Bir başqa bahar

Düzünü deyim, mən yalnız hər il 31 dekabrda bayram ovqatında oluram, saat əqrəblərinin 12-ni vuracağını intizarla gözləyirəm. Mənim üçün yeni il o zaman başlayır. 
Amma mən bunu da bilirəm ki, bizim ölkədə artıq 20 ildir yeni il təqvim hadisəsindən başqa bir şey deyil. Həyatında heç nəyin irəliyə doğru dəyişmədiyi, təzələnmədiyi, yeniləşmədiyi bir ölkənin insanı olaraq yeni il ovqatında olmaq çətin məsələdir. Sadəcə onunla təsəlli tapırsan ki, sən özün bu ölkəni dəyişmək, yeniləmək, onun tarixində yeni bir səhifənin açmaq istəyən insanların yanındasan, onlarla bir sıradasan və hətta formal da olsa yeni ili qarşılamağa, qeyd etməyə mənəvi haqqın çatır.
Ancaq ilk dəfədir ki, bir Novruz bayramı ərəfəsində fərqli ovqatdayam. Bu bayram indi mənə nədənsə həmişə olduğundan çox doğma, çox fərqli gəlir. Əslində bəlkə doğrudan da, əsl yeni il elə bahar bayramının özüdür, çünki təbiət oyanır. Qış yuxusu arxada qalır, yeni can, yeni nəfəs gəlir təbiətə.
Bu Novruzu mənə ən çox doğmalaşdıran, onun mənə başqa Novruzlardan, bahar bayramlarından fərqliliyini anladan isə əlbəttə, təbiətin bu oyanışı deyil, axı mən hər bahar təbiətin oyandığını, təbiətə yeni can, yeni nəfəs gəldiyini təzəlikcə öyrənməmişəm. Sadəcə, bu bahar oyananın, yuxudan ayılanın yalnız ağaclar, başqa canlılar olmaması indi məndə başqa bayram ovqatı yaradıb. Indi gözümüzün qarşısında həm də bir toplum oyanır, illərin istibdad yuxusundan ayılır, öz haqqını daha ucadan tələb etməyə başlayır. Dəyişim ümidləri tumurcuqlayır. Hə, mən indi baharı bir başqa ovqatla qarşılayıram, görürəm ki, bu bahar oyanan yalnız təbiət deyil, həm də bir toplum oyanır, gözünü həqiqətlərə açır. Dirçəlməyə, dikəlməyə, yenidən var olmağa çalışır.
Məni bu bahar bayramına bu qədər kökləyən də budur – yalnız təbiətin deyil, toplumun da oyandığını görmək.
Yalnız ağacların deyil, arzuların da yaşıllaşmağa başladığını görmək.
Əslində illərdir bu ölkəyə bahar da yalnız təbiət hadisəsi kimi gəlirdi. Ətraf yaşıllaşırdı bəlkə, amma solğun çöhrələr, qurumuş arzular, çürümüş diləklər ölkəsində bunun da anlamı qalmır.
Heç indi də arzularımız çin olmayıb, amma əvəzində böyük bir oyanış görürük adamlarda. O arzuların, o diləklərin gerçəkləşəcəyinə ümidlər yaranıb. Qorxu buzları əriyir, axıb suya dönür. Bir hiss dolur içimizə, o hiss deyir ki, bundan sonra qısalmağa başlayan yalnız gecələr olmayacaq – şərin qaranlığının ömrü də qısalmağa başlayır. Yalnız gündüzlər yox, aydınlıqların da ömrü uzanmağa başlayır artıq.
O hiss deyir ki, bu bahar yalnız təbiətə gəlmir.
Həm də bizim arzularımıza, istəklərimizə gəlir.
Artıq yalnız ağaclar yox, adamlar da oyanırsa, bu, doğrudan da bir başqa bahar olacaq deyir o hiss.
Mən o hissə inanıram. Ona görə də ağlım kəsəndən bəri ilk dəfədir bir Novruzda əsl bayram ovqatındayam.
Içəridəki mübarizə dostlarımızla bağlı üzüntülərim olsa da…
Onların doğmaları ilə bir arada bir az yersiz görünsə də, bu bahar bayramına çox kökləndiyimi gizlətmirəm.
Çünki bilirəm: bu baharda yalnız təbiətin deyil, bir toplumun da oyanışını…
Yalnız təbiətin deyil, bir toplumun da zülmün qar-qışından azad olmaq arzusunu görmək, duymaq onları da mutlu edərdi. Axı onlar məhz bunun üçün o dəmir barmaqlıqların ardındadırlar.
Bayramımız, oyanışımız qutlu olsun!