Dütdülü bahar bənövşəsi

Biz Novruz bayramı ərəfəsində həmişə yalan danışırıq. Təbiətdə baş verənləri şişirdir və onu öz həyatımız kimi təqdim edirik. Deyirik: bahar öz gəlişi ilə hər şeyi yeniləyir, təbiət canlanır, oyanış baş verir. Məhz təbiəti nəzərdə tuturuqsa, gerçəyin üstündən keçirik. Bu ki daim təkrarlanan fəsillərin dəyişməsidir. Fiziki hadisələrdir sadəcə olaraq. Qış ölüm deyil təbiət üçün, yaz da dirilmə sayıla bilməz. 
Birdə ki, bunun bizim həyatımıza nə qədər dəxli var? Bəs həyatımızda nə dəyişir yazın gəlişi ilə? Biz elə indi də qışdakı ürəyin, ovqatın, həyatın və yaşam şərtlərinin sahibləriyik. Bizi müsbət nə gözləyir baharın gəlişi ilə? Tutaq ki, işıqpulu, qazpulu azalacaq, başqa tələblər və xərclər isə artacaq. Aşağı-yuxarı eynidir hər şey. Hətta baharın gəlişi ilə əkinə-biçinə hazırlaşanlar onları daha yaxşı sonucların gözlədiyinə əmin deyillər. Biz yaza-payıza, qışa-yaya baxmayan dərdləri olan bir ölkədə yaşayırıq.
Təbiətin dəyişməsinin, canlanmasının, gözəlləşməsinin bizim həyatımıza dəxli yoxdur. Hətta mən hərdən ölkəmizdə insanların təbiətdən zövq ala bilməsinə heyrətlənirəm. Bəlkə kimlərinsə bu cəmiyyətin insanlarından və haqsızlıqlarından qaçıb təbiətə sığınmasını anlamağa çalışaram, amma bənövşənin daşların arasında boylanması ilə gerçək bir sevincin yaşanacağına inamım çox azdır. Bu, pessimiz deyil. Nə baş verdiyinin fərqindəyəm, bu ölkədə üzləşdiklərimiz azacıq həqiqət hissi olan hər kəsin qəlbində fərəh hissini öldürür. Ürəyində fərəh hissi olmayan insan üçün qışla yazın heç bir fərqi yoxdur. Onun üçün Günəşin sübh şəfəqləri sadəcə eyni həyatın növbəti bir gününün başlanmasıdır.
Mən bayağılaşdırmıram. Əminəm ki, bənövşənin çiçək açması ədalətsizliklər içində yaşadığını hiss edən insanın ürəyini ovundura bilməz. Yazın gəlişi ölkəsinin bəlalarını görən birinin canını isidə bilməz. Istisna etmirəm, ədalətli və işıqlı sabaha inamı olanlar özündə güc tapa bilər buna.
Gerçək budur ki, sənin bütün haqlarını, sərvətlərini, keçmişini, gələcəyini əlindən alıb deyirlər ki, bayram elə. Ya da o qədər cahil olasan ki, yaşadığın bu həyatın gözəl olduğunu düşünəsən, bənövşəyə də sevinə biləsən. Cahil olanların bənövşəni sevməsi isə mənə heç də yaxşı görünmür…
Haradansa Məhəmmədhəsən əmini, Novruzəlini xatırlayıram, Kefli Isgəndəri yadıma salıram hər bahar. Hər bayram. Mənim üçün həyatımızın açarı onlardır. Onlar sevinərdilərmi? Bu gün onlar bənövşənin bitməsinə fərəhlənərdilərmi, onlar bənövşəni qoxulayıb, onun gözəlliyinə duyğulanardılarmı? Buna heyləri, vaxtları, maraqları olardımı? Halları o halmı olardı?
…Indi mənim üçün qış da, yaz da birdir. Ölkəmin dəyişməsinin bənövşələri ola biləcək gəncləri elə Bahar bayramı ərəfəsində şərləyib tutdular. Yenə də tuturlar. Ocür işıqlı gənclər olmalıdır bizim üçün gerçək Bahar bənövşələri. Odur ki, daşların arasından bənövşənin çiçək açmasının mənim üçün mənasız olduğunu deməkdən çəkinmirəm. Onlar mənim üçün dütdülüdür. Hətta baxmayaraq ki, bu ölkəyə gerçək Baharın, gerçək canlanmanın, oyanışın gələcəyinə böyük ümidim və inamım var. Həmişəlik Bahara bizim də haqqımız var.
***
Indi bayramlarda biz çoxlu yalanlar danışırıq. Xeyli dərəcədə bu ölkəni idarə edənlərə oxşayırıq. Elə bəlağətli təbriklər söyləyirik ki… Görünür, həqiqətdən o qədər uzaq düşmüşük ki, yalanların köməyi olmadan bayram etməyimiz də mümkün deyil.
Amma biz bir şeyi unuduruq. Ədalətsiz bayram olmur. Ədalət olmadan plovla, kababla, paxlava ilə bayram olmur. Ədalət olanda quru çörəklə də bayram etmək olar, zatən ədalət olan yerdə bərəkətin olduğu sadəcə bir inam deyil, ədalətli cəmiyyətlərin uğurları, rifahı, bolluğu bir tarixi gerçəkdir.