Londondakı əmlaka gəlincə, nazir bu barədə sualı cavabsız qoyub
Kənd təsərrüfatı naziri Ismət Abbasovun oğlu Yunis Abbasovun Londonda 2 milyon dollara mülk aldığı barədə “Azadlıq”da məlumat dərc olunmuşdu. Məlumatı qəzetimizə Böyük Britaniyada yaşayan azərbaycanlı fəal Murad Həsənli vermişdi.
Bu məlumatın dərcindən sonra oxuculardan biri “Azadlıq”ın veb-səhifəsində şərh bölümünə Ismət Abbasovla bağlı maraqlı məlumat yazıb. Həmin oxucunun yazdığını təqdim edirik: “Istanbula ev almaq üçün getmişdik. Bizi qarşılayan rieltor (torpaq alqı-satqısı ilə məşğul olan) dedi ki, Ismət Abbasov – Azərbaycanın kənd təsərrüfatı naziri Bosforda 1000 kvadratmetrlik ev almaq istəyirdi. Evin qiyməti 300 0000 funt idi. Lakin həyətyanı sahəsi az olduğundan almayıb. Oğlu isə Istanbulda ”INNOVIYA” kompleksinde çoxmərtəbəli bir evin yarısını alıb”.
Görünür, İsmət Abbasov da digər oliqarxlar kimi xarici ölkələrdə daşınmaz əmlak almağa başlayıb.
Bu arada moderator.az “Azadlıq”da gedən məlumatla bağlı Ismət Abbasovun mövqeyini öyrənməyə çalışıb. Lakin nazir sualı dinlədikdən sonra heç bir cavab verməyərək telefonu qapadıb. İsmət Abbasova təkrar zənglərin də nəticəsi olmayıb. Nazir telefonu açmayıb.


