BMT-dəki nümayəndəmiz tələbəmizə hücum edib

Nyu-Yorkda hakimiyyət əleyhinə aksiya keçirən Emil İsmayıl “Azadlıq”ın vasitəsilə İlham Əliyevə müraciət etdi

Nyu-Yorkda bir neçə gün qabaq Azərbaycan hakimiyyəti əleyhinə aksiya təşkil edən azərbaycanlı tələbə-fəal Emil İsmayıl hücuma məruz qalıb. Ona hücum edən isə ölkəmizin BMT-dəki daimi nümayəndəliyinin birinci katibi Fərid Cəbrayılovdur. Bu barədə E.İsmayıl özü “Azadlıq”a məlumat verib.
Azərbaycanlı tələbə-fəalın bildirdiyinə görə, BMT binasında təşkil etdikləri aksiyadan sonra F.Cəbrayılov başqa azərbaycanlılar vasitəsilə ona hədələyici ismarış göndərib. Martın 22-də isə Nyu-Yorkda “Chinar” restoranında Novruz bayramı ilə bağlı keçirilən şənlikdə F.Cəbrayılov E.İsmayıla hücum çəkərək onu vurmaq istəyib. “Məndən 2 masa aralıda Azərbaycanın BMT-dəki nümayəndəliyinin işçiləri ilə əyləşən Fərid Cəbrayılov üzərimə şığıyıb mənə fiziki xəsarət yetirmək istədi. Lakin ətrafda olan başqa insanlar bunun qarşısını aldı”, – deyə E.İsmayıl xəbər verir.
Azərbaycanlı tələbə-fəal F.Cəbrayılovun hərəkətləri ilə bağlı Nyu-York polisinə şikayət etdiyini bildirib: “Fərid Cəbrayılov diplomatik toxunulmazlığı olduğundan istədiyini edə biləcəyini düşünürsə, böyük səhvə yol verir. Artıq Nyu-York polisi bu haqda məlumatlıdır. BMT-dəki nümayəndəliyimizdən kimsə mənə qarşı nəsə etsə onunla Nyu-York polisi məşğul olacaq”.
E.İsmayıl qəzetimiz vasitəsilə ölkə başçısı İlham Əliyevə də müraciət edib: “Mən Azərbaycanın dövlət başçısı İlham Əliyevi xarici ölkələrə nümayəndə göndərərkən diqqətli olmağa çağırıram. Mədəniyyətsiz, işini bilməyən, vəzifəsindən sui-istifadə edərək qoçuluq edənləri ABS-dan, BMT nümayəndəliyimizdən geri çagırmağa səsləyirəm. Azərbaycanın beynəlxalq imicini belə insanlarla korlamaq doğru siyasət deyil. BMT qarşısında əsgər ölümləri və Azərbaycanda son həbslərlə bağlı etiraz aksiyası keçirməzdən əvvəl Fərid Cəbrayılov mənə zəng edərək bu aksiyanı təxirə salacağımız təqdirdə bizə qonaqlıq verəcəyini bildirmişdi. Elə bu da bu insanın diplomat yox, alverçi mədəniyyətli birisi olduğunun sübutudur”.
Qeyd edək ki, E.İsmayıl Nyu-York Şəhər Universitetinin siyasi elmlər üzrə 4-cü kurs tələbəsidir.
Məlumatla bağlı BMT-dəki nümayəndəliyimizin də mövqeyini dərc etməyə hazırıq.