“Yüklər həmişə eyni olurdu; Ötən ilin avqustuna qədər ən azı 15 reys həyata keçirdik”
Britaniyanın “The Sunday Teleqraph” qəzeti ötən ilin yayında Azərbaycan üzərindən Bəşər Əsədə Rusiyadan tonlarla nəğd pul və silah daşımış keçmiş hərbi pilotun açıqlamalarını dərc edib. Suriya Hərbi Hava Qüvvələrinin Nazim adlı keçmiş pilotu beynəlxalq sanksiyalardan yan keçərək Əsəd rejiminə tonlarla nəğd pulu və silahları IL-76 hərbi-nəqliyyat təyyarələri ilə necə daşıdıqları barədə danışıb.
Nazim deyib ki, o digər pilotlarla birgə Rusiyaya uçub, orada təyyarəyə Əsədin hakimiyyətdə qalmasını dəstəkləmək üçün zəruri yüklər-dollar və avrolarla tonlarla banknotlar yüklənib. Nazimin dediyinə görə Suriya pilotları silahlar və döyüş sursatları üçün Irana uçurdular. Qəzetin yazdığına görə Nazim hazırda Iordaniyadadır vəÿailə üzvləri ilə birgə Suriyadan qaçıb.
Pilot danışır ki, o ilk dəfə ötən ilin aprelində məxfi missiya ilə Rusiyaya uçub. Onun idarə etdiyi IL-76 təyyarəsi Suriya-Iraq-Iran-Azərbaycan-Rusiya marşrutu ilə uçub. Moskvanın Vnukovo aerportunda təyyarəyə 30 ton banknot yükləndikdən sonra Nazim Dəməşqə geri qayıdıb. Orada onu Suriya mərkəzi bankının maşınları qarşılayıb. Pilot danışır ki, həmin vaxtdan sonra Rusiyaya və geri uçuşlar müntəzəm xarakter daşıyıb, ayda üç dəfə reys olub. “Yüklər həmişə eyni olurdu: Suriya funtları, avro və dollarlar. Ötən ilin avqustuna qədər biz ən azı 15 reys həyata keçirdik” deyə Nazim bildirib.
Qəzetin yazdığına görə yük təyyarələrindən birinin vurulmasından sonra Nazim həbs olunub. Onunla birlikdə digərlərini-artelleriyaçıları, pilotları, mülki şəxsləri də həbs ediblər. Bir neçə ay dindirdikdən sonra Nazimi həbsdən buraxıblar. Pilotun yaşadığı ev yandırılıb, qonşuların dediyinə görə bunu hökumət qüvvələri ediblər. Arvadı və uşaqlarını götürən Nazim ölkədən qaçmağa qərar verib. Yolda onların maşınını Əsəd qüvvələrinin snayperləri atəşə tutub, Nazimin oğlu və qızı yaralanıb. O, Iordaniyaya keçməyə imkan tapıb və yaralı uşaqlarını əməliyyat etdirib. “Biz bir az da olsa azadlıq istəyirik. Sizdə, Qərbdə olduğu qədər yox, azacıq” deyə pilot bildirir.
Xatırladaq ki, bir neçə ay əvvəl Suriya hərbi nəqliyyat təyyarələrinin Azərbaycan və Iran üzərindən Əsəd rejiminə nəğd pul və silah daşıdığı haqda ABŞ mənbələri xəbər yaymışdı. Həmçinin təyyarələrin uçuş marşrutunu əks etdirən sənədlər də internetdə yerləşdirilmişdi.