Rusiyalı siyasi texnoloqdan sensasion açıqlama
Tanınmış siyasi texnoloq və politoq, Rusiya Prezident Administrasiyasının xarici ölkələrlə regionlararası və mədəni əlaqələr üzrə keçmiş idarə rəisi Modest Kolerov “haqqın.az”a müsahibəsində Azərbaycanda hazırkı siyasi durumu dəyərləndirib. Politoloq həmçinin ölkənin yaxın gələcəyilə bağlı proqnozlarını da açıqlayıb.
Azərbaycanda son vaxtlar intensivləşən etiraz aksiyalarından danışan siyasi texnoloq bildirib ki, ölkədəki belə sosial-siyasi etirazların səbəbləri çoxdan yetişib. Modest Kolerov bu səbəblər arasında hakimiyyətdaxili qruplar arasındakı mübarizəni də xüsusi qeyd edib: “Hesab edirəm ki, artıq bürokratiya parçalanıb. Hakimiyyətdə təmsil olunanların bəziləri növbəti hakimiyyətin formalaşmasında iştirak etməyə çalışır”.
Rusiyalı politoloq deyir ki, Azərbaycan hakimiyyətinin taleyi Qərbdən asılıdır: “Qərb ən müxtəlif ssenarilərlə bağlı özünün təsir rıçaqlarını hazırlayır”.
Rusiya və Azərbaycan arasındakı münasibətlərin soyuq olmasına gəlincə, Modest Kolerov bildirib ki, əlaqələr Ilham Əliyevin görmək istədiyi səviyyədədir: “Qəti əminəm ki, bu münasibətlər 90 faiz Bakıda formalaşır”.
Siyasi texnoloq “Milyarderlər Ittifaqı”nın fəaliyyətilə bağlı sualı cavablandırarkən deyib ki, bu qurum artıq özünün siyasi rolunu oynayıb: “Bu təşkilat müntəzəm və sistemli iş apara bilməyəcək. Düşünmürəm ki, heç bunu istəyir də…”
Müsahibəsinin sonunda isə Modest Kolerov yaxın gələcəkdə Azərbaycanın indiki iqtidarının aqibətilə bağlı kifayət qədər bədbin proqnozlar verib: “Bu hakimiyyət əgər Qərbin maraqlarına tam cavab verə bilsə, bir müddət qalacaq. Amma mənim heç bir şübhəm yoxdur ki, Azərbaycan hakimiyyəti Mübarəkin taleyini yaşayacaq”.
Siyasət şöbəsi