“Azərbaycan Avropada sığınacaq almaq üçün müraciət edən vətəndaşların sayına görə dünyada 34-cü yeri tutur. 2011-ci illə müqayisədə 2012-ci ildə Avropa ölkələrində sığınacaq almaq üçün müraciət edən Azərbaycan vətəndaşlarının sayı 2299-dan 2015-ə enib (12%). Bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının yeni hesabatında bildirilir”,- APA xəbər verir.
Bu şad xəbərə görə agentliyə öz dərin təşəkkürümü bildirirəm. Demək, ölkədən getmək istəyənlər azalıb. Statistika mənimçün çox maraqlı oldu. 2011-ci ildə 2299 nəfər vətəndaşımız ölkədən baş götürüb getmək istəyib, BMT-nin uyğun qurumuna ağız açıb, diləkçə yazıb. 2012-ci ildə müraciət edənlərin sayı 284 nəfər azalıb. Bilirsinizmi bu 284 nəfər nə deməkdi və onlar kimdi? Bir azdan deyəcəm.
Hamı bilir ki, gedənlərin 90 faizi siyasi səbəblərdən gedir (yox, azalmaya görə qətiyyən elə düşünməyin ki, bu il siyasi vəziyyət yaxşılaşıb). Qalan 10 faizdən doqquzu isə alver və yaxşı həyat məqsədilə gedən fürsətcillərdi, ancaq onlar da sənədlərini elə düzüb-qoşurlar ki, guya siyasi səbəbdən mühacirət edirlər. Polisə rüşvət verib təqib-təhdid haqda saxta arayış alırlar, bir-iki aksiyaya çıxıb razılaşdırılmış şəkildə polislə əlbəyaxa olur, özlərini sürüdüb şəkil çəkdirirlər, halbuki onların bizim cəsur gənclərə heç bir aidiyyəti yoxdu. Məsələn, mən bir xanım inqilabçı tanıyıram, uzun illər qabaq təqiblərdən bezərək ölkədən gedib, Avropanın göbəyində yerləşən bir ölkədə bir ay bundan əvvələ kimi cəhənnəm əzabı içində gizlənə-gizlənə yaşayıb, sonunda isə siyasi deyil, ancaq sosial sığınacaq ala bilib, çünki artıq görüblər ki, zamanında gənc və gözəl olmuş bu qadında sağlam bir nöqtə də qalmayıb. Ancaq onun üstünə elə o ölkədə siyasi savaşa dəxli olmayan neçə-neçə fırıldaqçı siyasi sığınacaq alıb, təbii ki, işbazların sayəsində. Məsələn, bir bərbərin bu yolla sığınacaq aldığını yaxşı bilirəm…
Dərindən düşünəndə savaşdan qorxmayan ən cəsur insanların çıxıb Avropaya getməsinin bir səbəbini tapırsan. Nə qorxu, nə əziyyətlərdən bezmə. Xeyir! Bunun bir adı var: SABAHA ÜMIDI ITIRMƏK. Xalqın qanını soran bəşəriyyət düşməni bir rejimin yıxılacağına ümidi itirmək! Düşünürsən ki, yox, deyəsən, bunlar hələ illərlə ölkənin qanını soracaqlar, nə Amerika bizə qahmar çıxacaq, nə Avropa, nə xalq və elə bu üzdən də, sanki bir az da cəzalandırmaq, hayıf almaq üçün özünü atırsan Avropanın üstünə. Di buyur saxla! Madam siz bütün siyasətinizi enerji təhlükəsizliyi üstündə qurursunuz, onda mənə də bu enerjidən bir pay ayırın, barı ölkəmin neftinin, qazının xeyirini gedim yad-yabançı Avropa ölkələrindən birində, hətta ən yaxşısında alım. Öz dövlət başçımın bu sərvətlərdən bizə bir şey vermək fikri yoxdu, biz onu istəmirik, siz Avropa olaraq onu saxlayırsız, elə isə onun millətindən saxladığı hər şeyi siz verin. Yəni bizim azad olmağımızı istəmirsiniz, o zaman öz vətəndaşlarınızın azadlığından kəsib bizə verin…
284 nəfər! Bəli, düz 284 nəfər. Bir il üçün kiçik rəqəm deyil və bu, ümumiyyətlə, rəqəm deyil, insandı. Canlı insan. Düşünən, sevən, iztirab çəkən, savaşan, azadlıq istəyən, döyülən, söyülən, tutulan, cərimə edilən, bəzən evindən-ailəsindən qovulan, bəzən gecələri küçədə belə yatmağa yer tapmayan, savaşdıqlarına görə ali məktəblərdən qovulan, cibinə narkotik atılaraq şərlənən, vitrinləri “qırdığına”, küçədə ucadan danışdığına görə… və s. və i.a. bitib tükənməyən “görə”lərə sinə gərən gənclik. Bu o deməkdi ki, artıq sabaha umud artıb, biz 284 nəfər artmışıq, artıq 284 nəfər, uğrunda savaşdığı sabahın tez gələcəyinə, ölkənin işğalçı rejimdən qurtulacağına inanan vətəndaş artıb və onlar ölkəsindən, ev-eşiyindən, ailəsindən, doğmalarından və gözəlim Azərbaycandan getmək, vətəni qürbətin zəhər kimi acı azadlığına, buz kimi soyuq günəşinə dəyişmək istəmir. Gözəl günlər lap yaxındaykən…

284
•
•