Berezovski ölüb, yoxsa öldürülüb?

Tanınmış rusiyalı iş adamı və siyasətçisi Londondakı evində ölü tapılıb

Britaniyada mühacirətdə yaşayan 67 yaşlı Boris Berezovski martın 23-də London yaxınlığındakı evində ölü tapılıb. Rusiya prezidenti Vladimir Putinin rəqibi və Kreml tərəfindən axtarışa verilən Berezovskinin hansı şəraitdə öldüyü hələ ki məlum deyil. Nə vaxtsa Rusiyada ən nüfuzlu şəxslərdən biri sayılan sahibkar keçmiş sovet məkanında demokratik islahatları dəstəkləmək üçün Nyu-Yorkda Vətəndaş Azadlıqları Fondunu təsis etmiş və Putin rejiminə müxalif Liberal Rusiya Partiyasını yaratmışdı.
Berezovski Rusiyada qiyabi məhkum edilmiş, Moskva onun ekstradisiyasını tələb etsə də, buna nail ola bilməmişdi. 2006-cı ilin payızında Berezovskinin silahdaşı Aleksandr Litvinenko Londonda ÿpolonium-210 radioaktiv izotopla zəhərlənmişdi.
Rəsmi Moskva cinayətdə Berezovskinin əli olduğu ehtimalını irəli sürmüş, öz növbəsində, biznesmen “Litvinenko işində” Kremlin əli olduğunu demişdi. Berezovskiyə qarşı 6 dəfə sui-qəsd və sui-qəsd cəhdləri edilib. Son dəfə o, 2007-ci ildə Londonda sui-qəsd cəhdinə məruz qalmışdı. Cəhdlərdən biri nəticəsində onun sürücüsü həlak olmuş, mühafizəçisi ağır yaralanmış, Berezovski isə yanıqlar almışdı. Bu sui-qəsdlərdən heç birinin üstü açılmayıb.
Berezovski 2000-ci ildə deputat seçildiyi Dumadan mandatını geri götürərək, ölkədə avtoritar rejimin yenidən qurulmasında iştirak etmək istəmədiyini bildirmişdi. Boris Yeltsinlə dost münasibətdə olan Berezovski məhz Vladimir Putinin hakimiyyətə gəlməsi ilə sahib olduğu aktivlər üçün təhlükə hiss edərək Böyük Britaniyaya köçmüşdü. Berezovski eyni zamanda, digər rusiyalı maqnat, Çelsi Futbol Klubunun sahibi Roman Abramoviçlə az qala, düşmən münasibətdə olub. 2011-ci ildə o, Roman Abramoviçə qarşı məhkəmə iddiasına külli miqdarda pul xərcləyib. Berezovskinin iddiasına əsasən Abramoviç onun Rusiyaya məxsus Sibneftdə sahib olduğu səhmlərini satması üçün hədə-qorxu gəlib. Bu səbəbdən, disident milyarder Çelsi klubunun sahibinə qarşı 3.5 milyard avroluq kompensasiya davası açmışdı. Bununla belə Ingiltərə məhkəməsi qərarı, məhz Abramoviçin xeyrinə çıxarmışdı.

Berezovskinin ölümündə radiasiya izi

Əvvəlcə özünə qəsd etdiyi ehtimal edilən rusiyalı maqnatın indi də öldürülməsi iddiası araşdırılır. Nüvə silahı və radiasiya üzrə mütəxəssislər Berezovskinin evində təhqiqat aparıblar. Bu barədə “RIA Novosti” mərhumun evinin yerləşdiyi Temz-valli dairəsinin polisinə istinadən məlumat yayıb(“anspress”). Təhqiqat aparanlar arasında kimyəvi və bioloji təhlükəsizlik mütəxəssislərinin olduğunu deyən polis araşdırmaların iş adamının ölümünün səbəblərini dəqiqləşdirmək üçün həyata keçirildiyini bildirib. Məşhur iş adamının meyitinin indiyənədək evində saxlanıldığı və onun evinə aparan yolların bağlanıldığı deyilir. Hələlik ölümün rəsmi səbəbinin məlum olmadığını qeyd edən polis ilkin diaqnoza görə Berezovskinin ürək çatışmazlığından vəfat etdiyini bildirib. Anti-Putin mövqeyilə məşhur olan milyarderə qarşı əvvəllər bir neçə suiqəsd cəhdi olduğundan, xarici mətbuat təbii ölüm halına şübhə ilə yanaşır. Yaşadığı evinin hamam otağında ölü vəziyyətdə aşkarlanmış Berezovskinin xüsusi-xidmət orqanları tərəfindən qətlə yetirildiyi haqqında ehtimallar yaranıb.

