Cəmiyyətimizi bu bataqlıqdan çıxarmaq savaşı verməliyik

Zümrüd Yağmur: «Bu savaşın Azərbaycandakı fironluğu məğlub etməsini istərdim və bundan sevinərəm»

ZƏRİF SİYASƏT

Rubrikamızın qonağı yazıçı Zümrüd Yağmurdu. Gənc yaşlarında elmlər namizədi adını qazanmış bu xanım eyni zamanda ictimai-siyasi həyatda fəallığı ilə də seçilir. Yeri gəlmişkən, bu gün onun “Allah qayıdır?!” romanının təqdimatıdır.

–  Azərbaycandakı durumdan bəhs edən roman yazmısınız. Buna ilkin reaksiya necə oldu?
– “Allah qayıdır?!” romanı siyasi romandır, bu əsərdə bir çox insanların, hakimiyyət piramidasının ən üst qatlarında yer tutan şəxslərin, eləcə də bundan kənarda cəmiyyətimizə yaxşı tanış olan insanların prototipləri var və mən romanda rəmzləşdirməyə az yol vermişəm. Romanda zidd dəyərlərin mübarizəsi və bu mübarizədə avtoritarizmin insanların xarakterinə, şəxsi həyatına gətirdiyi acılar, eləcə də təməli zor və zülmə bağlı bir Krallığın Allahın insanların riya və qorxu ilə qapanmış qəlbinə dönüşü ilə sonda çöküşü əks olunub. Ədəbiyyat tarixin bir parçasıdır və illər sonra bu gün yazılan ədəbiyyat yaşananları, insanların bu dövrdəki ruh halını ortaya qoymaqda yardım edəcək.
Reaksiyaya gəlincə, əsərin cəsarətli, həm də reallığı çox kəskin əks etdirdiyini söyləyir, eyni zamanda insan hisslərinin gözəl təsvir olunduğunu deyir, bəziləri də mənə tövsiyə edir ki, bir az ehtiyatlı olum, ya da əsər haqqında danışmağa qorxur. Təsəvvür edin ki, yazan mənəm, qorxan oxuyanlardı. Bir-iki dəfə də elektron poçtuma hədə dolu məktub yazıblar… Ancaq bu reaksiyalar fonunda mənim üçün əsas olan odur ki, yaşadıqlarımız və inandıqlarımız əsərdə əks olunub və təkcə bu gün üçün deyil, həm də gələcək nəsillərə indiki dövrümüzü anlada biləcək.

– “Allah qayıdır?!” siyasi romandır. Siz həm də köşələrinizdə gündəlik problemlərlə bağlı yazırsız. Bu əsər sizin daxili tələbatınızdan yazılıb, yoxsa bir vətəndaş kimi narazı olduğunuzdan?
– Mən bir neçə dəfə də qeyd etmişəm ki, on il tamam kənara çəkilmişəm və indi yenidən yazıramsa, demək, bu, daxili tələbatdır, bir də narazı olan hər kəs yaza bilmir, hər kəsin narazılığının ifadə forması var. Mən istədiyim işlə məşğulam, eyni zamanda daxilən məni rahatsız edən məsələləri qələmə alıram. Bilirsinizmi, normal cəmiyyətlərdə yazar olmaqla, bizim kimi ölkələrdə yazar olmanın fərqləri var. Bir var yazar təkcə insanların dünyagörüş və zövqünün formalaşması üçün yazsın, bir də var ki, yaşadığı ölkənin problemlərini ədəbiyyata yansıtsın, ya da məsələn, yaradılmış xofun ortadan götürülməsinə yardım etməyi amaclasın.

– Sizin qəhrəmanlar real həyatda var və hətta əsəri oxuyanda personajları tamam tanımaq mümkündür. Xüsusilə siyasilərin obrazları həyatdakı ilə o qədər açıq şəkildə uyur ki, doğrudan da əsər haqqında ilk ağıla gələn “cəsarətli” sözü olur. Bir gün o personajlarla qarşılaşsanız, nə edərsiz?
– Mən o qədər də gizli mesajlar verməmişəm, hətta bir dəfə yazıya şərh yazmış oxuculardan biri qeyd etmişdi ki, bir obrazın gözlərini açıb-qapaması ilə kimliyini elə vermisiniz ki, daha əlavəyə gərək yoxdur.
Əsərdə tək siyasilərin yox, adi, bu gün mübarizə aparan insanların da obrazları var. Bəziləri ilə qarşılaşıram, bəziləri iləsə qarşılaşmaq istəmirəm, əksinə onların bu ölkəni birdəfəlik tərk edib getməsini, nəhayət ki, sahib olduğumuz ölkədə rahat yaşaya bilmək şansını əldə etməmizi istəyirəm.

