israel-turkey

“Mərmərə üzrü”nün detalları

israel-turkeyİsrail əvvəlcə «üzr» yox, «peşmançılıq» deyib; ABŞ Türkiyənin israrını qəbul etdirib

Dünya mətbuatı Tel-Əviv-Ankara barışığını Obamanın zəfəri adlandırdı

Israilin baş naziri Benyamin Netanyahu Türkiyə baş naziri Rəcəb Tayyib Erdoğana zəng vuraraq 3 il əvvəl Mavi Mərmərə gəmisində baş vermiş insident zamanı 8 nəfərin ölümünə görə üzr istəyib. Türkiyə rəsmiləri məlumatı təsdiqləyiblər. Tərəflər səfirlərin qaytarılması və məhkəmə iddialarının geri götürülməsi ilə də bağlı razılığa gəliblər. Israil tərəfi Turkiyənin irəli sürdüyü şərtləri yerinə yetirməyə, həmçinin məlum insident zamanı həyatını itirənlərin ailələrinə təzminat ödənməsinə də razılıq verib.
ABŞ prezidenti Barak Obama Türkiyə və Israil əlaqələrinin bərpası üçün bunun müsbət addım olduğunu deyib.ÿBəyənatda prezident Obama Türkiyə və Israil baş naziri arasındakı telefon danışığını alqışladığını deyib.
Türkiyənin “Hürriyet” qəzeti B.Netanyahunun üzr istəmək üçün R.T.Ərdoğana haradan zəng etdiyi, ona nələr dediyini detalları ilə öyrənib.

Netanyahu Ərdoğana hardan zəng edib?

Qəzet yazır ki, ABŞ prezidenti Barak Obama Israilə səfərinin ilk günündə Türkiyə ilə ikitərəfli əlaqələrin yaxşılaşdırılmalı olduğunu gündəmə gətirib. Lakin bunu necə etməklə bağlı məsələ açıq qalıb. Obamanın Netanyahuya problemi dərhal həll etməyin vacibliyini söyləməsilə dövriyyəyə amerikalı diplomatlar girib və həll yolunu axtarmağa başlayıblar. Obamanın səfərinin son günündə nəticə özünü göstərib. Netanyahu Obamanı yola salmağa getdiyi hava limanında hərbi konteynerdən Ərdoğana zəng edib. Bu zaman Obama Netanyahunun yanında olub.

“Türk xalqından üzr istəyirəm”

O, “Mavi Mərmərə” əməliyyatında buraxdıqları səhvlərə görə üzr istəyib və bu hadisə ilə bağlı təzminat ödəməyi qəbul etdiklərini deyib: “Prezident Obama ilə regional əməkdaşlıq və Israil-Türkiyə əlaqələri mövzusunda çox yaxşı bir görüşümüz oldu. Obama mənə Israillə Türkiyə arasında münasibətlərin korlanmasından üzüldüyünü ifadə etdi. Israil və Türkiyə arasında anlaşılmazlıqların həllinə yardım etməyə qərarlı olduğunu da söylədi. Israil-Türkiyə yaxınlaşmasının bütün bölgədəki sülh və sabitliyi inkişaf etdirəcəyini dedi. ”Mavi Mərmərə” hadisəsinin faciəvi nəticəsi Israilin məqsədi deyildi. Israil ölüm və yaralanma hallarına görə kədər duydu. Israilin hadisə ilə bağlı apardığı istintaq nəticəsində bəzi əməliyyat səhvlərinin baş verdiyi ortaya çıxdı. Türk xalqından ölüm və yaralanmalara səbəb olan bu səhvlərə görə Israil adından üzr istəyirəm. Üstəlik zərər görən ailələrə təzminat verilməsi üçün iki ölkə arasında razılaşmaya hazır olduğumuzu bildirirəm”.

Obama telefonu Netanyahudan alıb və…

Sonda Netanyahu Qəzzanın blokadasına son qoyacaqlarına da söz verib. Bildirib ki, Qəzza da daxil olmaqla Fələstin torpaqlarına humanitar yüklərin gətirilməsinə qoyduqları məhdudiyyətləri aradan qaldıracaqlar və bu, sabitliyin hökm sürdüyü müddətcə davam edəcək. Üzrü qəbul edən Ərdoğan isə öz növbəsində Türkiyənin Israil əsgərlərinə qarşı açdığı hüquqi davanı geri götürəcəklərini söyləyib. Bundan sonra Obama telefonu alaraq Ərdoğana Israil-Türkiyə münasibətlərinin yaxşılaşması yönündə əldə olunan tərəqqiyə görə məmnunluğunu çatdırıb.

