“Həqiqətləri gizlətmək, xalqı aldatmaq, dəyişikliklərin qarşısını almaq mümkün olmayacaq”
Hakimiyyət düşərgəsindən sosial şəbəkələr, xüsusın də Facebook-a qarşı qadağa çağırışları artmaqdadır. Hər zaman YAP-ın övqeyindən çıxış edən deputat, AVP sədri Fəzail Ağamalıdan sonra hakim partiyanın icra katibinin müavini Siyavuş Novruzov da bu istiqamətdə açıq çıxış edib, sosial şəbəkələrlə bağlı qanun qəbul olunmasından danışıb. Hakimiyyətin sosial şəbəkələr narahatlığına AXCP sədri Əli Kərimli cavab verib. Kərimli özünün Facebook səhifəsində yazıb:
“Facebook YAP-çılar üçün qorxulu kabusa çevrilib. Bir gün bu sosial şəbəkəni ümumiyyətlə bağlamağı, o biri gün xüsusi qanunla nizamlamağı təklif edirlər. Əslində, qorxuları başa düşüləndir. İndiyə qədər bütün qeyri-demokratik rejimlər informasiya vasitələrini inhisarda saxlamaq, həqiqətləri xalqdan gizlətmək hesabına mövcud ola biliblər.
Azərbaycanda internet, xüsusilə Facebook günümüzdə ölkəni dəyişən mühüm faktora çevrilib. Yüzminlərlə insan hər gün Facebook vasitəsilə senzuraya məruz qalmamış informasiya əldə edir, paylaşır, müzakirə edir, həmfikirlərini tapır, onun kimi düşünənlərin çox olduğunu öyrənib ürəklənir.
Azərbaycan hələ “Facebook erası”nın ilk mərhələsindədir. Ölkəmizdə Facebook istifadəçilərinin sayı təzəcə bir milyonu keçib, əhalinin cəmi 12%-ni təşkil edir. Müqayisə üçün xatırladım ki, bəzi istisnalarla inkişaf etmiş ölkələrdə əhalinin 40-60%-i Facebook istifadəçisidir. Qardaş Türkiyədə əhalinin 42%-i, Ərəb inqilablarının beşiyi Tunisdə 32%-i, qonşu Gürcüstanda isə 21%-i Facebook istifadəçisidir.
Hökumət çox istəsə də, Facebooku bağlaya bilməz (Ehtiyac yaransa bunun səbəbləri barədə ayrıca yazaram).
İnternetin daha böyük gücə çevriləcəyi, həyatımızı dəyişəcəyi mərhələ isə hələ qabaqdadır. Siz hələ Azərbaycan əhalisinin 12 yox, 30-40 %-nin Facebook istifadəçisi olacağı mərhələni təsəvvür edin. Bu ölkə də inkişaf edəcək. Həqiqətləri gizlətmək, xalqı aldatmaq, dəyişikliklərin qarşısını almaq mümkün olmayacaq. Bundan sonra heç vaxt zaman Əliyevlər sülaləsinin xeyrinə işləməyəcək”.


