«Təyyarələr bizim hava limanına enibsə, rəsmi Bakı böyük məsuliyyət daşıyır»
Artıq ikinci dəfədir ki, Qərb mətbuatı Azərbaycan üzərindən hərbi təyyarələrlə Əsəd rejiminə silah və pul daşındığını yazır. Birinci dəfə bu barədə ABŞ mənbələri xəbər yaymışdı. Son olaraq da məsələyə Britaniyanın “The Sunday Teleqraph” qəzeti toxundu. Qəzet Suriya Hərbi Hava Qüvvələrinin pilotuna istinadən yazıb ki, ötən ilin yayında Azərbaycan üzərindən Bəşər Əsədə Rusiyadan tonlarla nəğd pul və silah daşınıb.
Pilotun sözlərinə görə, onun idarə etdiyi IL-76 təyyarəsi Suriya-Iraq-Iran-Azərbaycan-Rusiya marşrutu ilə uçub. Rusiyada təyyarəyə Əsədin hakimiyyətdə qalmasını dəstəkləmək üçün zəruri yüklər-dollar və avrolarla tonlarla banknotlar yüklənib.
Az qala, bütün dünyanın Əsəd rejiminə qarşı çıxdığı bir vaxtda Azərbaycan hakimiyyəti niyə Suriyaya belə bir xidmət göstərib? Əgər deyilənlərin həqiqət olduğu təsdiqlənərsə, Azərbaycanın durumu necə olacaq?
Politoloq Vəfa Quluzadənin sözlərinə görə, bu təyyarələr Azərbaycanın hava limanında enib yanacaq götürərək yollarına davam ediblərsə, bu halda rəsmi Bakının günahı böyükdür. Əgər həmin təyyarələr sadəcə Azərbaycanın hava dəhlizindən istifadə ediblərsə, hakimiyyət buna görə heç bir məsuliyyət daşımır: “Çünki bu təyyarələrin Azərbaycanın hava dəhlizindən istifadəsi çoxdan razılaşdırılıb. Azərbaycan hava yolları bu təyyarələrin içində nə olduğunu bilmir. Əgər bizim Qərb tərəfdaşlarımızda belə bir məlumat var idisə, onlar Azərbaycan rəhbərliyini məlumatlandırmalı və xahiş etməli idilər ki, biz o təyyarələri hava limanımızda endirib yoxlayaq. Bir hadisəni yada salmaq istəyirəm. Yuqoslaviya ilə NATO arasında müharibə gedəndə o vaxt gömrüyə rəhbərlik edən Kəmaləddin Heydərov mənə zəng etdi. Dedi ki, Vəfa müəllim, biz burada böyük rus təyyarəsini yoxlamışıq və içərisində Miloşoviçə gedən üç qırıcı təyyarə aşkar etmişik. Mən bildirdim ki, təyyarəni tutun və həmin an prezidentə məlumat verdim. Prezident də zəng edib göstəriş verdi. Azərbaycan o təyyarənin Yuqoslaviyaya getməsinin qarşısını aldı və öz imicini qorudu. Indi Suriya təyyarələri də bizim hava limanında dayanıbsa, Azərbaycan tərəfi onu yoxlayıb Suriyaya silah aparıldığını bilə-bilə qarşısını almayıblarsa, rəsmi Bakının günahı böyükdür və Qərb tərəfdaşlarımız buna görə bizdən ciddi şəkildə inciyəcəklər. Əks halda isə Azərbaycan heç bir məsuliyyət daşımır”.


