ACP və Müsavat liderləri “toqquşdu”

İmza qalmaqalı Rəsul Quliyevlə İsa Qəmbəri qarşı-qarşıya qoydu

Müsavat başqanı Isa Qəmbərin Rəsul Quliyevin Bakıya qayıtması üçün sənədə qol çəkməməsi, bunu ACP liderinin xalqın deyil, Heydər Əliyevin istəyilə spiker seçilməsiylə əsaslandırması tərəflər arasında gərginliyə yol açdı. Məsələyə münasibət bildirən R.Quliyev I.Qəmbərin dediklərini yalan adlandırdı və Müsavat başqanının onun ölkəyə qayıtmamasını Əliyevlərdə çox istədiyini bildirdi:
“O vaxt Əliyev öz hayında idi, əksinə mən ona kömək edirdim. Əgər bu sözlərin qarşısına söz deyən tapılarsa, mən onlarla şahid tapa bilərəm ki, dediklərimi təsdiqləsin. O vaxt səs verənlərin azı 70 faizi sağ salamatdır. 1995-ci ildə hətta müxalifətdən olanlara da Əliyev icazə verə bilərdi, mənə yox. Mənim Əliyevin projesi ilə deputat seçilməyimi iddia edənlər ağ yalan danışırlar. Həmin 1995-ci ildə namizədliyimi irəli sürəndə Isa Qəmbər və başqa müxalifət liderlərinə müraciət etdim ki gəlib mənə rəqib olsunlar. Onu seçkilərə buraxmırdılar, xahiş etdim ki gəlsin mən iştirak edən dairədən namizədliyini versin. Təəssüf ki, bu işi görmədi. 2005-ci ildə mən yeganə deputatlığa namizədəm ki, bütün imza atılmış protokollara görə qələbə çalmışam. Hətta mənim seçkilərdə rəqibim Adil müəllimdə mənim udduğumu qeyd etdi. Avropa Məhkəməsində də hökumət heç bu məsələni debata çıxarmadan seçkiləri saxtalaşdırdığını boynuna aldı. Əgər lazım gəlsə, mənim müxalifət liderlərinə gəlib mən verən dairədən namizədliklərini versinlər, müraciətimi qəzetlərdən, o cümlədən müxalifət qəzetlərindən və ya televiziyaya verdiyim müsahibələrdən tapa bilərəm. Onu da qeyd edim ki, bu yeganə dairə idi saxtalaşdırma olmadı. Deyəsən mən 60 faiz səs toplamışdım. YAP isə 52 faiz.

«Bilirəm ki, mənim respublikaya dönməməyimi o Əliyevlərdən də çox istəyir»

Əgər saxta deputat seçilmisənsə, hətta qardaşımız Türkiyənin, yəni başqa ölkənin başçısının istəyi ilə spiker olsan da yenə legitim deyilsən. Ikinci, mən birinci dəfədir eşidirəm ki, spikeri xalq seçir. Ola bilər, 1993 və 1995-ci illərdə Konstitusiyaya görə spikeri xalq seçirmiş, düzü bilməmişəm, boynuma alıram. Belə-belə işlər tarixçi qardaşlarım. Tarixçi diplomu almaqla tarixçi olmaq arasındakı məsafəni ola bilər ki, on dəfə təkrar-təkrar yaşayasan, ancaq qət edə bilməyəsən. Tarixi bilmək istəyirsinizsə, tarix budur. Fikrimcə, yalan danışmaqdan xəcalət çəkmək lazımdır, əgər bu mümkünsə. O ki qaldı onun qol çəkməməsinə bəlkə də inanmazsınız, ancaq mən bundan çox məmnun oldum. Mən çox şad oldum ki, mənim Azərbaycana dönməyimdə bu şəxsiyyətin nəinki heç bir rolu, hətta heç bir əhəmiyyət kəsb etməyən imzası da olmadı. Onu da bilirəm ki, mənim respublikaya dönməməyimi o Əliyevlərdən də çox istəyir. Ancaq buna görə nəinki ondan incimirəm, əksinə hər yerdə deyirəm ki, ona təzyiqlər edirlər, rayonlara getməyə maneçiliklər törədirlər və s. Ona uğurlar. Qol çəkməməsinə görə də təşəkürlər, bizi xeyli feyziyab etdi”.

«Rəsul Quliyevin Azərbaycana gəlməsi İsa Qəmbərin nə planlarına, nə də ideyalarına ziddir»

Müsavat başqanının müavini Gülağa Aslanlı isə “Azadlıq”a açıqlamasında R.Quliyevin yanlışlığa yol verdiyini deyib: “Müsavat da, partiyanın başqanı Isa Qəmbər də həmişə Azərbaycana gəlmək istəyən vətəndaşlarımızı dəstəkləyiblər. Və onların gəlməsinə şərait yaradıblar. Ikincisi, Rəsul Quliyevin 95-ci ildə parlamentə Heydər Əliyev tərəfindən təyin edilməsi bir faktdır. Azərbaycanda 92-ci ildən sonra azad seçki yox, ancaq təyinat olub. Isa Qəmbər Rəsul Quliyevin Azərbaycana gəlməsini istəməsəydi, 2005-ci ildə risk edib buradan Ukraynaya getməz, onun buraxılmasını, sonra da birlikdə Azərbaycan qayıtmağı təklif etməzdi. Rəsul Quliyevin Azərbaycana gəlməsi Isa Qəmbərin nə planlarına, nə də ideyalarına ziddir. Biz həmişə onun gəlməsini istəmişik. Sadəcə olaraq faktı fakt kimi deyəndə qıcıqlanmaq lazım deyil”.

Gültəkin