Mübariz qardaşım, vicdan məhbusu Abgül Süleymanova ithaf olunur!
Vüsal Hüseynzadə
Mübarizə, heç şübhəsiz, İslam portretinin əsas cizgilərindən biridir. Bu aydın məsələdir və bəlkə də aydınlığına görə çox zaman diqqətdən kənarda qalır.
İslamın əsas prinsipi olan tövhid cümləsi “yox” sözü ilə başlayır. “La ilahə illəllah” – yəni “Yoxdur tanrı Allahdan başqa”; hərfi tərcüməsi məhz belədir. Allahı qəbul etmək üçün öncə digər tanrılardan imtina etməlisən. Yəni İslam dini mübarizə ilə, tanrılıq iddiasında olan bütün qüvvələrə qarşı üsyanla başlayır.
Qurani-kərimdə uyğun iddianı isbat etmək üçün eyni məzmunlu bir sıra ayələr vardır. Allah-Taala bu ayələrdə Özünə ibadəti əmr edərkən və bəzən hətta Özünə imandan öncə tağutlardan – Allaha rəqib olan hər bir qüvvədən uzaq durmağı tapşırır. Nümunə üçün Bəqərə surəsinin 256-cı ayəsində deyilir: “Kim tağutu inkar edib Allaha iman gətirsə, o, artıq ən möhkəm bir ipdən yapışmış olur”. Yəni doğru yola çıxmaq üçün öncə tağutu inkar etmək və sonra Allaha iman gətirmək lazımdır.
Tağut nədir? Tağut – şeytan, büt, nəfs, cahil adət-ənənələr, tanrılıq iddiasında olan hər hansı bir kəs, aşkar və ya gizli şəkildə tanrılıq edən zalım hakim – xülasə, insanı Allaha doğru yolla getməkdən çəkindirən, qarşısında maneələr yaradan və vəsvəsələr edən qüvvə – insan, əşya, sistem, şərait, bir sözlə, hər bir şeydir. Təbii ki, tağutu rədd etmədən Allaha kamil imandan söhbət gedə bilməz. Bu isə mübarizə deməkdir. Allah Ona sarı getmək istəyənləri mübarizəyə, inkara və etiraza çağırır: “Biz hər bir ümmətə: “Allaha ibadət edin, tağutdan çəkinin! – deyə peyğəmbər göndərmişik” (Nəhl surəsi, ayə 36).
Bəllidir ki, mübarizə olmasaydı, bu gün nə dindən əsər-əlamət qalardı, nə də kimsə Allahı tanıyardı. Dinlər, eləcə də İslam dini peyğəmbərlər başda olmaqla dəyərli mübarizlərin sayəsində yaşamış və günümüzədək gəlib çatmışdır. İslamın birinci mübarizi Peyğəmbərimizin (s) özüdür. O bu mübarizədə olmazın əzablara dözdü, çətinliklərə sinə gərdi, fiziki və psixoloji təzyiqlərlə üzləşdi, dəfələrlə ölüm təhlükəsinə məruz qaldı, lakin yolundan, mübarizəsindən dönmədi. Bu gün İslam dünyası həm də erkən İslam çağının mərd oğullarına, Bədr, Ühüd və digər döyüşlərdə az sayla böyük qoşunları məğlub edən fədakar səhabələrə, igid əsgərlərə borcludur.
Adəm oğlunun mübarizəsi əslində yaxşını-pisi dərk etdiyi andan başlayır. İslama görə, insan olmaq və insan yaranmaq çox məsuliyyətli məsələdir. İnsan yaranmısansa, demək qarşında böyük vəzifələr durur və sən hər bir şey üçün məsuliyyət daşıyırsan; imanın, sağlamlığın, ailən, cəmiyyətin, ölkən, dünyan üçün. İslam bütün bu məsuliyyətləri nəzərə alaraq, səni daimi mübarizəyə səsləyir. Bu, nəfsinlə mübarizədən tutmuş, dünyanın o başında nahaq yerə ayağı tapdanan insanı müdafiəyə qədər çox geniş bir spektri əhatə edir: “(Ey müsəlmanlar!) Sizə nə olub ki, Allah yolunda, (zalımların əlində) aciz qalmış kişilər, qadınlar və uşaqlar uğrunda vuruşmursunuz?” (Nisa surəsi, ayə 75).
Hər cəhətdən kamil olan İslam dini insanları ədalətə, düzgünlüyə, mərhəmətə, insafa, dünya və axirətin təmin olunduğu ideal cəmiyyətə dəvət edərkən təbii ki, kimlərinsə bu dəyərlər əvəzinə zülmə, ayrıseçkiliyə, hiyləyə, rüşvətə, oğurluğa meyl salacağını, doğru yolla gedənlərin önündə əngəllər yaradacağını proqnozlaşdırmışdır. İslamın kamil din olduğunu deyiriksə, deməli, onun bu hallara qarşı da proqramı vardır. Bəli, İslam dini bütün müsəlmanları sözügedən qüvvələrə və insanlara qarşı mübarizəyə çağırır. Ağlın kəsəndən ölənə qədər nəfsinlə mübarizədən əlavə, ailəndə, qonşularında, şəhərində, ölkəndə və dünyanın hər hansı bir yerində zalımlara, ədalətsizlərə, oğrulara, rüşvətxorlara, insanlar arasında ayrıseçkilik salanlara, hegemonluq edənlərə, insanları aldadanlara, əyri yola çəkənlərə, başqasının malını-mülkünü əlindən alanlara, evini uçuranlara, özlərini xalqdan üstün və xalqı özlərinə qul sayanlara, adam öldürənlərə, adam oğurlayanlara, Allahın yolunu bağlayanlara, insan cildinə girmiş şeytanlara, canavarlara, çaqqallara qarşı mübarizə aparmalısan. Bu sənin insanlıq missiyan və dini borcundur.
İslamda tərki-dünyalıq yolverilməzdir. İnsan namaz, oruc və digər fərdi əməllərlə yanaşı, cəmiyyət və bəşəriyyət qarşısındakı vacib əməllərini də yerinə yetirməlidir. İslamda vacib buyurulan yaxşı işlərə dəvət etmək, pis işlərdən çəkindirmək, cihad, dini müdafiə, məzlumları müdafiə, Allahın dostları ilə dost, düşmənləri ilə düşmən olmaq və digər bu kimi göstərişlər və onlardan irəli gələn yüzlərlə, minlərlə vəzifə bunu deməyə əsas verir. İslamın söz verdiyi ədalətli cəmiyyətdə yaşamasını, övladlarının sağlam cəmiyyətdə böyüməsini, itirilmiş heysiyyətinin qaytarılmasını, tapdanmış haqlarının bərpasını istəyən, təhqir altında, başıqapazlı və kölə halında qalmaq istəməyən, quldarlıq və feodalizm quruluşlarından, monarxiyadan, avtoritorizmdən, diktaturadan yaxa qurtarmaq istəyən hər bir kəs mübarizəyə qoşulmalıdır. Əks təqdirdə, heç bir şey dəyişməyəcək: “Hər hansı bir tayfa öz vəziyyətini dəyişmədikcə, Allah onun vəziyyətini dəyişməz” (Rəd surəsi, ayə 11).
Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.