Eldar Həsənov Rumıniyadan geri çağırıldı

O, diplomatik fəaliyyətini Serbiya ilə Bosniya və Herseqovinada davam etdirəcək

İlham Əliyev Eldar Həsənovu Azərbaycanın Rumıniyada fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırıb. Məlumatı “AzərTAc” yayıb. Məlumata görə, ölkə başçısının  sərəncamı ilə Eldar Həsənov iqamətgahı Belqrad şəhərində olmaqla Azərbaycan Respublikasının Serbiya Respublikasında, Monteneqroda və Bosniya və Herseqovinada fövqəladə və səlahiyyətli səfiri vəzifələrində saxlanılıb.
Xatırladaq ki, hələ bir müddət əvvəl Eldar Həsənov Ilham Əliyevə müraciət edərək səfir vəzifəsindən geri çağırılmasını istəmişdi. “Rumıniyada uzun müddətdir işləyirəm. Bildiyimiz kimi, eyni zamanda digər 3 ölkədə – Serbiya, Bosniya Hersoqovina, Monteneqroda da Azərbaycanın səfiri vəzifəsində çalışıram. Həm məsafə baxımından, həm işin həcminə və çoxluğuna görə ölkə başçına belə bir müraciət etmişəm. Həm də Xarici Işlər Nazirliyinin rəhbərliyinə müraciətim olub. Amma mənim geri çağırılmağımla bağlı məsələ müstəsna olaraq cənab prezidentin səlahiyyətindədir. Cənab Prezident nə qərar qəbul etsə, həmin qərar mənim tərəfimdən hörmətlə qarşılanacaq və icrası həyata keçiriləcək”,- deyə o, bildirmişdi.
Bundan əvvəl isə belə məlumatlar yayılmışdı ki, Eldar Həsənovun yüksək posta təyin olunması planı var. Ona görə də səfirin müraciəti müxtəlif mülahizələrə səbəb oldu. Ən çox ehtimal olunan o idi ki, Eldar Həsənov daha böyük bir ölkəyə səfir göndərilə, yaxud da Xarici Işlər Nazirliyində yüksək posta təyin edilə bilər. Çünki Eldar Həsənov mətbuatda açıqlamasında diplomatik fəaliyyətlə məşğul olacağını bildirmişdi. Səfirin müraciəti isə hakimiyyətdəki rəqiblərinə görə taktiki gediş hesab edilirdi. Bildirilirdi ki, iqtidarda kifayət qədər nüfuzlu və təsir imkanları olan məmurlarla problemləri olan Eldar Həsənov bununla rəqiblərinin gözlənilən hücumunun qarşısını alır.