Avropa Birliyindən Azərbaycanla bağlı tənqidi hesabat

Avropa Birliyinin Genişlənmə və Avropa Qonşuluğu Siyasəti üzrə Komissarı Stefan Füle Azərbaycan üzrə Avropa Birliyinin hesabatını təqdim edib. “Ölkə üzrə Tərəqqi Hesabatı” adlanan sənədi Avropa Komissiyası və Birliyin Xarici İşlər və Təhlükəsizlik siyasəti üzrə Baş Təmsilçisi martın 20-də nəşr edib.
Hesabatda Azərbaycanın 2012-ci ildə Avropa Birliyinin Yaxın Qonşuluq siyasəti çərçivəsində  gördüyü işlərə qiymət verilir.

Demokratiya öhdəlikləri

Hesabatda deyilir ki, keçmiş dövrlə müqayisədə inkişafa baxmayaraq, Azərbaycan özünün demokratiya öhdəliklərinə cavab vermək üçün səylərini davam etdirməlidir.
Hesabatda “demokratiya öhdəlikləri” deyəndə nəyin nəzərdə tutulduğu sadalanır. Deyilir ki, buna , “o cümlədən seçki prosesi, insan haqlarının müdafiəsi və fundamental azadlıqlar, ədliyyə sistemi daxildir”.
Sənəddə daha sonra bildirilir ki, Azərbaycan keçən ilki hesabatda göstərilən tövsiyyələrin yalnız bir neçəsinə ünvanlanmış işlər görüb.
“Azərbaycan İnsan Haqları Fəaliyyət Planını  həyata keçirməyə başlayıb, ədliyyə islahatını davam etdirib, söküntülər və zorla köçürmə probleminə münasibətdə bəzi addımlar atıb”.
Sənəddə bildirilir ki, Azərbaycan Avropa Şurasının Parlament Assambleyasının siyasi məhbuslar üzrə məruzəçişi ilə əməkdaşlıq etmədi.
Hesabatda göstərilir ki, Azərbaycan “digər vacib tövsiyyələr üzrə də  tərəqqi etməlidir”.
Deyilənlərlə bağlı Azərbaycana yeni tövsiyələr verilir:

Tövsiyələr

Azərbaycan öz öhdəliklərinə və vəzifələrinə  riayət  etməsi haqda  AŞPA-nın 13 yanvar 2013-cü il qətnaməsinin həyata keçirilməsini təmin etsin.

2011-ci ildə qəbul olunmuş İnsan Haqları Fəaliyyət Planını həyata keçirməkdə davam etsin.

Ermənistanla  birlikdə Madrid Prinsipləri üzrə sazişə gəlinməsində Ermənistanla birgə səylərini artırsın.

Münaqişənin nizamlanması ilə bağlı Avropa Birliyi təmsilçilərinin Dağlıq Qarabağ və ətraf regionlara maneəsiz çıxışını təmin etsin.

Münaqişənin nizamlanmasında tərəqqi üçün ətraf mühitlə bağlı işləri irəli aparsın, sülh yaratma fəallığını həvəsləndirsin və dəstəkləsin.

Defamasiya haqda Qanunu qəbul etsin. Bu qanun defamasiyaya və təhqirə görə cinayət məsuliyyətini ləğv edir.

Seçki qanunverciliyini ATƏT/Demokratik Təsisatlar və İnsan Haqları Ofisinin tövsiyyələrinə uyğunlaşdırsın və bunun effektiv tətbiqini təmin etsin.

Sərbəst toplaşmaq azadlığı, təşkilatlanma azadlığı və media haqda qanunvercilikləri beynəlxalq standartlara uyğunlaşdırmağı davam etdirsin və bunun tətbiqini təmin etsin.  

Jurnalistlərə və fəallara qarşı sıxışdırmaların istintaqlarında səylərini artırsın.

Ədliyyəni müstəqil etməkdə səylərini artırsın.

İctimai maliyyə idarəçiliyinin vacib məsələlərinə, xüsusilə  büdcə ilə bağlı aşkarlığa və cavabdehliyə diqqət yetirsin.

Korrupsiya və Qarabağ danışıqları

Hesabatda daha sonra deyilir ki, Azərbaycan ikinci anti-korrupsiya strategiyasını yekunlaşdırıb. Vətəndaşlardan xahiş olunur ki, korrupsiya barədə qaynar xətlə hakimiyyətə xəbər versinlər.
Sənəddə qeyd olunur ki, Azərbaycanda korrupsiya sahibkarlığın inkişafı  və iqtisadiyyatın diversifikasiyası yolunda ən böyük əngəldir.
Hesabatda o da bildirilir ki, pul yuma və insan alveri ilə mübarizədə tərəqqi müşahidə olunur.
Hesabatda Dağlıq Qarabağ danışıqları haqda qeyd var: “Dağlıq Qarabağ münaqişəsini həll etmək üçün Azərbaycanla Ermənistan arasında danışqlar, təəssüf ki, 2012-ci ildə yavaşıdı”.