Ərəb dünyası üsyan püskürür

Diktatorların qanlı əməliyyatları etirazların qarşısını ala bilmir

ABŞ Yaxın Şərqdə inqilabların başlayacağını 6 ay əvvəldən bilirmiş

Tunis və Misir inqilablarından sonra ərəb dünyasını bürüyən xalq etirazlarının davam etdiyi ərəb ölkələrində dünən gərinlik daha da artıb. Xalq cümə namazından sonra yenə küçələrə çıxıb.

Bəhreyndə on minlər küçələrə axışdı

Bəhreyndə indiyə kimi keçirilən etiraz aksiyalarında yaranmış qarşıdurmalarda həyatını itirən etirazçıların dəfn mərasiminə on minlərlə insan qatılıb.
“AFP” agentliyinin xəbərinə görə, paytaxt Manamadan başqa Sitra şəhərində keçirilən dəfn mərasimində Şiə etirazçılar “Nə Şiə, nə Sünni, Milli birlik” və “Sünni Şiə qardaşdır” şüarları səsləndirib. Bəzi etirazçılar da hökumət əleyhinə “xalq rejimin yıxılmasını istəyir” şüarları səsləndirib.

Müxalifət iqtidarı qətliamda suçladı

Bəhreynin ən nüfuzlu Şiə dini lideri kimi tanınan Şeyx Issa Kassem dünənki cümə namazı zamanı polislərin dinc aksiyaçılara qarşı zor tətbiqini “qətliam” adlandırıb və hökumətin dialoq yolunu bağladığını söyləyib.

Yəməndə müxalifətçilərə qumbara atıldı

Yəməndə səkkiz gündür hakimiyyət əleyhinə keçirilən aksiyalar dünən də davam edib. Taiz şəhərində nümayişçilərə naməlum şəxslər tərəfindən hücum olub. Kimliyi bəlli olmayanlardan biri etirazçıların toplaşdığı əraziyə əl qumbarası atıb. 2 etirazçı həlak olub, 25 nəfər isə yaralanıb.

Ədən bələdiyyəsi yandırıldı

Ölkənin cənubundakı liman şəhəri Ədəndə nümayişçilər yerli bələdiyyənin inzibati binasına hücum edib və oranı yandırıb. “Frans Press” agentliyinin yaydığı məlumata görə, 3 nəfər həlak olub, 19 etirazçı yaralanıb. Nümayişçilər 32 ildir hakimiyyətdə olan prezident Əli Abdulla Salehinin istefasını tələb edir.

Avropa hakimiyyətə səsləndi

Avropa Birliyi Yəməndə baş verənlərdən narahatlıq keçirdiyini bəyan edib. Qurumun xarici siyasət məsələləri üzrə ali komissarı Ketrin Eşton tərəfləri təmkinli olmağa və hakimiyyəti xalqla danışıqlar masasına əyləşməyə çağırıb: “Yalnız danışıqlar və müzakirələr ölkədə siyasi və sosial-iqtisadi islahatların inkişafına təkan verə bilər”.
Ketrin Eşton Avropa Birliyinin Yəməndə islahatların keçirilməsi istiqamətində mümkün köməklikləri etməyə hazır olduğunu söyləyib.

Salehi ABŞ səfərindən imtina etdi

Yəmənin “Səba” agentliyi isə prezident katibliyindəki mənbəyə istinad edərək ölkə başçısı Əli Abdulla Salehinin fevralın sonunda ABŞ-a nəzərdə tutulan səfərini təxirə saldığını bildirib. Mənbənin sözlərinə görə, prezidentin səfərinin təxirə salınması son günlər ölkədə davam edən etiraz aksiyalarıyla bağlıdır.

Benqazidə hökumət binaları yandırıldı

Inqilab dalğasının bürüdüyü başqa bir ərəb ölkəsi Liviyanın ikinci böyük şəhəri Benqazidə bir neçə gün əvvəlki aksiyalara polislərin müdaxiləsi nəticəsində həyatını itirən etirazçıların dəfn mərasimi öncəsi bölgəyə əlavə ordu yeridilib. Təhlükəsizlik tədbirləri gücləndirilib.
Bundan başqa, Benqazidə yerləşən həbsxanadan çoxlu sayda məhkum qaçıb. “Kurina” qəzetinin yaydığı məlumata görə, məhbuslar “Əl Kuyfiyə” həbsxanasında bunt qaldıraraq oradan qaçıblar. Məhkumlar həbsxanadan qaçdıqdan sonra şəhərdəki prokurorluq, bir bank və polis idarəsinin inzibati binasını yandırıblar.

Oğul Qəddafi xalqa yardım vəd etdi

41 ildir Liviyaya rəhbərlik edən Müəmmar Qəddafi srağagün paytaxt Tripolidə küçə gəzintisi zamanı hakimiyyət əleyhinə kütləvi etirazlar qarşısında hökumətin geri çəkilməyəcəyini söyləyib.
Rəsmi məlumatlarda bildirilir ki, Qəddafinin paytaxt gəzintisi zamanı onun bir oğlu da ölkənin şərqindəki nümayişlərin mərkəzinə çevrilən Benqazi şəhərinə gedərək təhlükəsizlik qüvvələrilə toplantı keçirib və xalqa maliyyə yardımları olunacağı haqda söz verib.

