“İlham Əliyev bilir ki, cüzi demokratik seçki keçirərsə, məğlubiyyəti qaçılmazdır”
Həsən Kərimov: «Mövcud rejimin getməsini istəyən hər kəs iddiasından bir addım geri çəkilməlidir»
Bir neçə gün əvvəl elan olundu ki, AXCP prezidentliyə namizədini Ali Məclisin iyun ayında keçiriləcək sessiyasında elan edəcək. Ancaq partiyanın indi əsas işi Seçki Məcəlləsinin dəyişdirilməsi, seçkiqabağı mühitin demokratikləşməsi uğrunda mübarizədir. Bu və gündəmin başqa məsələlərinə dair “Azadlıq”ın suallarını AXCP Ali Məclisinin sədri Həsən Kərimov cavablandırır.
– AXCP prezidentliyə namizədini iyunda elan edəcəyini açıqlayıb. Bu açıqlamadan qabaq isə seçkiylə bağlı daha bir mühüm təşəbbüslə çıxış etmişdi. AXCP-nin irəli sürdüyü müxalifətin birlik ideyası böyük rəğbətə səbəb olmuşdu. Hazırda bu ideyanın gerçəkləşdirilməsi istiqamətində hansı addımlar atılır?
– AXCP seçki ilində qarşısına əsas məqsəd olaraq müxalifətin birliyini qoyub. AXCP müxalifətin geniş inteqrasiyası yolu ilə böyük birliyinə nail olunmasını vacib sayır. Bu istiqamətdə AXCP Ictimai Palatanın təsisçilərindən biri oldu. Burada AXCP, Müsavat və digər müxalifət partiyalarının təmsilçiləri, ziyalılar təmsil olunublar. Bu gün AXCP aparıcı siyasi partiya olaraq fəaliyyətini müxalifətin inteqrasiyası uğrunda qurur. AXCP lideri bu gün Azərbaycan cəmiyyətində kifayət qədər böyük nüfuza sahib siyasətçilərdəndir. AXCP-nin hazırda gücü digər partiyalarla müqayisəolunmaz dərəcədə yüksəkdir. AXCP də təbii olaraq prezident seçkilərində iştirak etməyə iddialıdır. Ancaq AXCP lideri dəfələrlə bəyan edib ki, müxalifətin daha geniş inteqrasiyasına nail olsaq, müxalifət düşərgəsini təmsil edən kəsimin böyük hissəsi mənim namizədliyimi müdafiə edərlərsə, mən təbii ki, məsuliyyəti üzərimə götürməyə hazıram. Eyni zamanda AXCP sədri vurğulayıb ki, bu rejimin dəyişməsi naminə digər müxalifət namizədi ondan şanslı olduğunu əsaslandıra bilərsə, o, iddialarından bir addım geri çəkilməyə hazırdır. Ona görə AXCP bu gün fəaliyyətini əsasən iki istiqamətdə – həm müxalifətin daha geniş inteqrasiyasına nail olmaq, həm də prezident seçkilərinə hazırlıq istiqamətində davam etdirir.
– Hazırda müxalifətin birliyinə nail olmaq üçün aparılan danışıqlarda vəziyyət nə yerdədir?
– Həm “EL” Hərəkatı, həm Müsavat Partiyası ilə intensiv danışıqlar aparılır. Eyni zamanda hələlik mətbuata adını tam açıqlamadığımız digər müxalif təşkilatlarla da danışıqlar başlanılıb. Hazırda, bildiyiniz kimi, VAMBP sədri Hacıbaba Əzimovun təşəbbüsü ilə müxalifətin daha bir birliyi yaradılır. Hacıbaba Əzimovun mətbuata verdiyi açıqlamadan bəlli olur ki, müxalifətin daha böyük koalisiyasının yaradılması istiqamətində çabalar göstərilir. Belə görünür ki, burada müəyyən irəliləyişə nail olunub və yalnız adını çəkmədiyi bir partiya sazişin imzalanmasını yubadır. Fikrimcə, bu partiya son anda bu birliyə qol qoymasa, AXCP təbii olaraq digər siyasi təşkilatlarla funksional əməkdaşlığı davam etdirəcək. Bu istiqamətdə partiya rəhbərliyinin digər təşkilatların rəhbərləri ilə əlaqələri var. Seçki ərəfəsində daha intensiv fəaliyyət göstərməyə çalışırıq.
Birlik üçün iddialardan geri durmalıyıq
– Indiyə qədər AXCP-yə aid olmayan bir çox tanınmış ictimai-siyasi xadimlər Əli Kərimlinin müxalifətin namizədi ola biləcəyi ilə bağlı fikirlər səsləndiriblər. AXCP sədri isə öz növbəsində bəyan edib ki, müxalifətin birliyinə nail olmaq üçün hər cür güzəştə getməyə hazırdır. Eyni yanaşmanı digərlərindən də gözləyirsinizmi?
