“Azərbaycan gənclərinin tələblərinə su vuran maşınlarla yox, real siyasi-iqtisadi islahatlarla cavab verilməlidir”
ABŞ-da təhsil alan bir qrup azərbaycanlı tələbə ölkə başçısı İlham Əliyevə müraciət edib. Müraciətdə deyilir:
“Biz, ABŞ-da təhsil alan azərbaycanlı gənclər və tələbələr ölkəmizdə gedən prosesləri diqqətlə izləyirik. Son vaxtlar ölkəmizdə cərəyan edən hadisələr bizləri çox narahat edir. Azərbaycanın gələcəyinin gənclərin əlində olduğu və ölkənin sağlam gəncliyə ehtiyac duyduğu hamıya məlumdur. Bu gün ölkəmizdə gəncləri narahat edən xeyli sayda problemlər mövcuddur. Onları aşkar etmək və həlli yollarını göstərmək gənclərin əsas vəzifələrindəndir. Bütün sivil ölkələrdə olduğu kimi Azərbaycanda da gənclər hadisələrin önündə gedir.Lakin biz onlara qarşı haqsızlıqları görüb susa bilmirik.
Son günlər Azərbaycanda gəncləri sivil ölkələrdə qəbul olunmayan repressiv üsullardan istifadə etməklə susdurmağa çalışırlar. Onlara böhtan atılır və həbs edirlər. Heç bir əsası olmayan və bizlərdə gülünc doğuran ittihamlarla Azərbaycanın gələcəyi dəmir barmaqlıqlar arxasına atılır. Gənclərin haqlı tələbləri suvuran maşınlarla və rezin güllələrlə qarşılanır. Belə hallar hər bir Azərbaycan vətəndaşında olduğu kimi, bizlərdə də dərin təəssuf hissi yaradır. Biz Azərbaycanın gələcəyini həbsxanalarda deyil kitabxanalarda, universitetlərdə görmək istəyirik. Bu gün Azərbaycanın savadlı, intellektual gəncliyi repressiyalara məruz qalır.
Cənab İlham Əliyev.
ABŞ-da təhsil alan gənclər Azərbaycanın problemlərini bilir və bunların həllində ölkəmizə dəstək olmaq niyyətindədir. Biz prosesləri sadəcə kənardan izləməklə kifayətlənmirik. Azərbaycanla təmaslar qurub, ölkəmizin üzləşdiyi problemləri aşkar edib, onların həllində ölkəmizə kömək etməyə çalışırıq. Xaricdə yaşayan hər bir azərbaycanlının borcu vətəninin problemlərinə biganə qalmamaqdır. Bu gün ən prioritet problemlərdən biri məhz gənclərin tələb və istəkləri ilə bağlıdır. Onların tələblərinə biganə yanaşmaq səhv addımdır. Əgər hazırkı durum belə davam edərsə, ölkəmiz ciddi təhlükələrlə üz-üzə qalacaq. Dünya təcrübəsi göstərir ki, gənclərin tələblərinin qarşısını repressiyalarla almaq qeyri-mümkündür. Biz, ABŞ-da təhsil alan azərbaycanlılar sizdən Azərbaycanda həbs olunmuş gənclərin dərhal azad olunmasını xahiş edirik. Sivil ölkələrdə olduğu kimi, dövlətimizin yüksək vəzifəli şəxslərini də tənqidə açıq olmağa çağırırıq. Azərbaycanın gələcəyi icra başçıları, polis rəisləri deyil, Azərbaycan gəncliyidir. Azərbaycanda yaşayan gənclərin tələblərinə su vuran maşınlarla deyil, real siyasi-iqtisadi islahatlarla cavab verilməlidir. Sizi “Mən hər bir azərbaycanlının prezidenti olacağam” sözlərinizi unutmamağa və bu sözləri Azərbaycan gəncinə də şamil etməyə çağırırıq. Sizi gəncləri dinləməyə çağırırıq. Hüquq mühafizə orqanları tərəfindən haqsız yerə həbs olunmuş gənclərin dərhal azad olunmasını sizdən bir ölkə başçısı kimi xahiş edirik. Biz, xaricdə təhsil alan azərbaycanlı tələbələr ölkəmizin umummilli problemlərinin həllinin yalnız danışıqlardan, əməkdaşlıqdan keçdiyinə inanırıq. Sizi Azərbaycan xalqı ilə əməkdaşlığa və gəncləri həbsdən azad etməyə çağırırıq. Xaricdə təhsil alan azərbaycanlıların xahişini yerə salmayacağınıza ümid edirik. Novruz bayramı ərəfəsində gənclərin azad olunması bizi çox sevindirərdi”.
Müraciəti imzalayanlar:
Emil İsmayil
Vüqar Əzizov
Yaşar Xudiyev
Esmira Əsgərova
Nabat Mahmud Türk
Aymira Qafarova
Sənan Abdullayev
Mehriban Nəsib
Cəlal Kələntərov
Ülkər İsmayılova
Elnur Paşa
Bəhruz Əliyev
İlyas Nağıyev
İlhamə Allahverdiyeva
Avtandil Allahverdiyev
Kənan Əlibəyov
Elturan Rüstəmli