– Yaxınlarda ədəbiyyatda gedən proseslərlə bağlı bir məqaləniz dərc olunmuşdu, iradlarınız vardı, amma bununla yanaşı sizi tez-tez polemikalarda görmürük, niyə?
– Mən ədəbi prosesləri izləyirəm, amma onu düz qeyd edirsiniz ki, polemikalara az qarışıram, nədən, çünki indi ədəbi proses ədəbiyyat adına aparılmır, daha çox səs-küy, şoulaşdırılmış bayağı reklamlar üzərində sanki ədəbi proses qurmaq istəyi var və mən də bunu ciddi saymadığımdan uzaq durmağa çalışıram. Indi ədəbiyyatda fikir və ədəbi cərəyanlardan daha çox şəxsi münasibətlər zəminində qruplaşmalar var və təəssüf ki, bəzən yazılan əsərlərin dəyəri bir kənarda buraxılaraq qrup təəssübkeşliyi baxımından müzakirələr gedir. Yazar toplumun mənəvi və düşüncə qaynağı olmalıdır, insanların həyata baxışına, dünyagörüşünə yön verməyi bacarmalıdı, əksinə uyğun olmayan polemikalar, şousayağı qalmaqallar ədəbiyyata da, cəmiyyətə də pozitiv heç nə vermir. Bütün bunlardan uzaqda olub daha çox yazmaq, hətta imkan olarsa, hərdən çəkilmək də lazımdır.
Bu gün ədəbiyyatımızda köhnə sövet ədəbi irsinin yeni müasir ədəbi düşüncə ilə əvəzlənməsi gedir və bu prosesdə köhnələrin yeniləri qəbul etməməsi, yenilərin də öfkəli olmaları başa düşüləndir, ancaq yeni nəsil yazarlar bir şeyin fərqində olmalıdır ki, indiki dövrdə öz yaratdıqlarımızla cəmiyyətimizin bədii zövqünün, mənəvi və əxlaqi dəyərlərinin formalaşmasında iştirak edirik. Və bu gün cəmiyyətimizdə formalaşdırmaqda olduğumuz ədəbi tələbat üzərində meydana çıxacaq sifarişlərin necəliyini indidən düşünmək gərəkdir. Baxın, artıq musiqidə belə bir tələbat bayağılıq şəklində ifadə olunur, heç olmasa biz ədəbiyyatımızı bundan qoruya bilək. Bu məsələdə ədəbi tənqidin də üzərinə məsuliyyət düşür. Təəssüf ki, bəzən biri ilə təklikdə danışırsan, səninlə razılaşır, doğrudan da ədəbiyyatdakı xırda intriqalardan, bayağılıqdan narahat olduğunu etiraf edir, amma bunu edən biri ilə rastlaşan kimi dəyişir, indi də başqa cür danışır və mən bunlara şahidilikdən  uzaq olmaq istəyirəm. Biz toplumu riyakarlıqda qınayırıq, amma bunun ədəbiyyata yol açmasına da yardımçı oluruq, elə bil insanlar cibində çox sayda maska saxlayır, qarşılaşdığı adama görə də o maskaları bir-biri ilə əvəzləyir.

“Bir çox yazarlar siyasətə qarışmıram deyib, bununla da xüsusi status qazandıqlarını zənn edirlər”

– Bəs siyasət necə, yazar siyasətə qarışmalıdırmı? Indi bəziləri deyir ki, mən yazaram, siyasətin üstündəyəm, qarışmıram…
– Qəribədir ki, indi bu sualı tez-tez verirlər və doğrudan da bir çox yazarlar siyasətə qarışmıram deyib, bununla da xüsusi status qazandıqlarını zənn edirlər. Təbii ki, yazarın hər hansı bir qurum, partiyanın üzvü olması vacib deyil, heç mən də üzvü deyiləm, amma ədəbiyyat bizim kimi ölkələrdə, avtoritar rejimlərin hökm sürdüyü cəmiyyətlərə siyasətdən uzaq ola bilmir. Avtoritar rejim bir yerdə qalmır, cəmiyyətin bütün sahalərinə, hətta fərdin şəxsi həyatına belə qarışır və yazar nədən yazırsa, gedib siyasətə dayanır, beləcə yazar siyasətə deyil, siyasət yazara qarışır. Digər tərəfdən, yadımdadır, Rus tv-lərində Soljenitsin çıxışlar edirdi və Rusiyanın gələcəyi ilə bağlı strateji mühakimələrini dilə gətirirdi. Son Nobel mükafatçısı Lyosa diktaturaya qarşı savaşır. Bütün bunlar ədəbiyyatın siyasətə qarışması deyil? Vacib deyil ki, romanda siyasi çalarlar olsun, yazar həm də açıqlamaları, danışdıqları ilə gündəmdədir və bunlarda mütləq vətəndaş kimi mövqeyini ortaya qoymalıdır. Kim indi “siyasətə qarışmıram” deyirsə, mən bunu mövqesizlik və cəsarətsizlik kimi dəyərləndirirəm.