– Bizim mövqeyimiz bundan ibarətdir ki, kim müxalifət birliyində səmimidirsə, kim mövcud rejimin Azərbaycanın siyasi həyatından getməsini istəyirsə, o zaman hamı iddiasından bir addım geri çəkilməlidir. AXCP sədri dəfələrlə bəyan edib ki, mən iddialarımdan bir addım geri çəkilirəm, amma gərək qarşı tərəf də bunu edə. Təəssüflər olsun ki, hələlik eyni mövqeyi hamı nümayiş etdirmir. Eyni zamanda partiyanın rəhbərliyində təmsil olunan insanlar da bu istiqamətdə fəaliyyətini davam etdirir. Biz çalışırıq ki, Azərbaycan cəmiyyətinin istəyini reallaşdıraq. Çünki müxalifətin birlik ideyası təkcə siyasi partiyaların yox, cəmiyyətin bir təşəbbüsü, sosial sifarişidir. Cəmiyyətin bu sifarişini həyata keçirmək üçün hamı iddialarından geri çəkilməlidir. Bunun üçün siyasi iradə və səmimilik lazımdır.
– Bu günlərdə Islam Partiyası da prezident seçkisində iştirak etmək niyyətini açıqladı və partiya funksionerləri bəyan ediblər ki, onlar da müxalif düşüncəli insanların birliyinə tərəfdardırlar?
– Islam Partiyasının ayrı-ayrı funksionerlərinin mətbuata açıqlamasından görünür ki, bu partiya da birliyin hazırkı durumda doğru yol olduğunu dərk edir. Biz bu mövqeyi təqdir edirik. Görünən odur ki, Islam Partiyası da siyasi partiyalarla 2013-cü il prezident seçkisində iştirakla bağlı əməkdaşlıq etməyə hazırdır. AXCP olaraq biz bunu müsbət qiymətləndiririk.
Hakimiyyət daxilində ciddi problemlər var
– Hakimiyyət daxilində seçki narahatlığı özünü açıq formada göstərməkdədir. Ekspertlər hesab edir ki, xüsusilə YAP-ın qurultayını avqust ayına keçirməsi partiyanın Ilham Əliyevin namizədliyinin 3-cü dəfə irəli sürülməsiylə bağlı ciddi tərəddüd keçirdiyini göstərir. Hakimiyyətin bu mövqeyini necə dəyərləndirərdiniz?
– Bu, hakimiyyətin içindən qaynaqlanan prosesdir. Hakimiyyətin içində artıq bu məsələdə vahid mövqe yoxdur. Artıq hakimiyyət daxilində qruplaşmalar arasında baş verən proseslər barədə mətbuata məlumatlar sızmaqdadır. Ermənistan-Naxçıvan qruplaşması ilə Paşayevlər arasında savaşın getdiyi yaxşı məlumdur. Hakimiyyət elə siyasət yürüdür ki, Ilham Əliyevin özünündə namizədliyinin irəli sürülməsi ilə bağlı tərəddüd var. Ilham Əliyev bilir ki, o, cüzi demokratik seçki keçirərsə, məğlubiyyəti qaçılmazdır. O, müxalifətin aparıcı siyasi liderlərinə yox, orta səviyyəli ziyalıya belə uduzacaqdır. Hakimiyyət xalqın etimadını tam itirib. Ona görə bölgələrdə, ayrı-ayrı idarə və müəssisələrdə baş verən lokal narazılıqlar göstərir ki, ölkə idarəçilikdən çıxıb. Digər tərəfdən, 2013-cü ildə dünyanın Azərbaycana baxışı dəyişib. Artıq dünya Ilham Əliyev kimi diktatorlarla vidalaşmaq yolunu tutub. Ona görə Ilham Əliyevin Rusiya ilə münasibətlərində son zamanlar soyuqluğun əmələ gəlməsi, eyni zamanda Türkiyə ilə münasibətlərdəki gərginlik təsadüfi deyil. Avropa və ABŞ-ın da Azərbaycana münasibəti bəllidir. YAP bütün bunları görür və ona uyğun addımlar atmağa çalışır. Bu yaxınlarda da Azərbaycandan Səməd Seyidovla, Asim Mollazadənin daxil olduğu xüsusi nümayəndə heyətinin ABŞ-a səfər etməsi də münasibətlərin normallaşmasına xidmət edirdi. Amma bu səfər də bir nəticə vermədi. Hakimiyyət xilası üçün müəyyən çabalar göstərir. Amma bütün bunlar bir nəticə vermir. Hakimiyyət xalqın gözündən düşdüyündən YAP sadəcə olaraq vaxt udmağa çalışır.
– Ölkənin tanınmış partiyasının rəhbərliyində tanınmış şəxssiniz. Sizcə, müxalifət üçün seçkidə Ilham Əliyevlə üz-üzə gəlmək məqbul olardı, yoxsa hakimiyyətin başqa namizədi ilə?