Əl Bayda Qəddafinin nəzarətindən çıxdı

Fəaliyyətini mühacirətdə davam etdirən liviyalı müxalif qruplar ölkənin şərqindəki Əl Bayda şəhərinin hakimiyyət əleyhdarlarının əlinə keçdiyini bildirib. Liviya Insan Haqları Dirəniş təşkilatının təmsilçisi Cümə Əl Omami də “Reuters” xəbər agentliyinə açıqlamasında Əl Bayda şəhərinin xalqın əlində olduğunu söyləyib.
Ədalət və Həqiqət Komissiyasının üzvü Fəthi Əl Varfali də şəhərin Müəmmar Qəddafi rejiminin nəzarətindən çıxdığını bildirib. Müxalifət təmsilçiləri Əl Bayda şəhərindəki etirazçılara bəzi polislərin də dəstək verdiyini söyləyib.
Liviyanın rəsmi xəbər agentliyi “Jana”nın verdiyi məlumata görə, hazırda Ərəb Birliyinin katibliyini həyata keçirən Liviya gələn ay Iraqda keçiriləcək zirvə toplantısını Ərəb dünyasındakı xalq hərəkatları üzündən təxirə salıb.

İordaniya paytaxtında toqquşma

Iordaniyanın paytaxtı Əmman şəhərində siyasi azadlıqlar və qida məhsullarının qiymətlərinin azaldılması tələbilə mitinqdə hakimiyyət əleyhdarları ilə yandaşları arasında qarşıdurma baş verib. Bölgədə çalışan xarici mətbuat təmsilçilərinin verdiyi məlumata görə, 2000 müxalifətçi ilə 200-ə yaxın hakimiyyət tərəfdarının qarşıdurması nəticəsində 8 nəfər yaralanıb.
Özlərinə “Caayin” (Gəlirəm) adı verən hərəkata qatılan tələbələr konstitusiyanın və mövcud siyasi kursun tamamilə dəyişdirilməsini tələb edir.

Ağ ev ərəb inqilablarını öncədən bilirmiş

Ərəb dünyasını bürüyən inqilab dalğası dünya mətbuatının əsas mövzusuna çevrilib. Müxtəlif media orqanlarında bölgədəki etiraz dalğasının öncədən ehtimal olunub-olunmaması ətrafında müzakirələr başlayıb.
ABŞ-da nəşr olunan nüfuzlu “The New York Times” qəzetinin yazdığına görə, ötən ilin avqustunda Ağ ev rəhbəri Barak Obama öz müşavirlərinə ərəb dünyasındakı qeyri-sabitlik haqda məxfi hesabat hazırlanması barədə göstəriş verib. Hesabatı hazırlayanlar sonda bu nəticəyə gəliblər ki, Bəhreyndən Yəmənə qədər iqtidarların dəyişdirilməsi üçün xalq hərəkatları hazır vəziyyətdədir. Yəni, kiçik bir etirazın avtoritar liderlərə qarşı ümumxalq hərəkatına çevrilmə ehtimalı yüksəkdir.
Ağ ev əməkdaşlarının hazırladığı hesabatda inqilabın başlana biləcəyi ən gərgin nöqtələr göstərilir. Kiçik bir qığılcımla bütün ölkəni bürüyəcək nümayiş mərkəzləri içərisində Misir ən qaynar nöqtə kimi qeyd olunur.

“Mübarəksiz bir həftə” mitinqi

Hüsnü Mübarəkin istefaya getməsindən sonra paytaxt Qahirədəki Təhrir meydanına toplaşan yüz minlərlə insan diktatorun devrilməsinin bir həftəsini qeyd edib. Misirlilər bu aksiyanı “Zəfər və davam cüməsi” adlandırıb.
Ordu isə aksiyaçılara dəstək əlaməti olaraq Təhrir meydanına hərbi ansambl göndərib. Ansamblın ifa etdiyi marşlarla başlanan bayram tədbirinə qatılanlar cümə namazından sonra Misirin ikinci prezidenti Ənvər Sədatın məzarına doğru yürüş edib. Aksiya iştirakçılarından biri bu tip bayram tədbirlərinin hər cümə keçiriləcəyini söyləyib.

Mübarəkin 3 naziri həbs olundu

Bundan başqa, Misir prokurorluğu açıqlama yayaraq, dövlət vəsaitini mənimsədiklərinə görə üç keçmiş nazir və bir tanınmış iş adamının həbs edildiyini bildirib. Turizm naziri Zuhayir Qaran, daxili işlər naziri Həbib əl-Leqal, mənzil-tikinti naziri və polad maqnatı Əhməd Ezz əl-Mağrabi həbs edilib. Onlar vəzifədən sui istifadədə, dövlət əmlakını mənimsəməkdə və s. cinayətlərdə ittiham olunurlar.

İranda “zəhmətkeşlər” mitinqi

Iranda son prezident seçkisində namizəd olmuş müxalifət liderləri Mehdi Kərrubi və Mirhüseyin Musəvi əleyhinə aksiya keçirilib. Konstitusiyanı Qoruyanlar Şurasının baş katibi Ayətullah Əhməd Cənnəti müxalif liderlərin ev dustaqlığına məhkum edilməli olduğunu söyləyib.
Ölkənin hər yerində cümə namazından sonra Kərrubi və Musəviyə qarşı etiraz mitinqi keçirilib. Tehranda baş tutan askiyalarda müxalifət liderlərinin edam olunması tələb edilib.
Iran müxalifətinin yaratdığı “Yaşıl Hərəkat” fevralın 14-də keçirilən Tunis və Misir inqilablarına dəstək aksiyasında həyatını itirən etirazçıların ölümünün yeddinci günüylə bağlı fevralın 20-nə aksiya təyin edib.

Turan