Xalqın cibinə girəndə nə görsələr yaxşıdır? Saxta pul!

Olmayan kənd təsərrüfatının naziri Ismət Abbasovun oğlunun Londonda 2 milyonluq mülkü tapılıb, indi bəziləri bunu korrupsiya faktı kimi qələmə verirlər. Əlbəttə, kökündən yanlışdır. Bahalı, dəbdəbəli mülklər korrupsiya əlaməti deyil, rejimin idarəetmə tərzinin və təfəkkürünün görsənişlərindən biridir – dubinka, gözyaşardıcı qaz, rezin güllə, intim video, cibə nəşə atmaq kimi. 
Mənə gülməli gələn isə odur ki, bir neçə il əvvəl Ilham Əliyevin özünün və uşaqlarının Dubaydakı mülklərindən yazmağa qəzet və sayt tapılmırdı, cəmi bir-iki KIV-dən başqa. Amma dünən baxıram, Ismət Abbasovun oğlunun mülkü barədə “Azadlıq”ın xəbərini xeyli qəzet, sayt səhifələrinə yerləşdirib. Indi soruşsanız ki, bəs eyni həssaslığı möhtərəmin villaları barədə xəbər yayılanda niyə göstərmədiniz, bu cəhənnəm, niyə o villaları “Qarabağ dərdi”nin arxasında gizlətmək üçün dəridən-qabıqdan çıxdınız, hərəsi min dərədən su gətirəcək. Bəli, Ilham Əliyevin özünün, övladlarının 75 milyonluq mülkü ola bilirsə, hansısa nazirin oğlunun da 2 milyonluq mülk alması təbiidir, məntiqəuyğunluqdur, hətta mənimçün bu heç bir xəbər dəyəri-zad daşımır. Sensasion, gözlənilməz xəbər o olardı araşdırılaydı, məlum olaydı ki, məsələn, elə Ismət Abbasovun özünün, oğul-uşağının heç bir villası yoxdur.
Indi kimlərsə sanki Amerika kəşf edibmiş kimi, deyir ki, vəssalam, artıq mövcud olmayan kənd təsərrüfatına ayrılan pulların taleyi bəllidir, həmin pulları olmayan kənd təsərrüfatının naziri özünə, övladlarına bahalı mülklər almaq üçün xərcləyirmiş. Hə, bəlkə bu da təzə xəbərdir? Guya Ismət Abbasovun oğlunun Londonda villası tapılmasa, biz olmayan kənd təsərrüfatına ayrılan pulların necə həzm-rabedən keçirildiyini bilmirdikmi? Bəyəm kim bilmir ki, bizdə dövlət büdcəsi ailənin cibxərcliyi funksiyasını yerinə yetirir, oradan ayrılan pulların yalnız bir hissəsi gedib ünvanına çatır, onu da elə həmin ünvandaca üyüdürlər.
Ümumiyyətlə, mənə nazirlər, nazir müavinləri, icra başçıları-zad haqqında ifşaedici xəbərlər həmişə gülməli görünüb. Axı onlar oğurlamaqdan, sümürməkdən başqa nə ilə məşğul olmalıdırlar? Bu cür mafioz sistemdə başqa cür var olmaq, ayaqda qalmaq mümkündürmü? Başqasından daha çox oğurlamasan, sistem üçün necə “sadiq adam” ola bilərsən? Hə, yaptokratiya üçün sədaqət məhz başqasından daha çox talamaq və zülm etməklə ölçülür. Zarafat deyil, biz o ölkədən danışırıq ki, orada hətta elə olur, mədəniyyət və ya təhsil nazirinin, Yazıçılar Birliyi sədrinin, Milli Elmlər Akademiyasının hansısa vəzifəli şəxsinin korrupsiya əməlləri haqqında başqalarından daha çox yazılır. Mədəniyyət və korrupsiya. Elm və korrupsiya. Ədəbiyyat və korrupsiya. Bundan sonra necə dəhşətli, qorxunc, idbar bir sistemlə qarşı-qarşıya qaldığımızı təsəvvür etmək çətin deyil. Mədəniyyəti, elmi, təhsili, ədəbiyyatı belə, korrupsiyaya alət edən bu sistemdə günahkar nazir, cinayətkar icra başçısı axtarışı sadəcə, komediya filminin süjeti ola bilər. Günahkar və cinayətkar birdir – sistem özü!
Hə, bu isə artıq təzə xəbərdir – Daşqın Məlik adlı fəal cəbhəçi gənci saxta pula görə tutublar. Bu, son vaxtlar vicdanlı, mübariz gəncliyə qarşı zəncirləmə əməliyyatının yeni həlqəsidir, əsl komediya isə haram pullarla bəslənənlərin ağlına müxalif insanları saxta pulla şərləmək metodunun gəlməsidir. Hakimiyyəti saxta seçkilərlə qamarlayıb sonra da azad seçki istəyənləri saxta pullarla şərləmək həyasızlığın son həddi olsun gərək.
Ümumiyyətlə, hiss olunur ki, yaptokratiyanın bizim cibimiz haqqında fantaziyaları çox genişdir, oradan gah qumbara, gah nəşə, indi də saxta pul çıxarırlar. Əgər sənin cibində YAP-ın üzvlük bileti yoxdursa, onda bir gün oradan zənginləşdirilmiş uran tapılmasına da hazır olmalısan – bu öz yerində.
Saxta pul məsələsində məni yalnız o narahat edir ki, deyəsən, xaricilər bizə kələk gəlirlər. Axı yaptokratların dediyinə görə, biz pulu onlardan alırıq. Indi belə çıxır, bizi maliyyələşdirənlər əslində bizə “atırlar” – qəlp pul verirlər.
Hiddətlə qınayır, şiddətlə lənətləyirik!