– Müxalifət üçün fərq etməz. Bu hakimiyyətin adı olan yerdə heç bir namizəd xeyir etməz. Ilham Əliyev də bu hakimiyyətin təmsilçisidir. Fərqli namizəd vəziyyəti dəyişmir. Hakimiyyət neçə ildir ki, xalqın başına oyun açır. Müxalifət hakimiyyətin hər hansı bir namizədinə qalib gəlməyə qadirdir.
Hakimiyyət təlaş içindədir
– Hakimiyyət bir qayda olaraq seçki ilində siyasətində müəyyən korrektələrə yol verərək, müxalifətin bölgələrə səfər etməsinə imkan yaradırdı. Amma bu günlərdə AXCP fəallarının Qazaxdakı izdihamlı aksiyasından sonra partiya funksionerlərinin Ağstafada tədbir keçirməsinə imkan verməyiblər. Bu təlaş nədən irəli gəlir?
– Bu, isterikadan irəli gəlir. Artıq hakimiyyət hətta beş nəfərin bir yerə toplaşmasından çox narahatdır. Bu hakimiyyət dəfələrlə bəyan edib ki, müxalifətin sosial bazası yoxdur. Bizim heç bir sosial bazamız yoxdursa, nəyə görə bizim mənzillərdə, dinc şəraitdə keçirilən müşavirələrdən belə narahatdırlar. Sadəcə olaraq hakimiyyət anlayır ki, bu gün rayonlarda da sosial bazasını itirib. Və insanların bir yerə toplaşması sonda qarşısıalınmaz prosesə çevrilə bilər. Ona görə bölgələrdə insanların bir yerə toplaşmasına mane olurlar, partiya funksionerlərinin rayonlara səfərləri hüquq-mühafizə orqanları tərəfindən izlənilir, müşavirənin keçirildiyi evlərin sahibləri polis bölməsinə çağırılır və onlara təzyiqlər edilir. Biz bütün bunların hamısına hazırıq. Amma heç olmasa seçki ilində Konstitusiyanın normalarına riayət olunmalı və tədbirlərin keçirilməsinə icazə verilməlidir. Onsuzda icazə verib-verməməsindən asılı olmayaraq biz mitinqlərimizi və toplantılarımızı keçirəcəyik.
– Hakimiyyətin təlaşı gənclərə qarşı repressiyalarda da özünü göstərir. AXCP Sumqayıt şəhər təşkilatının gənc fəalı Daşqın Məlikovun qondarma ittihamlarla həbsi, “NIDA”çı gənclərə qarşı kampaniya, onların həbsi bunu bir daha təsdiq edir. Hakimiyyət bu cür metodlarla cəmiyyətin aktivliyinin qarşısını ala biləcəkmi?
– Bu metodla bir nəticə əldə etmək mümkün deyil. Bundan qabaq da hakimiyyət gənclərə qarşı kampaniyaya start vermişdi. AXCP-dən o zaman gənc fəal Cabar Savalan həbs olunmuşdu. Bir çox gənclərimizi universitetdən qovmaqla hədələdilər. Bu, hakimiyyətin ənənəvi təzyiq metodudur. Son zamanlar gənclərin kütləvi şəkildə AXCP-yə rəğbətini ifadə etməsi və üzv qəbul olması, gənclərimizin “əsgər ölümünə son” aksiyasında fəallıq göstərməsi hakimiyyəti narahat edir. AXCP sıralarında olan gənclər bu yolda dönməzdilər. Onlar öz talelərinə sahib çıxmaq üçün dinc mübarizəyə həmişə hazırdırlar. Hakimiyyət ənəvi metodları ilə gəncləri yolundan döndərməyə çalışır. Amma təcrübə və reallıq göstərir ki, bu mümkün deyil. On mart aksiyası zamanı baş verənlər, sonrakı cərimələr göstərdi ki, Azərbaycan gəncliyi ayılıb və o bu hakimiyyəti istəmir. Gənclər siyasi mübarizənin önündə getməyə və 2013-cü ildə bu hakimiyyəti istefaya göndərməkdə israrlıdırlar.
– Əyalətdəki problemlərin guya həlli məqsədilə nazirləri bölgələrə ezam etməyə başlayıblar. Bu, dövlət başçısının məmurları hədələyən son müşavirəsindən sonra seçilən siyasətdir. Bu müşavirədən sonra nəsə dəyişibmi?
– Heç bir dəyişiklik yoxdur. Bu, hakimiyyətin seçki taktikalarından biridir. Hamı gözəl bilir ki, hansı rayonlar hansı nazirlər arasında bölünüb. Ötən seçkilərdə Qaralov Ağstafa-Qazax, Ramil Usubov Bərdə zonasında oldu. Bu səfərlərdə heç bir problem həll olunmur. Insanlara yalan vədlər verirlər. Rejim siyasi mahiyyətini dəyişməlidir. Oliqaxların rayonlara getməsi insanlarla bir-iki saatlıq görüşlər keçirməsi bir nəticə verən deyil. Bu xalq artıq oyanıb və məmurlara inanmır.
Xəyal