyükdü.
Əgər ədalətsizliyə qarşı üsyan edənləri narkoman adlandırırlarsa, o zaman biz doğrudan da narkomanıq.
Biz narkomanıq, amma kimlərinsə cibinə milyonlarla gəlir gətirən narkotikanı qəbul etdiyimizə görə yox, azad, demokratik, hüquqi bir ölkədə yaşamağı arzu etdiyimizə görə.
Biz narkomanıq, amma damarımıza hansısa məmur övladının yeritdiyi narkotikanı yeritdiyimizə görə yox, beynimizə bu millətə qənim kəsilənlərlə mübarizəni yeritdiyimizə görə.
Biz narkomanıq, amma bariqalardan “mal” aldığımıza görə yox, Elçibəylərin, Rəsulzadələrin, mütərəqqi düşüncəli insanların, ideya və düşüncəsini miras aldığımıza görə.
Biz yeganə narkomanıq ki, “xəstəliyimiz” qolumuzdakı iynə yerinə görə yox, ürəyimizdəki arzuya, beynimizdəki düşüncəyə görə təyin edilir.
ABŞ Dövlət Deportamentinin Konqresə təqdim etdiyi hesabatda deyilir ki, Azərbaycan ərazisindən hər il 11 ton heroin keçirilir. Bu qədər narkotikanın “cəh-cəh” vurduğu ölkədə narkoman olmaq qədər asan nə var ki?
Ancaq biz elə bir zehniyyətin idaretməsində yaşayırıq ki, cibində avtobusa verməyə pulu olmayan gəncin, evindən külli miqdarda narkotika tapıla bilir.
Evində yatmış adamın, cibindən patron çıxa bilir.
Son həbs zamanı sevindik ki, narkotikanı saxta pulla əvəz etdilər. Ancaq rejim bunu bacarmadı. Öz “əqidə”sinə xəyanət eləmədi. Görünür, yapokratiya üçün də vazkeçilməz dəyərlər var.
Rejim məddahı olan bir gənc deyib ki, “bütün hallananlar, başı dumanlılar müxalifətə qoşulur”.
Sizcə bu təbii deyilmi?
Bu qədər ədalətsizliyin, sosial fəlakətin, yaltaqlığın at oynatdığı ölkədə, insanın başının dumanlanması, hallanması, hakimiyyətə müxalif mövqedə dayanması təbiidi.
Bu ölkədə narkotikasız da hallanmaq olur. Nəşə çəkmədən də baş dumanlana bilir.
Bu xalq bizim narkoman olmağımıza, sizin təmiz olduğunuza inandığı kimi inanır.
Bütün demokratik narkomanlarla qürur duyuram.
Aforizm qıtlığı
“Həkimlik gözəl peşədir”, “mənim Mehdiabadlılara xüsusi hörmətim var”, “su həyat mənbəyi olaraq qalır”, “bizim yaxşı statistika çıxardan, statistika komitəmiz var”, “dəmiryolçuluq şərəfli peşədir” və s. Bu siyahını uzatmaq da olar.
Bütün bu yazdığım “aforizm”lərin altında prezidentin adı olur. Hələ mən “bu körpü Ilham Əliyevin sərəncamı ilə tikilib” tipli plakatlara toxunmuram. Əvvəla, bu bayağı ifadələri aforizm kimi qələmə verib, ölmüş filosofların gorun çartlatmağa haqqınız yoxdur. Ikincisi, bu rejimin içində bir-iki hikmətli söz fikirləşə bilən adam yoxdursa, bu faciədir. Heç olmasa hansısa filosofun fikirin təhrif edib öz adınıza yazın. Siz ki bunu yaxşı bacarırsınız.
Cənab yapokratlar, liderinizi ucuz sözlərin müəllifinə çevirməyə utanmırsınız?
Bəlkə biraz yavaşlayasınız.
Ayıbdır, cənablar.

Biz necə narkoman olduq
•