Bu, İsrailin tarixdə 3-cü üzrüdür

Qeyd edək ki, bu, Israilin bir dövlət kimi tarixində Türkiyədən istədiyi üçüncü üzrdür.ÿIsrail ilk rəsmi üzrü ABŞ-dan istəmişdi – 1967-ci ildəki altı günlük müharibə zamanı ABŞ-a məxsus “Liberty” adlı gəmini Israil təyyarələrinin vurmasına görə. Israilin ikinci üzrü keçən il oldu. Israil ötən ilin avqustunda Sinada 3 Misir əsgərinin ölümünə bais olduğu üçün Qahirədən üzr istədi.

İsraildən ilk etiraz

Israilin Türkiyədən üzr istəməsinə qarşı çıxanlar da olub. “Mavi Mərmərə” əməliyyatının həyata keçirildiyi dövrdə Israilin xarici işlər naziri olan, hazırda isə parlamentin xarici işlər və müdafiə komissiyası sədri vəzifəsini tutan Aviqdor Liberman bunu kobud səhv adlandırıb: “Türkiyədən üzr istəmək böyük səhvdir. Bu, Israil ordusunun motivasiyasına zərər vuracaq və ekstremistlərin mövqeyini gücləndirəcək. Eyni zamanda terrora qarşı mübarizəyə ciddi zərbə vuracaq, Israilin qürurunu və şərəfini yaralayacaq. ”Mavi Mərmərə” gəmisində həyata keçirilən əməliyyatın video-yazısını görənlər Israil əsgərlərinin özlərini müdafiə etdiyinə şübhə etmir”. Uzun illər ərzində Israil və Türkiyə xalqları arasında yaranan xoş münasibətləri yüksək dəyərləndirən Liberman münasibətlərin korlanmasına görə Ərdoğan hökumətinin və xarici işlər naziri Davudoğlunun məsuliyyət daşıdığını deyib.

Netanyahu niyə üzr istədiyini açıqladı

B.Netanyahu dünən özünün “Facebook” səhifəsində Türkiyədən üzr istəməsi ilə bağlı açıqlama yayıb.ÿ”Hürriyet” qəzetinin yazdığına görə, Netanyahu qeyd edib ki, Türkiyədən üzr istəməsinin başlıca səbəbi Suriya böhranının dərinləşməsidir: “Bizim üçün ən böyük təhlükə Suriyadakı kimyəvi silahların terrorçu qrupların əlinə keçməsidir. Türkiyə ilə Israil əlaqələri yaxşılaşdıraraq regional problemləri birgə həll edə bilərlər”.ÿIsrailin baş naziri  qeyd edib ki, “Mavi Mərmərə” olayına görə Türkiyədən üzr istəməyə son üç ildə bir neçə dəfə cəhd göstərib.
Netanyahu onu da bildirib ki, Israillə Türkiyənin yaxınlaşması davam edən Suriya böhranı fonunda da vacibdir.   
Netanyahunun təhlükəsizlik məsələləri üzrə müşaviri Yakov Amidror isə deyib ki, Türkiyə ilə barışıq üçün vaxt düzgün seçilib. Onun sözlərinə görə, Türkiyə ilə Israil arasında əlində kimyəvi silah olan və dağılan bir ölkə var. Bu da iki ölkəni yaxınlaşmasını zəruri edən çox vacib bir məqamdır.
Israilin müdafiə naziri Moşe Yalon da Türkiyədən üzr istəməyin doğru qərar olduğunu bildirib. Yalon Türkiyədən indiki məqamda üzr istəməyin regional dəyişikliklərlə bağlı olduğunu deyib.

