Bəlkə də avtoritar rejimlərin bir özəlliyi də budur ki, ölüm onların sadiq əsgəri olur.
Mahiyyəti talançılıq olan, məqsədi oğurluq olan bir sistemdə ölümün “favorit” olması realdır. Bu ölkədə intihar, problemlərin həllinə çevrilib. Hər kəs özünə əl qaldıracaq qədər dərinə gedə bilir.
Ədalətsiz cəmiyyətlərdə yaşamaq, ölməkdən çətin olur.
Insanlar ölə-ölə yaşamaqdan doyduqları üçün, ölmək onlar üçün adiləşir.
Övladını əsgər göndərən analar, onların qayıdışına qonaqlıq yox, ehsan verir.
Bu ölkədə ölüm həyat qədər arzulanandı.
Nə qədər insanın dilindən “Allah mənə ölüm ver” ifadəsini eşidirik.
Insanlar hesab edirlər ki, həyata keçəcək ən real arzu, ölüm arzusudu.
Bu ölkədə hamı seçim qarşısındadı qalıb.
Ya övladını əsgər göndərib cəsəd etməlidi, ya da əsgərlikdən saxlayıb fərari etməlidi.
Şəhid olmaq ehtimalı da azdı.
Artıq ala-bula əsgər libasının, ağ kəfənə çevrilməsi faciəli bir tendensiyadı.
Artıq ölməyib, geri qayıdan əsgərə “yaxşı qurtardın” deyirlər.
Bu ölkədə düşməni öldürməli olan əsgər, özünü öldürür.
Turnikdə dartına bilən, qol güləşdirə bilən, top vura bilən adam, ölümü vura bilmir.
Bu ölkədə ölümün səbəbi yox, ölümü istəməyənlər araşdırılır.
Bu ölkədə insanlar kasıblıqla-zənginlik, evliliklə-evsizlik, xəstəliklə-sağlamlıq arasında seçim etməkdən qurtarıblar.
Indi ölümlə həyat arasında seçim etmək aktualdı.
Bu ölkədə intiharı, ehtiyat variant kimi saxlayırlar.
Bu ölkənin gəncləri böyümür, yekəlir.
Bu ölkənin gəncləri qalxmır, uzanır.
Bu xalq sağalmaqdan ümidi kəsilmiş xəstə kimi yaşayır.
Bu xalq dərdini, taleyi kimi qəbul eləyir.
Üsyanını içinə tökən bütün insanlar bu ölkədə yaşayır.
Ölənə ağlayıb, öldürənə gülə bilənlər də bu ölkədə yaşayır.
Bu ölkənin insanlarının DƏRD təcrübəsi var.
Bu ölkədə hamı KƏDƏR məktəbi keçib.
Bizim insanlar öldürənləri, ölənlərdən tez unudur.
Bizim insanlar günahkar axtarmaqdan qorxurlar. Çünki günahkardan əvvəl CƏSARƏTI tapmaq lazımdı.
Biz susduqca, ölüm danışır.
Biz yatdıqca, ölüm oyaq qalır.
Biz, bizi sevməyənlərin, bizi sevəcəyinə ümid etdiyimiz hər gün sevdiklərimizi itiririk.
Biz qələbə xəbərini deyil, əsgər ölümü xəbərini paylaşmağa başlamışıq.
“Bu gün də bir əsgər öldü” ifadəsini rahatlıqla deyə bilməyimiz təhlükəli, faciəli reallıqdı.
Ölümün özü qədər dəhşətlidi.
Bu ölkədə rüşvət, yaltaqlıq, şər-böhtan adiləşdi.
50-60 yaşlı insanların ölümü adiləşdi.
18-20 yaşlı gənclərin ölümünü adiləşməyə qoymayaq.
Bu ölkədə qeyri-adilik yoxa çıxır.
Zülmə etiraz etməyi, haqsızlığa qarşı savaşmağı adiləşdirək.
Haqlı olduğumuz halda, etiraz etməyi zəruri bilək.
Bəlkə də o əsgərləri öldürən bizik.
Ya da o əsgərlərin ölümünə şəraiti biz yaradırıq
Biz, susmaqla əsgər qatilinə çevrilirik.
Biz, susmaqla insanları intihara sürükləyirik.
Bu ölkədə ölüm, xalq danışanda məğlub olacaq.
Bu ölkənin əsgəri, xalq öz qürurunu bərpa edəndə qalib gələcək.
Çox gecikmişik, ancaq qurtuluş üçün hələ vaxt var.
Qərar verməliyik.
Ya ölmüş əsgərlərin basdırıldığı torpağı tapdalayıb keçməliyik.
Ya da ölüm gətirənləri tapdalamalıyıq.
18 il övlad böyüdüb, 19-cu il qətlə yetirməyin.
Dünyaya gətirdiyiniz övladların, dünyadan getməsində də rol oynamayın.
Qorxumuza son, Səbrimizə son, Susqunluğumuza son deyək ki,
əsgər ölümlərinə də son qoyulsun.
Bütün pisliklərin sonu, yaxşı başlanğıclar vəd edir.