İslam Partiyası birliyə çağırdı

Rövşən Əhmədov: «Bütün inanclı insanları seçkidə fəal iştiraka, demokratik düşərgə ilə birliyə səsləyirik»

Fuad Qəhrəmanlı: «Biz İslam partiyasının birlik qərarını dəstəkləyirik»

Martın 27-də Azərbaycan Islam Partiyası bu il keçiriləcək prezident seçkisi ilə bağlı bəyanat yayıb. “Media forum” saytının məlumatına görə, bəyanatda dindarlara çağırış yer alır: “Torpaqlarımız işğal altındadır. Cəmiyyətimizdə isə obyektiv danışanlar, nöqsanları tənqid edənlər həbsə alınır. Düşmənə qarşı əndazəsiz səbr, imanlı insanlara, mənəvi keyfiyyətlərin daşıyıcılarına qarşı isə dözümsüzlük göstərilir.
Bu ziddiyyəti yalnız əxlaqlı və ədalətli seçki keçirməklə aradan qaldırmaq olar. Ötən 20 il ərzində hazırkı iqtidarda təmsil olunanlar böyük ümidləri doğrultmadılar. Vətənimiz yenə düşmən tapdağı altında, sərvətimiz talanmaqdadır. Xalq mütiliyə, ələbaxımlığa sürüklənməkdədir. Onu bu bəlalardan qurtarmağın vaxtı yetişib. Illər belə bir qüvvəni yetişdirib. Bu qüvvə ölkə qanunlarına, konstitusiyasına, milli-mənəvi, dini dəyərlərə ehtiram və hörmətlə yanaşan, əməli fəaliyyətində bunları ləyaqətlə icra edən əqidə sahibləri – islamçılardır. Məhz Azərbaycan Islam Partiyasının prezident seçkisinə qatılmaqda məqsəd və məramı cəmiyyətimizə yaxşı işləri təbliğ və təlim etmək, pislərdən onu uzaqlaşdırmaq və onları tərk etdirməkdir. Qələbə bizimlədir, ey möminlər! Birləşin!”.
Bəs Islam partiyası seçkilərdə hansı formada iştirak edəcək, öz namizədləri olacaqmı, hansı qurumla əməkdaşlıq edəcəklər?

Islam Partiyasının sədr müavini Rövşən Əhmədov bildirdi ki, cəmiyyətdə belə fikirlər gəzir ki, seçkinin taleyi Qərbdən asılıdı, Qərb kimi dəstəkləsə, seçkidə də o qalib gələcək. “Ancaq biz Islam partiyası olaraq hesab edirik ki, Konstitusiyada göstərildiyi kimi ”hakimiyyətin mənbəyi xalqdır” və kimin prezident olmasını da xalq seçməlidi. Biz qərar vermişik ki, ölkədə demokratik sistemin qurulması, ədalətli hakimiyyətin bərqərar olması, əxlaqlı bir cəmiyyət formalaşması üçün Azərbaycanın inanclı kəsiminin, demokratik qüvvələrlə birlikdə mübarizəsi zəruridi. Xalqın rifahı naminə, ölkənin müsbət gələcəyi üçün mübarizə aparan bütün qüvvələrin birliyini vacib hesab edirik. Bu seçki ölkənin taleyi baxımından çox önəmlidir. Ona görə də seçki öncəsi insanlar arasında təbliğat aparmaq, seçkilərdə əhalinin iştirakını təmin etmək vacibdir. Biz də bütün inanclı kəsimi ölkədəki vəziyyətə biganə qalmamağa, seçkilərdə fəal iştiraka çağırırıq.
Biz bu seçkilərdə ya öz namizədimizi irəli sürəcəyik, ya da Demokratik düşərgədə olan, xalqın dəstəyini alan, inanclı kəsimin maraqlarını müdafiə edə bilən adamın namizədliyini dəstəkləyəcəyik. Ancaq düşünürəm ki, hələ namizədlik məsələsi üçün yox, bütün qüvvələrin birliyi, seçkiöncəsi mühitin formalaşması üçün çalışmaq lazımdır” – deyə R.Əhmədli vurğuladı.

Partiya sədrinin digər müavini Akif Heydərli bildirdi ki, partiyanın dəstəkləyə biləcəyi namizədin müəyyənləşməsi istiqamətində proseslər gedir. “Ölkənin siyasi qüvvələri ilə danışıqlar gedir. Islam dəyərlərini qəbul edən və bunu icra edəcək istənilən siyasi qüvvəni, o cümlədən onun prezidentliyə namizədini seçkilərdə dəstəkləyə bilərik. Biz öz mövqeyimizi açıqlamışıq. Əgər Ictimai Palata və ”EL” hərəkatı da Islam dəyərlərinə sadiq olarsa, birgə fəaliyyət göstərəriksə, qalib gəlmək ehtimalımız daha yüksək olar”.

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı bildirdi ki, uzun illər ölkədə inanclı kəsim siyasi proseslərdən kənarda qalıb. Yalnız dini dəyərlər uğrunda mübarizə ilə, öz dini etiqadlarını yerinə yetirməklə fəaliyyətlərini məhdudlaşdırıblar. Ancaq dini kəsimə qarşı repressiyalar, dindarların həbs olunması sübuta yetirdi ki, bu düzgün mövqe deyil. Ölkədə avtoritar bir hakimiyyət varsa, insanların haqqı tapdanırsa, dindar da, qeyri-dindar da öz vətəndaş mövqeyini ortaya qoymalı, mübarizədə iştirak etməlidi. AXCP və üzv olduğumuz Ictimai Palata hər zaman dindarlara qarşı repressiyalara kəskin münasibət bildirib, onların müdafiəsində aktiv iştirak edib. Düşünürəm ki, Islam partiyasının, inanclı kəsimin demokratik qüvvələrlə eyni düşərgədə birləşməsi üçün heç bir maneə yoxdur. Biz Islam partiyasının birlik qərarını dəstəkləyirik”.

İlham Hüseyn