Davudoğlu İsrailin üzründən danışdı

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu isə iki ölkə arasında münasibətlərin normallaşması üçün 3 il ərzində müxtəlif vasitəçilərlə Israilə tələblərini irəli sürdüklərini, son vaxtlar da ABŞ-ın dövlət katibi Con Kerri ilə bu məsələdə müzakirələr apardığını bildirib: “Ilk dəfə sülh şəraitində, bizimlə müharibə şəraitində olmayan bir ölkənin ordusu vətəndaşlarımızı öldürdü. Bunun qarşılığı var və bir əsr də sürsə, biz bu məsələdəki mövqeyimizi dəyişdirməyəcəyik. Nəhayət, sağlam fikir qalib gəldi və bu mərhələyə gəlib çıxdıq. Üzr istənməsəydi, bu məsələ bir əsrə də bağlanmazdı”. Davudoğlu onu da bildirib ki, bu addım Israilin beynəlxalq əlaqələrdə mövqeyinin yaxşılaşması baxımından da böyük əhəmiyyət daşıyır.
“Mavi Mərmərə” gəmisinə hücum zamanı həyatını itirənlərin ailələri də Israilin Türkiyədən rəsmi şəkildə üzr istəməsinə münasibət bildiriblər. Onlar əsas məqsədin maddi təzminat olmadığını vurğulayıblar və Israilin üzr istəməsini müsbət qarşıladıqlarını deyiblər.
Ankara ilə Tel-Əviv arasında təzminat məsələsi bundan əvvəl də gündəmə gəlmişdi. Həmin vaxt Israilin ölənlərin hər birinin ailəsinə 100 min dollar təzminat ödəyəcəyi bildirilsə də, Davudoğlu bu xəbərləri spekulyasiya adlandırmışdı. Türkiyə rəsmiləri rəqəmin iki ölkə arasında keçiriləcək görüşlərdə müəyyənləşəcəyini bildirmişdilər.

Hər şey Kerrinin səfərilə başlayıb?

Türkiyə mətbuatının yazdıqlarından məlum olur ki,  Israilin Ankaradan üzr istəməsi bir günün qərarı deyil və proses ABŞ dövlət katibi Con Kerrinin bu il martın 1-də Türkiyəyə səfərilə başlayıb. Kerri Ankara ziyarətində ABŞ-ın bölgədəki iki önəmli müttəfiqi – Türkiyə ilə Israil arasında münasibətlərdən narahatlığını ifadə edərək Davudoğluna problemin həll edilməli olduğunu bildirib. Öz növbəsində Davudoğlu da, Türkiyənin Israilin türk xalqından üzr istəməsi, hücumda ölənlərin yaxınlarına tazminat ödənməsi və Qəzza ilə bağlı şərtlərini xatırladıb. Və məsələdə addım atmalı olan tərəfin Israil olduğunu vurğulayıb. Kerri Israilin Türkiyədən hansı formada üzr istəməli olduğu ilə maraqlanıb. Bundan sonra tərəflər arasında uzun-uzadı yazışmalar olub. Ilk yazışmalarda Israil üzr əvəzinə, peşmanlıq ifadəsinə üstünlük verib. Türkiyə tərəfi bununla razılaşmayıb. Ərdoğanın Varşava ziyarəti zamanı Israildən üzrün son mətni gəlib və bu mətn tamamən Türkiyənin istədiyi formada olub. Səfərini yarımçıq qoymağa məcbur olan Ərdoğan ölkəsinə geri qayıdaraq israilli həmkarı Netanyahu ilə telefon danışığı aparıb.
Israilin baş naziri Benyamin Netanyahunun Türkiyədən üzr istəməsinə dünya mətbuatı da geniş yer ayırıb. “New Üork Times”ın yazdığına görə, məsələdə Obamanın iştirakı hər iki ölkənin lideri üçün həyati əhəmiyyət daşıyırdı: “Bu səbəbdən Netanyahunun telefon danışığı Obamanın Israildən gedişi ərəfəsinə planlaşdırıldı. Ərdoğan əvvəlcə Obama ilə danışmaq məsələsində israr etdi, sonra Obama telefonu Netanyahuya verdi. Türkiyə,ÿABŞÿvə Israilÿüçlüyü Iranın nüvə çabalarının qarşısını almaqda, həmçinin Israil-Fələstin məsələsində strateji rol oynaya bilər”.
“Guardian” məlum razılaşmanı “Obamanın zəfəri” başlığı altında təqdim edib: “Türkiyə ilə Israil arasında əldə olunan anlaşma Obamanın önəmli diplomatik uğurudur”.
“Əl-Cəzirə” bu anlaşmada Türkiyənin istədiyinə nail olduğunu bəyan edib: “Bu, mükəmməl və gözlənilməz bir gediş idi”.

Gültəkin