Son müsahibəsi: “Həyatım mənasını itirib”

Forbes-in müxbiri ölümündən bir neçə saat əvvəl Berezovski ilə görüşüb. Söhbətin mətbuata çıxarılması planlaşdırılmırmış. Müxbir bununla bağlı oliqarxa söz verib. Lakin hadisələrin bu cür inkişafı müsahibənin mətbuata çıxmasına səbəb olub. Söhbət zamanı artıq biznes mövzusunun onun üçün maraqsız olduğunu deyən Berezovski Rusiyada olduğu müddətdə də biznesini özü idarə etmədiyini, bu işi Badri Patarkatsişviliyə həvalə etdiyini deyib. Insanları tanımaqda çox səhvlər etdiyini bildirən oliqarx biznes ortağını tanımaqda da səhv etdiyini etiraf edib: “Mən heç vaxt insanları yaxşı tanıya bilməmişəm. Həmişə onların ağlını, cəsarətini qiymətləndirmişəm, ancaq Badri ilə bağlı məsələdə də yanılmışam. Mən indi də onu dost kimi dəyərləndirirəm. Ancaq nə onunla, nə də Abramoviçlə razılaşmaları rəsmiləşdirməyin qayğısına qalmamışam.
Rusiyaya qayıtmaq… Bundan artıq heç nə istəmirəm. Hətta cinayət işi açılanda da Rusiyaya qayıtmaq istəyirdim. Yalnız Yelena Bonnerin məsləhəti ilə qaldım. Rusiyanın mənə bu qədər əziz olduğunu lazımınca dəyərləndirməmişəm. Mən mühacir ola bilmirəm. Rusiyanın demokratikləşməsini idealistcəsinə təsəvvür edirdim. Qərbin dəyərini şişirtmişdim. Bütün bunlar tədricən baş verib. Rusiyanın yolu barədə təsəvvürlərimi dəyişmişəm. Rusiyadan getməməliydim. Xodorkovski özünü qorudu. Ancaq bu o demək deyil ki, mən özümü itirmişəm. Mən xeyli məyusluq yaşamışam. Xodorkovski xeyli az. Mən mənanı itirmişəm. Həyatın mənasını. Siyasətlə məşğul olmaq istəmirəm. 67 yaşım var. Bundan sonra nə edəcəyimi bilmirəm”.

Ölümündən əvvəl Putindən üzr istəyib

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib ki, Berezovski ölümündən bir müddət əvvəl Vladimir Putinə məktub ünvanlayıb.ÿ APA-nın verdiyi xəbərə görə, məktubda o prezidentdən bağışlanmasını və Rusiyaya dönməsinə icazə verilməsini xahiş edib: “Bir müddət əvvəl Berezovski Vladimir Putinə ünvanladığı məktubda çoxlu səhv buraxdığını etiraf edərək ÿPutindən bu səhvlərə görə üzr istəyib və ondan xahiş edib ki vətənə dönməsinə kömək etsin”.
Berezovskinin yaxın dostu lord Bell bildirib ki, ona Berezovskinin intihar etdiyini deyiblər: “Mənə Londondan zəng edib bildirdilər ki, Boris Berezovski intihar edib… Son zamanlar o çox pis vəziyyətdə idi – borc içində üzürdü, tam müflis olmuşdu, şəkilləri və bir neçə başqa şeyləri satışa qoymuşdu. Bizim ümumi tanışlarımız mənə bildiriblər ki, o bu günlərdə harasa getmək məqsədi ilə onlardan bilet almaq üçün beş min dollar istəyib”.ÿÿÿÿ
B.Berezovski 1946-cı ilin yanvarın 23-də anadan olub. 89-cu ildən sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa başlayıb, bir neçə iri şirkətlərin təsisçisi, aktivlərinin sahibi olub.
91-ci ildən riyaziyyat, mexanika, informatika üzrə Rusiya Elmlər Akademiyasının müxbir üzvüdür.ÿRusiyanın keçmiş prezidenti Boris Yeltsinin dövründə MDB-nin icraçı katibi və Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katib müavini vəzifələrində çalışıb. 2000-ci ildən Rusiyadan kənarda yaşayıb. Rusiyada B.Berezovskini bir neçə iqtisadi cinayətlər və dövlət hakimiyyətinə qarşı cinayət törətməkdə ittiham ediblər. Berezovskinin üç nikahdan altı uşağı və altı nəvəsi qalıb.

Gültəkin