Qazaxda cəbhəçilərin coşqulu müşavirəsi (VİDEO)

AXCP sədri Əli Kərimli də skayp-la tədbirə qatılıb

Martın 26-da AXCP-nin Qazax rayon təşkilatında müşavirə keçirilib. Toplantıda AXCP sədrinin müavinləri Gözəl Bayramlı, Nürəddin Məmmədli, Rəyasət Heyətinin üzvü Sahib Kərimli, Mətbuat Xidmətinin rəhbəri Natiq Ədilov da iştirak ediblər.
Gözəl Bayramlı “Azadlıq”a açıqlamasında bildirdi ki, müşavirədə 100 nəfərə yaxın partiya fəalı iştirak edib: “İclasda AXCP üzvlərindən başqa Müsavat partiyasının Qazax rayon təşkilatının sədri, KXCP-nin nümayəndəsi də iştirak edib. Toplantıya AXCP sədri Əli Kərimli skayp vasitəsiylə qoşulub. Əli Kərimli çxışında Xalq Cəbhəsinin tarixinə nəzər saldı, müxalifətin ümumi fəaliyyəti, birlik zərurəti barədə danışdı, partiyanın qarşısında duran vəzifələrdən söz açdı, tezliklə ölkdə köklü dəyişikliklərin olacağına inamını ifadə etdi”.

Gözəl Bayramlının sözlərinə görə, Qazaxda müxalifətin əhval-ruhiyyəsi yaxşıdır: “Sosial vəziyyət gərgin olsa da, bu müxalifətçilərin mübarizə əzminə heç bir xələl gətirmir. Artıq müxalifət, AXCP regionlarda güc mərkəzinə çevrilir. İclasda çıxış edənlər bildirdilər ki, insanlar doğru xəbərləri yalnız müxalifət qəzetlərindən və “Medya TV”dən, “Azərbaycan saatı”ndan alırlar”.
Gözəl Bayramlı deyir ki, tədbirə hakimiyyət orqanlarının heç bir müdaxiləsi olmasa da, onların narahatlıqları açıq-aydın sezilirdi: “Tədbirin keçirildiyi ərazinin yaxınlığında post-patrul xidmətinin əməkdaşları, icra hakimiyyətinin nümayəndələri vardı. Toplantıdan sonra Müsavatın rayon təşkilatının sədri İlqar Mustafayev evinə – çay süfrəsinə dəvət etdi. Biz maşından düşüb həyətə girəndən sonra icra nümayəndəsi maşına yaxınlaşaraq nömrəsini yazdı və getdi. Görünür çox narahatdılar. Xalqın güclənməsi, müxalifətə inamın artması artıq hökuməti narahat edir”.