Dünən Bakıda bomba həyəcanı yaşanıb. Xarici səfirliklərin, xüsusi kəşfiyyat orqanlarının xəbərdarlığı sanki öz təsdiqini tapıb. 45 dəqiqə polis mühasirəsində saxlanılan “şübhəli qutu” əməliyyatın sonunda zərərsizləşdirilib. Daha doğrusu, qutunun boş ayaqqabı qutusu olduğu üzə çıxıb.
Bu boş ayaqqabı qutusu əslində, terror təhlükəsinə, bomba partlayışına bir növ ayaq verilməsidir. Yəni, o qutunun dolu qoyulması ehtimalı da var. Bu boş qutu başqa bir dolu qutunun xəbərdarlığıdı. Ama bu qutunu kimlər qoyur və bundan sonra kimlər qoya bilər?
Bu aralar Bakını bürüyən əsl bomba həyəcanı isə heç də hansısa partlayıcı qurğu ilə bağlı deyil. Əsl bomba bütün Yaxın Şərqi bürüyən inqilabların bir gün dönüb bizim Bakıya da baxa biləcəyi xofudu.
Bu xof yaradan bombanı isə hansısa xarici kəşfiyyat orqanları deyil, Azərbaycanı idarə eləyən hakimiyyət qoyub. Onlar iqtidara gəldiyi gündən bu yana öz altlarına bomba qoymaqla məşğul olublar. Bir gün bu bombaların öz-özünə partlaya biləcəyini isə ağıllarına gətirməyiblər. Çünki ağıl yalnız milyardlar qazanmağa, taxtı əldə saxlamağa yönəlirsə, o zaman qalan bütün təhlükələr unudulur, qəfildən ayılanda isə gec olur.
Ölkəmizdə elə bir sahə tapmaq olmaz ki, orda iqtidarın qurduğu partlayıcıların geri sayan vaxt əqrəblərinin çaqqıltısı eşidilməsin. Ən dinc sahə olan ədəbiyyatdan başlamış dövlət idarəetməsinə, sənayedən kənd təsərrüfatına, ziyalıdan əməkçisinə, daşınmaz əmlak sahiblərindən iri fabrik-zavod yiyələrinə, dilənçidən milyonçusuna kimi hər kəsin və hər sahənin içində yapizmin qurduğu bombalar partlamağa hazır vəziyyətdə dayanıb. Bu bombalar öz təbii vaxtında və ya aldığı hansısa təsadüfi qığılcımdan partlaya bilərlər.
İlham Əliyev və Ramiz Mehdiyevin “antikorrupsiya şousu” bu bombaları zərərsizləşdirməkdə son dərəcə acizdi, çünki bu cür şoular bombanın özünü zərərsizləşdirə bilməz, bacarsa-bacarsa müvəqqəti olaraq partlayış xofunu səngidə bilər ki, bu da yekunda nəyəsə yarayan bir iş deyil. Hətta dörd-beş nazirin vəzifəsindən uzaqlaşdırılması, həbsə atılmasından da bir kar aşmayacaq. Bunun özü də müəyyən sürədən sonra əks effekt verməyə başlayacaq və hakimiyyətin cövhərinin, yəni korrupsioner mahiyyətinin açılmasına gətirib çıxaracaq. Zənnimcə, keçmiş səhiyyə naziri Əli Insanovun məhkəmə prosesi, prosesdə dilə gətirdiyi dəhşətli faktlar buna misaldı. Eyni şeyi artıq 4-5 nazir və ya ayrı-ayrı məmurlar boğazına su dirənəndə danışmağa başlayacaqsa, bu, daha da ifşaedici xarakter alacaq. (Eşitdiyim məlumata görə, elə o antikorrupsiya iclasının özündə ən iri nazirlər o faktları sadalayıblar və özlərini aldatmağın əbəs olduğunu söyləyiblər.) Hərçənd ki, o nazirlər danışmasa belə, xalq hər şeyin əslində necə olduğunu gözəl bilir. Çünki o, hər şeyi – hər ağrını, hər acını öz dərisində hiss eləyir, öz gözləri ilə şahid olur. Sadəcə, hökumətin öz içindən olan məmurların bunları danışması ayrı və daha təsirli effekt doğuracaq.
Aydın məsələdi ki, içəri atılan nazirlər susmaq haqda söz verməli olacaqlar ağalarına – əmlaklarının bir hissəsinin onlarda və özlərinin də həyatda qalacağına təminat alaraq. Lakin az keçmiş onlar ifşa olunmanın və aldadılmanın bəhrələrini dadanda dözməyəcəklər. Bax, o zaman bombalar partlamağa başlayacaq. Bu partlayışlar öz ardınca başqa obyektlərdə qurulmuş bombaların partlayışını doğuracaq. Onda Azərbaycanda bomba təhlükəsinin hardan qaynaqlandığını həm xalq, həm iqtidar biləcək.
Allah can sağlığı versin.