Ordu, yoxsa can bazarı?

Əsgər ölümləri artıqca, çağırış məntəqələrində qiymətlər də artır…
…YAP gənclərinin lideri, deputat Ceyhun Osmanlı bu yaxınlarda əsgər ölümlərinə etiraz edənləri qınayaraq, onları “ermənilərin dəyirmanına su tökməkdə” ittiham etdi. Dedi ki, ermənilər bütün dünyaya car çəkəcəklər ki, bunlar bir-birini qırırlar, bizim günahımız yoxdur. Yəni ildə yüzlərlə əsgərimiz qeyri-müharibə şəraitində həlak olsa da, biz susmalıyıq.
“Orduda ölüm halları əksər hallarda ehtiyatsızlıq üzündən baş verir”. Bu ənənəvi açıqlama da, tutduğu vəzifəsinə görə nəslindəki bütün oğlan uşaqlarını hərbi xidmətdən yayındıran, öz övladlarını Avropada yerləşdirmiş statistik millət vəkili və iri məmura aiddir. Son iki ilin isə artıq hitə çevrilmiş, doğrudan da təhqiramiz səslənən iqtidar rəsmilərinin fəlsəfi-platonik yorumu belə səslənir: “Ordu cəmiyyətin bir parçası olduğundan, buradakı ölüm hallarına təbii baxmaq lazımdır”(?).
Yuxarıda sadaladığımız rejimin əsgər ölümlərinə rəsmi münasibətidir.
Məhz bu səbəbdən əsgər ölümlərinə etiraz səsini ucaldan, şəhid valideynləri, onların səsinə səs verən cəmiyyətin ən müxtəlif kəsimləri təqib olunur, döyülür, həbs edilir. Martın 10-u, biz bunun bir daha şahidi olduq. Polis indiyə qədər görünməmiş bir qəddarlıqla aksiyanın qarşısını aldı.
…Cəmiyyətimizin bütün sahələrini çaynağına almış korrupsiya, əfsuslar olsun ki, ordudan da yan keçmir..
Nə qədər qəribə görünsə də, dövlət büdcəsindən orduya ayrılan vəsaitlər artdıqca, orduda fəlakətlər daha intensiv xarakter alır, ölümlər çoxalır, valideynin xərcləri artır və s.
Azərbaycanda ordudan tərxis edilmiş yaxınlarımızdan hər hansı birini gördükdə ağlımıza gələn – “elə bil orduda bu zavallıya heç yemək verməyiblər” ifadəsi olur. Oysa, Azərbaycan əsgəri üçün təyin edilmiş qida rasionuna diqqət edin və gerisini özünüz düşünün. Beləliklə…
Qida rasionundan, yəni əskərlərimizin gündəlik ərzaq normasından başlayaq…
Əsgərin gündəlik qida rasionunda əsas yeri çörək tutur – 750 qram. Bundan əlavə, kartof və tərəvəz 900 qram (o cümlədən 600 qram kartof), yumurta, ət 200 qram, balıq 120 qram, müxtəlif yarmalar 120 qram, süd 100 qram təşkil edir. Dünyada ilk beş menyudan biridir.
Bu göstəricilərə görə biz hətta Ingiltərə ordusunu üstələyirik, ABŞ və Israillə baş-başayıq. Bu menyu ilə qidalandırılan əskərimizi təsəvvür edə bilərsinizmi? Yəni bildiyimiz o “şvedski stol” bunun yanında heç nədir. Qidaya ayrılan yüz milyonlarla manatın kimin ciblərinə axdığını bilmək üçün yeni tərxis olmuş istənilən əsgəri görməniz kifayətdir. Bu ağlasığmaz məbləğ isə, çox asanlıqla, elə ilk mərhələdəcə mənimsənilir…
Övladı hərbi xidmətə çağırılmış valideyn isə, öz vəsaiti hesabına onu yedizdirmək istəyərkən qarşısında sözün hər iki mənasında qida korrupsiyasından demək olar ki, “faydalanmayan” komandirləri “görür”. Bunun üçün də ödəməlisən. Çünki onun övladının taleyi bu heyətdən asılıdır. Bu həmin heyətdir ki, o böyük “qida proyekti”ndən bəhrələnmir. Hesablamalar göstərir ki, statistik valideyin, ilyarım ərzində təxminən 3-4 min manata yaxın pul xərcləyir. Bəzən şəraitə görə bu rəqəm arta və azala bilər. Onu da qeyd edim ki, bura çağırışaqədərki hesab daxil deyil…
Sual oluna bilər, bəs ölüm halları niyə artır? Məsələ burasındadır ki, bu məbləğ heç də hamıda olmur. Orduda valideyin “qayğısından(?) məhrum olan əsgərlər” (bu termini unutmayın!), hərbi hissələrin ögey övladları(!) hesab olunur. Ölümlərin, nizamnamə pozuntularının əksəriyyətinin bu və ya digər şəkildə maddi motivlərə söykənməsi çox şeydən xəbər verir.
Bu əsgərlər sağ-salamat evə döndükdən sonra belə, uzun illər psixoloji sarsıntıdan qurtula bilmirlər. Bu gün cəmiyyətimizdə ağlasığmaz cinayətlərin əksəriyyətini orduda təhqir olunmuş, zombiyə çevrilmiş övladlarımız törədir. Elə orduda cinayət törədən əsgərlərimizin əksəriyyəti oxşar sindromu yaşayanlardır.
Bəli, bu gün istənilən recim rəsmisi qırmızı şəkildə sual verir: “Məgər mən istəyərəm ki, balalarımız orduda günahsız yerə həlak olsun?..”.
Ilk baxışda məsuliyyətdən yayındıran arqumentdir, lakin nəzərə alsaq ki, əsgər ölümlərindən sonra valideynlərin “hərbi mükəlləfiyyətləri” artır, buna şübhə ilə yanaşmamaq qeyri-mümükündür. Hər bir ölüm haqqında kəskin danışıb, onu doğuran səbəblər barədə susmaq, razılaşın ki, siyasi artistlikdir…
“Murov və təmas xətti” isə ayrı bir söhbətin mövzusudur…