– Bir yazar kimi, Sizcə, bu gün ədəbiyyat cəmiyyətimizə nəyi verməlidir və niyə insanlar kütləvi olaraq heç oxumağa ehtiyac da hiss etmirlər, günah kimdədir?
– Məncə, ədəbiyyat cəmiyyətə nəyi verməlidir şəklində məsələni qoymaq doğru deyil, çünki ədəbiyyat insana aid olan hər şeyi özündə ehtiva etməlidir və ədəbi əsərlərin gücü və tutumu insanlara ehtiyac duyduqları dəyərləri, düşüncələri almalarına imkan verməlidir. Xarici dövlətlər müxtəlif fondlar vasitəsilə ədəbiyyatın təbliğinə vəsait ayırır, niyə? Çünki vətəndaşın mənəvi və düşüncə baxımından yetkinləşməsində ədəbiyyat müstəsna rol oynayır. Bizdə isə insan yetişdirilməsinə nəinki diqqət yetirilmir, əksinə hər şey edilir ki, insanlar düşünməkdən, özünü insan kimi hiss etməkdən mərhum edilsinlər. Və nəticə də göz qabağındadır, dediyiniz kimi, ədəbiyyata maraq aşağı həddədir, bu, ədəbiyyatın günahı olmaqdan daha çox, insanları bu hala salan rejimin günahıdır. Yaxınlarda Türkiyə köşə yazarlarından birinin yazısında bir statistika diqqətimi çəkdi. Bir ildə adambaşına oxunan kitab sayı Yaponiyada 25, Ingiltərədə 12, Fransada 7-dir. Azərbaycanda belə bir statistika aparsaq, dəhşətli rəqəm ortaya çıxacağından əminəm.
Təkcə kitablar deyil, qəzetlər də kifayət qədər oxunmur. Bu təhsil sitemi ilə, TV-lərlə və bu cür idarəçiliklə formalaşdırılan cəmiyyətin halı başqa cür ola da bilməz. Indi biz həm də cəmiyyətimizi bu bataqlıqdan çıxarmaq savaşı verməliyik. Dəyişiklik təkcə siyasi bəyanatlarla olmur, biz əgər bu ölkədə dəyişikliklər istəyiriksə, bunda cəmiyyət iştirak etməlidir, amma indiki halda cəmiyyətin yanaşmaları ilə bunu etmək mümkün deyil, düşüncə dəyişməlidir, bu prosesdə də ədəbiyyat iştirak etməlidir.

– Bəlkə oxunmaq üçün bazar nəzərə alınmalıdır, ya da siz necə düşünürsüz, yazar bazarın tələbatını nəzərə almalıdır?
– İndiki hala, olanlara, baş verən dağıntılara baxsaq, mənə görə yox! Bazar bizdən nə tələb edir, bayağılıq, bir az qeyri-etik, bir az vulqar yazılar… Indiki halda toplumun ruh halı budur və kimsə bunu dana bilməz. Buna uyub yazarıqsa, bugünkü populyarlıq adına hərəkət edəriksə, onda nə baş verəcək, biz on ildən sonra necə olacağıq?
Indiki bazarın tələbatına uymaq yox, daha yüksək səviyyəli bir bazarın formalaşmasına çalışmalıyıq. Bu da bizim nəyi necə yazmamızdan asılıdır, oxucunun zövqünü bayağı və vulqar edə də bilərik, yüksək zövqə sahib bir oxucu da yarada bilərik. Hələ ki, bizim ədəbiyyat birincidə özünü daha rahat hiss etməyə başlayıb, çünki indiki halda oxunmaq üçün elə böyük istedad tələb olunmur, bir az səs-küy, bir az vulqarlıq, bir az orijinallıq adına söylənmiş sözlər və sən yazarsan…

– Qadın kimi siyasi yazılar yazmaq, siyasi mövzulardan danışmaq sizə cansıxıcı gəlmir ki?
– Nə bilim, insanın ruh halı dəyişkəndir, bir an olur ki, yorulursan, hər şey içində tükənir, sonra bir anda hər şeyin mərkəzində olmaq istəyirsən. Mən siyasi mövzulardan danışıram, yazıram. Bunlar məni yormur, amma sadəcə bir insan kimi yorulan anlarım olur, təbii. Etiraf edim ki, həyatdan bərk yapışan insanlar görəndə heyrətlənirəm. Biz elə bilirik ki, insan həyatı yaşayır, amma mahiyyətdəsə, həyat insanı yaşayıb bitirir. Ən yaxşısı odur ki, həyatdan yapışmayasan, sadəcə ona qalib gəlməyi öyrənəsən, bunun da müxtəlif formaları var, ya susursan, ya ona ironik yanaşırsan, ya da həyat dediyimiz nə varsa, onların üstünə qalxmağı bacarırsan.

– Siz hansını edirsiniz?
– Baxır mənim ruh halıma, zaman-zaman birindən, sonra elə olur ki, başqasından, nə bilim, müxtəlif olur…

– Məsələn, indi sizi nə sevindirə bilər, nə baş versə?
– Mən “Allah qayıdır?!” romanında sonda Musa ilə Fironun savaşından yazmışam, bu savaş da başlayıb və yenə də məğlub fironlar gözə dəyir, bir yazar, vətəndaş kimi mən də bu savaşın Azərbaycandakı fironluğu məğlub etməsini istərdim və bundan sevinərəm. Bir fərd olaraq sevinməmə gəlincə, bilmirəm… Gərək düşünəm.

Fizzə Heydərli